"Azərbaycanda süni brilyanta tələbat hələlik geniş yayılmayıb. Lakin qarşıdakı 5-10 il ərzində ölkədə süni brilyantdan istifadənin geniş yayılması gözlənilir".

Bu sözləri İqtisadiyyat.az-a "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin sədri Toğrul Abbasquliyev deyib.

O, brilyantın almazın emal olunmuş variantı olduğunu, keyfiyyət baxımından isə təbii və süni brilyantlar arasında heç bir fərqin olmadığını  söyləyib.

T.Abbasquliyevin sözlərinə görə, sadəcə olaraq süni brilyantlar daha ucuzdur: "Süni brilyantlar, əsasən, zavod və fabriklərdə bir neçə üsuldan istifadə edilərək süni şəkildə hazırlanır. Dünyada süni brilyantlara daha çox üstünlük verilir. Çünki keyfiyyət və görünüş cəhətdən təbii brilyantdan fərqlənməsə də, qiyməti 20-30 dəfə daha ucuz olur. Ona görə də süni brilyantlara tələbat getdikcə artır. Ölkəmizdə isə süni brilyanta olan maraq yeni bir istiqamətdir və alnız müəyyən brendlər süni brilyantdan istifadə edir". 

Süni brilyantın dünyada sintetik almaz kimi qəbul olunduğunu vurğulayan iqtisadçı Razi Abasbəyli isə İqtisadiyyat.az-a bildirib ki, qiymətli daş ilk dəfə 1953-cü ildə İsveçdə istehsal edilib və Asiya kooperasiyası tərəfindən istifadə olunub. 

İqtisadçı da hazırda Avropa ölkələrində süni brilyantdan istifadənin geniş yayıldığını xatırladıb: "Sovet dövründə isə 1970-ci ildən sonra süni brilyantın hazırlanmasına başlanılıb. Bu brilyantdan daha çox sənayedə, elektronika, optika və rabitə sahələrində istifadə olunur. Süni brilyantla təbii brilyantın tərkibi eynidir. Süni brilyantdan xüsusən də güclü kompüterlərdə və mikro çiplərin daxilində istifadəyə yer verilir. Dünyanın iri kooperasiya şirkətləri kompüterlərin əsas baza yaddaşlarının avtomatik olaraq genişlənməsini süni brilyant vasitəsilə həyata keçirməyi planlaşdırır. Əgər bu metoddan istifadə olunarsa, süni brilyantlara tələbat ciddi şəkildə artacaq". 

Azərbaycanda süni brilyanta olan marağa gəlincə, iqtisadçı ölkəmizdə də süni brilyantın istehsal olunmasının vacibliyini qeyd edib: "Sadəcə olaraq süni brilyantın istifadə olunduğu sahələri də inkişaf etdirməyə ehtiyac var. O bildirib ki, yeni iqtisadi texnologiyalar dövründə süni brilyanta ehtiyac kifayət qədər yüksəlib. Optik şüşələrin hazırlanmasında süni brilyantdan toz halında istifadə olunur. Təəssüf ki, Azərbaycanda optik şüşə və linzalar istehsal olunmur. Bundan başqa, ölkəmizdə kütləvi kompüter istehsalı mövcud deyil. Xüsusən də güclü və böyük kompüterlərin istehsalı yoxdur. Yüksək keçiriciliyi olan məftil və naqillərin tərkibində də süni brilyantdan istifadə olunur. Lakin Azərbaycanda bu cür naqil istehsal olunmur. Bu baxımdan daxili bazarda süni brilyantdan yalnız zərgərlik məmulatlarında istifadə etmək mümkündür. Hətta son dövrlər süni brilyanta tələbat da müşahidə olunur. Nəzərə alaq ki, təbii brilyantla müqayisədə süni brilyantla işləmək zərgərlər üçün daha əlverişlidir"

R.Abasbəyli hesab edir ki, Azərbaycan istehsal edəcəyi süni brilyantı yalnız dünya bazarında satışa çıxara bilər: "Xüsusən də Rusiya bazarına xammal satışı ölkəmiz üçün əlverişlidir. Rusiyada yüksək keçiriciliyi olan naqillər, optik şüşələr və linzalar istehsal olunur, o cümlədən tibbi avadanlıqlarda süni brilyantdan istifadəyə üstünlük verilir. Azərbaycan süni brilyant istehsal edərək yüksək məbləğli gəlir əldə edə bilər".

Gülşən Şərif