Logo

1 manatdan Sumqayıta, Xırdalana, Müşfiqə... - "20 Yanvar"dakı XAOS nə vaxt bitəcək? / RƏSMİ AÇIQLAMA


“Ə... , sür də, düz durmusan yolumun ortasında", "Nə qışqırısan?! Görmürsən, qabaqda maşın var?" ...

“20 Yanvar" dairəsindəki “manatlıq taksilər”in bir-biri ilə olan atışmalarını Bakıdan Sumqayıta gedən sərnişinlərin demək olar ki, hamısı təsdiqləyərlər. 

Hətta sürücülər arasında ""Klientimi” əlimdən aldın, kişi kişinin çörəyini əlindən almaz” kimi replikalar bəzi davaların əsasını qoyur. Ərazidə dayanan sürücülərin maşınları necə sürməsi isə artıq başqa bir mövzudur. Özlərini sanki yarış maşınlarında təsəvvür etmələri, yüksək səslə qoyulan, insan beyninə primitiv misralar şəklində həkk olunan mahnılardan yazmağa isə ayrıca bir vaxt lazımdır.

Təəssüf olsun ki, xeyli müddətdir bu taksilərin yığışdırılması istiqamətində işlərin aparıldığı deyilsə də, ortada dəyişən heç nə yoxdur. “Köhnə hamam, köhnə tas” prinsipi hələ  də qalır.  Maraqlıdır, aidiyyatı qurumlar adıçəkilən məkandan taksilərin yığışdırılmasını niyə ləngidir? Prosesin hələ də davam etməsini nə ilə əlaqələndirmək olar?

Məsələnin səbəbiylə bağlı Redaktor.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, mövzunun agentliklə əlaqəsi yoxdur:

“Bakı Nəqliyyat Agentliyi hansı qiymətə fəaliyyət göstərməsindən asılı olmayaraq, taksi işi ilə məşğul olan hər hansı bir şəxsin fəaliyyətini məhdudlaşdırmır. Agentlik sadəcə qanunsuz fparklanmaya qarşı mübarizə tədbiri həyata keçirir.  Bu tədbirlər həm “20 Yanvar”,  həm metronun “Gənclik”, “Əhmədli”, “Koroğlu” stansiyalarının yanında keçirilir. Bizim taksilərin yığışdırılması ilə bağlı səlahiyyətimiz yoxdur.  BNA ötən il  Cənab Prezidentin müvafiq fərmanı ilə  səlahiyyətləndirilib. Yalnız sürücülərin dayanma-durma qaydalarına  riayət edilməsi ilə bağlı və bu istiqamətdə işlər aparır. Qanunsuz parklanmaya qarşı mübarizədə isə təkcə "1 manatlıq taksilər"dən söhbət getmir.

Ümumiyyətlə, hər hansı bir nəqliyyat vasitəsi tərəfindən dayanma-durma qaydaları pozularsa, həmin şəxsə qarşı tədbir görülür. Təbii ki, ilk növbədə həmin sürücüyə xəbərdarlıq edilir. Bildirilir  ki, dayanma-durmanın qadağan olduğu yerdə maşını saxlamısınız, digər hərəkət  işçilərinə ciddi maneə yaradırsınız. Sürücü bu  xəbərdarlığa məhəl qoyub, nəqliyyat vasitəsini ərazidən götürürsə, onunla bağlı hər hansı bir müvafiq tədbir görülmür. Sürücü qoyulan tələblərə əməl etməsə və qayda pozuntusuna yol verisə, o zaman onunla  bağlı tədbir görülür".

Qeyd edək ki, 2 gün öncə məsələ ilə bağlı mətbuata açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, “bir manatlıq taksi” adı altında sərnişin daşıyanlar şəhər sakinlərinin təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur və bununla bağlı tədbirlər görüləcək:

“Sürücülər “çörək pulu” qazanmaq adı ilə bu variantlara əl atırlar, lakin taksi fəaliyyəti qanun çərçivəsində həyata keçirilməlidir. Daxil olan məlumatlardan da görünür ki, bu tendensiya paytaxtın müxtəlif ərazilərində artmaqdadır. “Sürücülər “çörək pulu” qazanmaq adı ilə bu variantlara əl atırlar, lakin taksi fəaliyyəti qanun çərçivəsində həyata keçirilməlidir. Daxil olan məlumatlardan da görünür ki, bu tendensiya paytaxtın müxtəlif ərazilərində artmaqdadır. Bəzən “1 manatlıq” taksi fəaliyyəti ilə məşğul olan sürücülərin qeyri-etik davranışları, dayanma-durma qaydalarını pozması və bəzən avtomobili sərxoş halda idarə etməsi faktları var”.

Təəssüf ki, cənab polkovnikin açıqlamasında tədbirlərin nə vaxt görüləcəyi barədə konkret fakt yoxdur. Bir sözlə, qulaqlarımız yenə də o səsi eşidir - “Manatdan Sumqayıta...”.

Nəqliyyat,
20.09.2019 14:12 76
Teqlər: İqtisadiyyat.Az, nəqliyyat,