Azərbaycana xaricdən pul köçürmələri azalıb. Mərkəzi Bankın açıqladığı məlumata görə, 2023-cü ildə Azərbaycana 1 milyard 655 milyon ABŞ dolları məbləğində pul baratları daxil olub. Bu da 2022-ci illə müqayisədə 54,3 % azdır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti, iqtisadçı-ekspert Vüqar Oruc İqtisadiyyat.az-a deyib ki, bu yaxınlarda böyük qlobal maliyyə böhranının yaranması, bütün ölkələrdə inflyasiyanın yüksəlməsi və ümumi iqtisadi böhranın hələ də davam etməsi bütün dövlətlərin iqtisadiyyatına mənfi təsir göstərir".

Onun sözlərinə görə, həmçinin neft qiymətlərindəki ucuzlaşma, neftdən büdcəmizə daxilolmaların azalması da milli iqtisadiyyatımızda müəyyən problemlərin yaranmasına yol açır.

Ekspert deyir ki, pul köçürmələrinin azalması isə bölgələrdə yaşayan əhalinin iqtisadi durumuna mənfi təsir göstərir. Çünki müəyyən qism insanlar məhz xaricdən gələn köçürmələr hesabına gündəlik güzəranlarını təmin edirlər: "Təəssüf ki, Rusiya-Ukrayna müharibəsi soydaşlarımızın hər iki ölkədə olan bizneslərinə çox ciddi təsir etdi. Eyni zamanda həmin şəxslərin ölkəmizə hər il etdiyi pul köçürmələrinə də mənfi təsiri danılmazdır. Bu isə ölkə iqtisadiyyatına təsirsiz ötüşməyib. Xaricdə yaşayan soydaşlarımız öz bizneslərinin müəyyən hissəsini ölkəmizə köçürərək daşınmaz əmlak əldə etsələr də, ümumilikdə bu köçürmələr iqtisadi proseslər baxımından müsbət hal deyil".

İqtisadçı bildirib ki, pul köçürmələri tədiyyə balansının mühüm göstəricisidir. Çünki ölkədən çıxan və ölkəyə daxil olan valyutaların həcmi tədiyyə balansının hansı səviyyədə olduğunu göstərir:

"Əgər pul köçürmələri artarsa və ölkəyə valyuta axını yüksələrsə, bu, milli valyutanın dəyərini artırır. Eyni zamanda milli iqtisadiyyatın inkişafına müsbət təsir edir. Pul köçürmələrinin azalmasının iqtisadiyyata mənfi təsirlərini kompensasiya etmək üçün ölkə iqtisadiyyatının inkişafı baxımından hazırda ciddi addımlar atılmaqdadır. İşğaldan azad olunmuş ərazilərin bərpası proqramları ilə yanaşı, ölkəyə investisiya cəlb olunması istiqamətində mühüm işlər görülür. Eyni zamanda Azərbaycan iqtisadiyyatının idxalçı deyil, daha çox ixracatçı iqtisadiyyat olması istiqamətində addımlar atılır. Ölkə iqtisadiyyatını gücləndirməklə, mövcud mənfi təsirləri aradan qaldırmaq mümkündür". 

İqtisadçı Razi Abasbəyli isə İqtisadiyyat.az-a açıqlamasında Azərbaycana xarici ölkələrdən pul köçürmələrinin azalması prosesinin 2020-ci ildən sonra başladığını bildirib. 

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindən sonra bu proses daha da sürətlənib: "Belə ki, 2022-ci ildə ölkəmizə xarici ölkələrdən 5 milyard manata yaxın valyuta daxil olub. 2023-cü ildə isə nəticə etibarilə 38 faizlik azalma müşahidə olundu. Hazırda da proses davam etməkdədir. Azərbaycana xaricdən pul köçürmələr daha çox Rusiyadan olub. Bu baxımdan Rusiyada iş yerlərinin bağlanması, tətbiq olunan iqtisadi embarqolar ölkəmizə pul köçürmələrinin həcminin ciddi şəkildə azalmasına təsir edib. Həmçinin Azərbaycan idxalatı artırıb, qeyri-neft sektoru üzrə ixracat isə aşağı düşüb. 2022-ci illə müqayisədə 2023-cü ildə 11 faizlik azalma müşahidə olunub və bu proses hələ də davam edir". 

R.Abasbəylinin fikrincə, ölkədən valyuta çıxdığı halda, əks prosesin yaşanmaması manatın məzənnəsinə təsirsiz ötüşmür.

 

Gülşən Şərif