Məlum olduğu kimi, taksi minik avtomobillərinə dair təsdiq edilən tələblərdə taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib. Taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil edilir.

Bəs, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs avtomobilinin rəngini ağ və qırmızıya dəyişdirə bilərmi?

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, taksilərlə bağlı yeni tələblər cəmiyyətdə bir az yanlış anlaşılıb.

O xatırladıb ki, taksilərdə ağ və qırmızı rəngin məcburililiyi yalnız iyulun 1-dən sonra Azərbaycana idxal olunacaq və yaxud da Azərbaycanda istehsal olunacaq avtomobillərə aiddir:

"Məsələn, bu dəqiqə taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsin hazırda idarə etdiyi avtomobilinin rəngi qaradırsa, əgər digər kriteriyalara cavab verirsə, buraxılış kartını alıb işləyə biləcək. Yəni heç bir dəyişikliyə ehtiyac yoxdur. Tələblər yalnız iyulun 1-dən sonra Azərbaycana gətirilən avtomobillərə aiddir. Əgər şəxs avtomobildən taksi kimi istifadə edəcəyini fikirləşirsə, xaricdəki istehsalçıdan, yaxud da Azərbaycanda avtosalondan ağ və qırmızı rəngdə avtomobil alacaq. Yəni qara və yaxud digər rənglərdə maşın alıb ağ və ya qırmızıya boyamağa ehtiyac qalmayacaq".

Bəs avtomobilin rənginin dəyişdirilməsi üçün tələb olunan rüsum nə qədərdir?

Ə.Hüseynov avtomobilin rənginin dəyişilməsi üçün qanunvericilikdə çox sadə prosedur olduğunu xatırladıb: "Taksi, fayton, limuzin olmasından asılı olmayaraq, istənilən avtomobilin rənginin dəyişdirilməsi üçün qanunvericilikdə çox sadə prosedur mövcuddur. İxtisasdaşdırılmış təmir müəssələrində avtomobilini yeni rəngə boyadırsan. Avtomobilin rənginin dəyişdirilməsi ilə bağlı həmin yerdən arayış verilməlidir. Lakin bu, hələ birbaşa qanunvericilikdə nəzərdə tutulmayıb. Həmin arayışı da götürüb Dövlət Yol Polisinə müraciət etmək lazımdır. Rəsmi dövlət rüsumu isə 60 manatdır".

Xatırladaq ki, rəng dəyişdirildikdən sonra həmin nəqliyyat vasitəsi DYP-nin qeydiyyat məntəqələrində müayinə olunmalıdır. Həmin müayinələrdən sonra nəticələrdən asılı olaraq nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində rənginin dəyişdirilməsi ilə bağlı qeydlər aparılmalıdır. Belə ki, avtomobilin rəngi dəyişdirilərkən onun həm qeydiyyat şəhadətnaməsində, həm də texniki uçot kartında qeydiyyat, yəni dəyişiklik aparılır. Bu dəyişiklik isə avtomobilin rəngləndiyi təmir müəssisəsinin verdiyi arayış əsasında həyata keçirilir. Arayışda avtomobilin əvvəlki və indiki rəngləri barədə məlumat verilir və rənglənmənin burda aparıldığı göstərilir.

Zəruri qeyd: 1 iyul 2024-cü ildən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. Rəsmi məlumata görə, bu tələb 1 iyul 2024-cü ilədək müraciət edənlərə tətbiq edilmir. Misal üçün, avtomobiliniz 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət etmisinizsə, 3 illik icazə alacaqsınız. Bu halda rəng tələbi tətbiq edilmir.

Sadiq Cavadov