Çox yaxında, 14 may 2023-cü ildə Türkiyədə prezident seçkiləri keçiriləcək. Ən yüksək dövlət postuna dörd namizəd var, lakin əsas mübarizə Rəcəb Tayyib Ərdoğanla birləşmiş müxalifətin namizədi Kamal Kılıçdaroğlu arasında gedəcək. Səsvermənin fəallıqla baş tutması və birinci turda başa çatması ehtimalı çox yüksəkdir. 

Gəlin, indiki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəldiyi illərdən bu günə qədər baş verən iqtisadi prosseslərə yenidən nəzər salaq.

 

Türkiyə iqtisadiyyatı necə və hansı şəkildə dəyişdi? 

 

Rəcəb Tayyip Ərdoğan və “Ədalət və İnkişaf Partiyası” (AKP) 2001-2002-ci illərin iqtisadi böhranı fonunda hakimiyyətə gəldi. Onun partiyası parlament seçkilərində böyük fərqlə qalib oldu. 550 mandatdan 363-nü qazandı və bu, parlamentin formalaşmasına imkan verdi. On ildən sonra ilk dəfə bir partiyalı hökumət yarandı və başqanları da İstanbulun keçmiş meri Rəcəb Tayyib Ərdoğan oldu. Baş nazir və komandası ölkədə yığılıb qalmış bir çox problemləri, ilk növbədə, iqtisadi problemləri həll etməli idi.

Beləliklə, cəmi bir il ərzində ölkə iqtisadiyyatı dəyişdi. 2000-ci ildə dövlətin ÜDM-i 274 milyard dollar idisə, 2001-ci ildə bu rəqəm cəmi 201 milyard dollar oldu. Nəticədə böyük xarici ticarət kəsiri yarandı - ölkə ixrac etdiyindən təxminən iki dəfə çox idxal etdi və xarici borc 23 milyard dollara yüksəldi. İqtisadiyyatın vergi yükü o qədər yüksək idi ki, sahibkarlar gəlirlərinin az qala yarısını dövlətə verməli oldular.

 

 

Ərdoğan ölkəni xilas etmək üçün sənaye və turizmin inkişafına arxalandı. Bundan əlavə, Türkiyə pul islahatı həyata keçirdi ki, bu da inflyasiyanı azaltmağa imkan verdi. Türkiyədə məhsullarının 85 faizindən çoxunu ixrac edən şirkətlər üçün xüsusi vergi şərtlərinin mövcud olduğu bir çox azad iqtisadi zonalar (AİZ) açıldı və biznes güzəştli kreditlərə çıxış əldə etdi.

İqtisadi transformasiya 2014-cü ildə Ərdoğan prezident seçkilərində qalib gələrək, baş nazir postunu dövlət başçısı postu ilə əvəz etdikdən sonra davam etdi. Ölkənin Statistika İnstitutunun məlumatına görə, 2022-ci ilin sonunda Türkiyənin ÜDM-i illik 5,6 faiz artaraq, adambaşına 10,6 min dollara çatdı.

 

Sənayeyə qoyulan investisiyalar da öz bəhrəsini verdi

 

Cari qiymətlərlə 2022-ci ildə ÜDM 2021-ci ilə artaraq, 15,6 trilyon lirə (905 milyard dollar) təşkil etdi. ÜDM-ə nisbətdə maliyyə və sığorta sektorunun artımı 21,8 faiz, xidmət sektorunda 11,7 faiz, informasiya və rabitə xidmətlərinin artımı 8,7 faiz qədərində qeydə alındı.

Ticarət balansı ilə bağlı vəziyyət də yaxşılaşdı. Hətta bu ilin yanvar ayının əvvəlində Ərdoğan bildirdi ki, son 20 ildə Türkiyənin ixracı 7 dəfə artaraq 36 milyard dollardan 254,2 milyard dollara qalxıb. Lider bununla kifayətlənməyərək Türkiyəni dünyanın ilk 10 ixracatçı ölkəsinə daxil etməyi planlaşdırır.

Çıxışlarının birində ölkə başçısı müdafiə sənayesində layihələrin sayının 62-dən 750-yə, şirkətlərin sayının isə 56-dan 2700-ə yüksəldiyini bildirib:

 

 

“Biz hakimiyyətə gələndə (2002-ci ildə) 5,5 milyard dollar dəyərində müdafiə layihələri həyata keçirilirdi. Bu gün bu rəqəm 60 milyard dolları keçib. Və tender mərhələsində olan layihələri nəzərə alaraq, müdafiə sənayesi büdcəsini 75 milyard dollara çatdırmaq üzrəyik”.

Hazırda bir sıra dünya ölkələri Ərdoğana olan etimadını və etibarını əyani şəkildə də göstərib. Hətta ona Türkiyənin ikinci Atatürkü deyənlər də var. Ərdoğan Türkiyəyə yaxın bir sıra ölkələri öz maraqlarının perimetrinə daxil etməklə pantürk dünyası ideyasını inkişaf etdirə bildi. Ərdoğan dövründə Türkiyənin iqtisadi siyasətində mühüm iqtisadi irəliləyişlər əldə olundu. Sənaye və kənd təsərrüfatının inkişafı proteksionizmin qismən üsulları və kreditin mövcudluğunu təmin etmək səyləri ilə dəstəkləndi. Ümumiyyətlə, Türkiyə iqtisadiyyatı böyük ölçüdə şaxələndi.