Logo

Avropalı turistlər Azərbaycana niyə az gəlir?


"Azərbaycana Avropa Birliyi ölkələrindən turistlərin az gəlməsinin əsas səbəbi viza məsələsidir”.

İqtisadiyyat.Az xəbər verir ki, bunu "musavat.com"a iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, AB rəsmi Bakıya vizaların ləğvi ilə bağlı qarşılıqlı addım atılmasını təklif eləmişdi:

"Avropa Birliyi Azərbaycandan gözləyirdi ki, ilk addımı atsın, amma rəsmi Bakı buna razılaşmadı. Ola bilsin ki, avropalı jurnalistlərin, hüquq müdafiəçilərinin ölkəmizə rahat gəlişini istəməyənlər olub. Halbuki, Mən Gürcüstanda şahidi olmuşam, bu ölkəyə gələn Avropa Birliyi dövlətlərinin vətəndaşları Azərbaycana da səfər etmək istəyiblər. Lakin viza rejiminin tətbiqinə görə fikirlərindən daşınıblar. Gürcüstan və Ermənistan isə çoxdan viza rejimlərini ləğv edib”.

N.Cəfərli hesab edir ki, Azərbaycanda xarici turistlərin istəkləri ilə bağlı ayrı-ayrı profillər çıxarılmayıb: "Bütün turistlərə eyni gözlə baxılır. Araşdırılmır ki, avropalı turistlərin görmək istədikləri, onlara maraqlı gələn nələrdir. Buna uyğun təkliflər hələ də hazırlanmayıb. Yalnız dadlı mətbəxlə turist cəlb eləmək olmaz. Ərəb turistlərə dadlı mətbəx xoş gələ bilər. Ancaq avropalı turistlərin görmək istədikləri fərqlidir”.

Qeyd edək ki, Azərbaycana gələn turistlərin əksəriyyətini ərəb ölkələrinin vətəndaşları təşkil edir.

Turizm,
17.09.2019 09:41 31
Teqlər: İqtisadiyyat.Az, turizm,