Logo

Azərbaycanın avtomobil parkında “hava niyə açılmır?” - EKSPERT RƏYİ


Artıq təsdiqlənmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na əsasən, ətraf mühitin qorunması məqsədilə aidiyyəti qurumların qarşısında köhnə avtomobillərin istismardan yığışdırılması, utilizasiya edilməsi, eləcə də, yeni avtomobillərin ölkəyə gətirilməsini təmin etmək məsələsi qoyulub.

Ekoloji avtomobillər arasında isə hibrid və elektromobillərə xüsusi önəm verilməsi qeyd edilib.

Bu proqrama əsasən, yol hərəkəti tam təhlükəsiz olmalı və insan sağlamlığına zərər vurmayan nəqliyyat vasitələrinə üstünlük verilməlidir.

Gürcüstanda, eləcə də, digər ölkələrdə hibrid avtomobillərə əlavə rüsumlar tətbiq edilmir.

İdxal edilən yeni hibrid avtomobillərin gömrük rüsumu və aksiz vergisi niyə ləğv edilmir? Ekspertlər bu istiqamətdə hansı təkliflər irəli sürür?

Nəqliyyat üzrə ekspet Tural Yusifov mövzu ilə bağlı Oxu.Az-a bir sıra təkliflər səsləndirib.

Onun sözlərinə görə, ekoloji avtomobillərə dövlət rüsumları sıfırlanmalıdır:  



“Ümumiyyətlə, ekoloji avtomobil deyəndə burada yalnız hibrid və ya elektrikli avtomobillər nəzərdə tutulmur. Eyni zamanda, hidrogenlə çalışan avtomobillər də nəzərdə tutulur. Havaya sıfır dərəcəsində zərərli tullantılar buraxan ən sərfəli ekoloji avtomobil hidrogen və elektrikli çalışan maşınlardır.

Məsələn, elektrikli avtomobilləri bir müddətdən sürdükdən sonra onun batareyasının utilizasiyası məsələsi ortaya çıxır. Ümumiyyətlə, bizdə hibrid avtomobillərinin ölkəyə gətirilməsində heç bir güzəşt yoxdur. Ancaq elektrikli avtomobilərin gətirilməsinə əlavə dəyər vergisi ləğv edilərək, 15 faiz idxal rüsumu tətbiq edilir. Amma bu da çoxdur.

Çünki elektrik avtomobilləri avtomobil istehsalçılarına olduqca baha başa gəldiyinə görə, onların qiyməti heç də ucuz deyil. Yeni avtomobillərin qiyməti təxminən 35-40 min dollardan başlayır. Buna görə də elektrik avtomobillərinə dair bütün qeydiyyat və idxal rüsumlarını sıfırlamaq lazımdır”.

Ekspert rüsumların ləğvi ilə yanaşı, bir sıra güzəştlərin də tətbiq edilməli olduğunu bildirib:

“Hətta deyərdim ki, ekoloji avtomobil sahiblərinə bir sıra güzəştlərin tətbiq edilməsi arzuolunandır. Məsələn, əgər sənin elektrikli avtomobilin varsa, sən pulsuz park xidmətindən yararlana bilərsən, digər avtomobillər üçün qadağan olunan ərazilərə girişinə icazə verilməlidir. Həm də əgər elektrikli avtomobillərlə taksi fəaliyyəti göstərirsənsə, sadələşdirilmiş vergi sıfırlanmalıdır. Bu, əslində, təklif kimi qalmamalı, belə də olmalıdır”.

Şəhər üçün hibrid avtomobillərinin əlverişli olduğunu deyən ekspert hibrid avtomobillərini yeddi il müddətinə aksiz vergisindən azad edilməsini təklif edir:

“Düşünürəm ki, hibrid avtomobillər yeddi illik əlavə dəyər vergisi və ya aksiz vergisindən azad etmək lazımdır. Çünki onların həm də benzin mühərrikləri var. Şəhərdə hərəkət sürəti aşağı olduğu üçün hibrid avtomobillər olduqca əlverişlidir. Yuxarı sürət həddi qoyulan yollarda isə sadəcə olaraq benzindən istifadə edilir”.

T.Yusifov bu məsələlərin 2024-cü ilə qədər mütləq şəkildə öz həllini tapmalı olduğunu da diqqətə çatdırıb:

“Bu məqamın növbəti ilin dövlət büdcəsində nəzərə alınıb-alınmamasını deyə bilmərəm, amma 2024-cü ildən sonra bu məsələni nəzərə ala bilməmək şansımız olmayacaq. Çünki artıq 2024-cü ildən sonra dizel və benzin mühərrikli avtomobillər istehsal olunmayacaq. Artıq elektrik mühərrikli, hidrogen və alternativ enerji ilə işləyən hibrid mühərrikli avtomobillər istehsal olunacaq. 

Artıq təsdiqlənmiş olan “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019 – 2023-cü illər üçün Dövlət Proqramı”nın tətbiqi isə 2023-cü ilə qədər nəzərdə tutulub.

Proqramın tərkibində stimullaşdırıcı məqam var.

Müəyyən xırda məqamların müzakirə edilməsi vacib olsa da, stimullaşdırılma prosesinə başlamaq olar. Bu, həm ölkədə köhnə avtomobil parkının yenilənməsinə təkan verəcək, həm də ekologiyanın təmizlənməsinə xidmət edəcək”.

Elektrikli, hibrid avtomobillərin servis məsələləri ilə bağlı məqama gəldikdə, ekspert qeyd edib ki, rəsmi servislərdə heç bir problem olmur:

“Rəsmi servis öz brendinin baş ofisinə bağlıdır. Brendin adını qorumaq üçün də heç bir servisdə qeyri-peşəkar mütəxəssislər olmur. Mütəxəssislərin sertifikatlaşması, ixtisas artırılması, bu və ya digər avtomobillər haqqında maksimum məlumatlı olmaları üçün təlim kursları təşkil edir.

Avtomobillərin ehtiyat hissələrinin tapılmaması məsələsi isə tələbata görə öz həllini tapacaq. Əgər təlabat varsa, ehtiyyat hissələri tapılacaq”.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bu məsələdə aidiyyəti qurumlardan çox Dövlət Gömrük Komitəsinin rolunun vacibliyinə toxunub. Onun sözlərinə görə, komitə vətəndaşların ekoloji avtomobil almasına əlverişli şərait yaratmır:

“Ekoloji avtomobil almaq istəyən vətəndaş fikirləşir ki, bu avtomobilləri ölkəyə gətirsə, gömrükdə ondan nə qədər idxal rüsumu tutulacaq. Hesab-kitab olduqca baha başa gəldiyi üçün insanlar risk eləyib bu avtomobilləri ala bilmirlər.

Dövlət Proqramının təsdiq olunmasından artıq 10 ay keçsə də, proqramda adları qeyd edilən nazirliklərdən heç bir hərəkət yoxdur. İlk olaraq avtomobil satışı ilə məşğul olan şirkətlərə şərait yaradılmalıdır ki, onlar ekoloji avtomobilləri ölkəyə gətirsin və rəsmi servis xidmətlərini də aktivləşdirsinlər”.

Ekspert deyir ki, təkcə Bakıda ekoloji çirklənmənin 70-80 faizi nəqliyyatın payına düşür:

“Bu barədə Ekologiya Nazirliyinin nümayəndələri də öz çıxışlarında məlumat veriblər. Kimyaçı alimlər təsdiq edir ki, bu avtomobillər havaya 240 adda zərərli qaz buraxır ki, onlardan bəziləri birbaşa ölümcül təsirə malikdir. 

Ekspert Gömrük Komitəsinin əsaslı addımlar atmadığını iddia edir:

“Komitə stimullaşdırma üçün atılmalı addımları gecikdirir. Bildiyim qədərilə gələn ildən etibarən elektromobillər üçün gömrük rüsumu sıfırlanacaq. Güzəşt tətbiq ediləcək. Amma maraqlısı odur ki, ölkədə elektromobillər üçün hələ əlverişli şərait yaradılmayıb. Yaxşı olardı ki, hazırda daha çox istifadə edilən hibrid avtomobillər üçün güzəştlər tətbiq edərdilər, elektromobillərə hələ ehtiyac yoxdur”.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxışında Azərbaycana gətirilən hibrid və digər ekoloji təmiz avtomobillərin idxal rüsumlarına gələn ilin dövlət büdcəsi zərfində yenidən baxılacağını deyib. Cari ilin yanvar ayının 1-dən Azərbaycana idxal olunan elektrikli avtomobillərə yalnız 15%-lik əlavə dəyər vergisi (ƏDV) tətbiq edilir.

Avto,
27.09.2019 14:44 24
Teqlər: İqtisadiyyat.Az, avto,