Dənizkənarı Milli Parkın bəzi ərazilərində döşəmə örtüyü yararsız hala düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bulvarın bəzi hissəsində daş döşəmələr sıradan çıxıb.

Buna səbəb isə döşənmiş plitələrin istismar müddətinin başa çatmasıdır. Bu isə bulvar ərazisində gəzintiyə çıxan şəxslərin hərəkətinə maneələr yaradır. 

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinə sorğu ünvanladıq. İdarənin mətbuat katibi Əfsanə Mehdiyeva İqtisadiyyat.az-a bildirib ki, sözügedən məsələdən xəbərdardırlar.

Onun sözlərinə görə, artıq ərazidə təmir-bərpa işlərinə başlanılıb.

Qurum sözçüsü bildirib ki, təmir işləri qısa zaman ərzində yekunlaşacaq və bununla da mövcud problem aradan qaldırılacaq.

Xatırladaq ki, ötən ilin sentyabrında Dənizkənarı Bulvar İdarəsi parkın bəzi ərazisində döşəmə örtüyünün dəyişdirilməsi ilə bağlı açıq tender keçirib. 7 min ədədə yaxın beton tava daşlarının dəyişdirilməsi üçün “Vibrostone” şirkətinə 235,504 min manat ödəniş edib.

Sadiq Cavadov