Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında 28-29 fevral tarixində Almaniyanın paytaxtı Berlin şəhərində Villa Borsig-də danışıqlar aparılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.

Səfər çərçivəsində, nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüblər.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlıq ifadə edib.