Ölkəmizdə lombardlarda kredit faizləri olduqca yüksək olsa da, əksər vətəndaşlar məcburiyyətdən bu xidmətdən yararlanırlar. Lombard krediti sahəsində ciddi nəzarət mexanizminin yaradılacağı ilə bağlı müzakirələr açılsa da, hələ ki, buna yekun vurulmayıb.

İqtisadçı Xalid Kərimli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, son 4 il ərzində lombardların fəaliyyətinə nəzarət müxanizmi ilə bağlı müzakirələr olsa da, müəyyən maraq qrupları qanunun qəbul edilməsinə imkan vermir. 

O xatırladıb ki, ümumilikdə lombardların fəaliyyəti ilə bağlı 1998-ci ildə Nazirlər Kabineti tərəfindən "Lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları" təsdiq olunub. Bu qaydalarda lisenziyanın verilməsi, onun mahiyyəti, müddəti, surəti, qüvvədə olma qaydaları, ona nəzarət, məsuliyyət, lisenziyanın fəaliyyətinin dayandırılması və ləğv edilməsi şərtləri əksini tapıb. Yəni lombardlar qanunsuz fəaliyyət göstərmir və müəyyən qanunvericilik bazası var:

Lombardlarda kredit faizi niyə yüksəkdir?

"Lombardın fəaliyyəti ölkə iqtisadiyyatına müəyyən mənada təsir edir. Lombardlarda kredit faizinin yüksək dərəcəsinə gəlincə, vətəndaş daha ucuz kredit faizi ilə vəsait əldə etmək istəyirsə, kommersiya banklarına müraciət edə bilər. Heç kim vətəndaşı məcbur etmir ki, lombarda üz tutsun. Ümumiyyətlə, pulun faiz dərəcəsini bazar müəyyənləşdirməlidir. Dövlətin kommersiya banklarının kredit faizlərini aşağı sala bilmədiyi halda, lombardlarda kredit faizini aşağı salmağa çalışması doğru yanaşma olmaz. Əgər lombardın kredit faizi yüksəkdirsə, deməli, bunu bazar müəyyən edib. Ölkədə lombardların sayı artırılarsa, bu halda kredit faizləri aşağı düşəcək".

X.Kərimli hesab edir ki, lombardın fəaliyyətinə məhdud qoyulması və ya faiz dərəcələrinə müdaxilə edilməsi sələmçilərin aktivləşməsinə yol aça bilər. Sələmçilik isə qeyri-qanuni fəaliyyət növüdür.

İqtisadçı Razi Abasbəyli isə İqtisadiyyat.az-a açıqlamasında bu gün ölkəmizdə lombardların fəaliyyətini qanunsuz hesab edib. O, bu yanaşmasına səbəb kimi lombardların fəaliyyəti ilə bağlı hər hansısa qanunun qüvvədə olmadığını gətirib. 

Lombardlarla bağlı nəzarət mexanizmi sərtləşdirilməlidir

İqtisadçının sözlərinə görə, istənilən fiziki və ya hüquqi şəxs kredit verən təşkilat kimi fəaliyyət göstərsə də, bu təşkilatın formalaşmasında nə "Banklar haqqqında" qanun, nə də bank olmayan kredit təşkilatları kimi hansısa qanunla tənzimlənir: "Bundan başqa, lombardlarda girov siyasətinin həyata keçirilməsi də tənzimlənməyən formadadır. Lombardlar təklif olunan kreditin ikiqat artıq dəyərində girov tələb edir. Lakin lombarddakı girovlar heç bir halda sığortalanmır. Bu, o deməkdir ki, istənilən vaxt girovlar mənimsənilə bilər və vətəndaş həmin girovunu geri ala bilməz. Eyni zamanda aylıq ödənişlər üzrə gecikmələr hesablandıqda hansı mexanizmlərdən istifadə olunduğu naməlumdur". 

Girovların saxlanma şəraiti və qaytarılması ilə bağlı mübahisələrə toxunan iqtisadçı vurğulayıb ki, problemin hüquqi müstəvidə tənzimlənməsinə əsas verəcək qanunlar yoxdur:

"Bu gün sözügedən bazarda böyük xaos hökm sürür. Görünür, xırda və çox sayda olan lombardlar artıq şəbəkələşmiş bir formada fəaliyyət göstərir. Ona görə də qanunun qəbul olunması gecikir. Halbuki lombardlarla bağlı qanun tezliklə qəbul edilməlidir. Çünki söhbət kifayət qədər böyük dövriyyədən və kredit hesabatlılığı olmayan bir sistemdən gedir. Nəzərə alaq ki, kredit faizləri ilə bağlı ciddi narazılıqlar da mövcuddur. İlk baxışdan lombardların verdiyi kredit faizlərinin aşağı olması təəssüratı yaranır. Baxmayaraq ki, lombardlar aylıq 3 faiz, illik isə 36-40 faizə başa gələn kreditlər təklif edir. Bu cür fəaliyyət forması Cinayət Məcəlləsində fiziki və hüquqi şəxslər üçün sələmçiliyin qanunla nəzərdə tutulmayan qaydası kimi qəbul oluna bilər. Ölkəmizdə lombardların fəaliyyəti milli iqtisadiyyata heç bir xeyir vermir. Ona görə ki, fiziki və ya hüquqi şəxslər müstəqil formada fəaliyyət göstərirlər. Bu şəxslərin maliyyə hesabatlığı mövcud deyil. Sadəcə bu prosesə qismən Mərkəzi Bank tərəfindən nəzarət edilir".

Vətəndaşlar lombardçıların dələduzluğundan necə qoruna bilər?

Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, lombardlarla bağlı sahəni tənzimləyən konkret qanun olmasa da, bu kredit təşkilatları həm mülki, həm də cinayət sahəsində hüquqpozmalara görə Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Yəni vətəndaşlarla lombard arasındakı münasibətlər müqavilə ilə tənzimlənir. 

"Əgər lombard müqavilədə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirmirsə, bu halda vətəndaş müqavilə öhdəliyinin yerinə yetirilməməsi ilə bağlı mülki qaydada iddia qaldıraraq dəymiş ziyanın əvəzini tələb etmək hüququna malikdir. Bundan başqa, lombard fəaliyyətini həyata keçirən subyekt vətəndaş(lar)a qarşı dələduzluq, yaxud başqa cinayət tərkibli əmələ yol veribsə, bu halda da vətəndaşlar hüquq-mühafizə orqanına müraciət edərək onların məsuliyyətə cəlb edilməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb edə bilərlər". 

Gülşən Şərif