"Abşeron yarımadasında bağların, parkların suvarılmasında içməli sudan istifadə olunur. Su böhranının hökm sürdüyü bir dönəmin astanasında su israfçılığı yolverilməzdir".

Bunu İqtisadiyyat.az-a açıqlamasında hidroloq Rövşən Abbasov deyib.

Onun sözlərinə görə, ölkənin su ehtiyatını artırmaq üçün alternativ su mənbələrdən istifadəyə ehtiyac var:

"Hazırda ölkəmizin 23 milyard kubmetr su ehtiyatı var. Sadəcə olaraq 8 milyard kubmetrə yaxın su ehtiyatı Azərbaycan ərazisində yerləşir. Bu isə çox aşağı göstəricidir. Ona görə də alternativ su mənbələrindən istifadə edilməsi qaçılmazdır. İlk növbədə, kənd təsərrüfatında istifadə olunmuş suların duzsuzlaşdırılaraq yenidən istifadəsinə imkan yaradan mexanizmlər hazırlanmalıdır. Çünki ölkəmizdə torpaqlar drenaj olunur. Yəni torpağı qurutmaq üçün qrunt və ya axıntı suları süni yolla axıdılır. Suvarmadan sonra kollektor kanalları vasitəsilə toplanan sular Xəzər dənizinə atılır. Halbuki Xəzər dənizinə atılan bu suların yenidən istifadəsi üçün potensial var. Bu sulardan istifadə etməklə təbiəti də qorumaq olar". 

R.Abbasovun fikrincə, su qıtlığının qarşısını almaq üçün Xəzər dənizinin duzsuzlaşdırılmasının böyük potensialı var. Bu, ilk növbədə Abşeron yarımadası üçün alternativ su mənbəyi ola və su stressinin qarşısını ala bilər:

"Abşeron yarımadasının su mənbələri yoxdur və bu əraziyə su uzaq məsafələrdən gətirilir. Xəzər dənizinin suyunun duzsuzlaşdırılması nəticəsində sözügedən ərazi üzrə daşınma zamanı yaranan itkilərin qarşısını almaq mümkündür. Onu da qeyd edim ki, Abşeron yarımadasında bağların, parkların suvarılmasında istifadə olunan sular içməli sulardır. Gələcəkdə təmizlənmiş, məişət çirkab sularının bu ərazilərin suvarılmasında istifadəsinə keçidi təmin etmək lazımdır". 

Gülşən Şərif