Logo

Xurma boldur, 1 kiloqramı 30 qəpikdən satılır


Göyçay rayonunda kütləvi xurma yığımına başlanılıb. İstehsal edilən məhsul ilk günlərdən yerli bazarlara, habelə Rusiya və Ukrayna bazarlarına göndərilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bölgə müxbirinə bildirilib ki, bu il bağlarda bol xurma yetişdirilib. Yerli bazarlarda xurma meyvəsinin 1 kiloqramı növündən və çeşidindən asılı olaraq 0,30-0,60 AZN arasında dəyişir.

Qeyd edək ki, rayonda, ümumilikdə, 1666 hektar xurma bağı var. Bunun 1341 hektarı bar verəndir. Bu il bölgədə daha 16 hektarda bağ salınıb. Xurma bağları demək olar ki, rayonun bütün ərazisini, əsasən də Cəyirli, Potu, Qızılağac, Məlikkənd, Qarabaqqal və Mirzəhüseynli kəndlərini əhatə edir. Ötən il bağlardan 25 min 479 ton məhsul istehsal olunub. Mütəxəssislərin fikrincə, bu il məhsul daha çox olacaq. Hər il olduğu kimi, bu il də məhsulun 90 faizindən çoxu xarici bazarlara göndəriləcək.

Aqrar,
01.10.2019 15:40 21
Teqlər: İqtisadiyyat.Az, aqrar,
İstinad: Azərtac