Logo

Milyonluq xəzinə və dəfinələr tapan alimdən şok açıqlamalar


Vaxtaşırı tez-tez bölgələrimizdə qızıl, yaxud digər qiymətli əşyalarla dolu dəfinə tapıldığı haqda xəbərlər eşidirik. Heç də gizlin deyil, istənilən şəxs qarşısına nə vaxtsa xəzinə, dəfinə çıxmasını arzulayır. Hansı ki, bu xəzinələr qədim zamanlarda kimlər tərəfindənsə torpağa, qəbirlərin ətrafında basdırılıb, evlərin divarlarına hörülüb. Bu səbəbdən tez-tez şayiələrə uyub ərazilərdə Çingiz xanın, Teymurləngin, Makedoniyalı İskəndərin xəzinəsinin axtarışına çıxanlar var. Bəs xəzinələr harada gizlədilə bilər?

Həqiqətən Azərbaycan torpaqlarında adları qeyd olunan hökmdarların xəzinəsi gizlədilə bilərmi? Xəzinə və dəfinələri hansı şəraitdə, hansı əlamətlərlə aşkar etmək olar? Bu və ya digər məsələlərlə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqu tarixçi alim, tarix elmləri doktoru Qafar Cəbiyev “Yeni Müsavat”a danışıb. Qeyd edək ki, Q.Cəbiyev  Azərbaycanda indiyə qədər ən böyük qızıl dəfinəsini tapan və dövlətə təhvil verən ilk arxeoloqdur:

- Qafar müəllim, xəzinələr əsasən hansı bölgələrdə aşkar edilir?

- Xəzinə axtarışı mövzusu hər kəsin maraq dairəsində olan məsələdir. Ümumiyyətlə, Azərbaycan ərazisində xəzinə axtarışı 19-cu əsrin sonlarından başlayaraq geniş vüsət alıb.  O illərdə Qarabağda, Daşkəsəndə, Naxçıvanda, Gədəbəy və Lənkəranda qızılaxtaranlar xüsusi fəallıq göstərib. Onların demək olar ki, hamısı  xarici ölkə vətəndaşları olub. Bu illərdə qalalardakı kurqanlar, daş heykəllər çox ciddi dağıntılara məruz qalıb. Əldə olan tapıntılar isə təbii ki, xarici ölkələrə, o cümlədən ABŞ, Fransa, İsveç, Hollandiyaya aparılıb. Ən təəssüf doğuran hal odur ki, daşınan xəzinələrin çox hissəsi Azərbaycan xalqının mədəni irsi kimi deyil, əcnəbi, yad ölkələrin, xalqların adına rəsmiləşdirilib. Bu gün də əcnəbi muzeylərdə həmin nümunələr Azərbaycanın tarixi-mədəni yadigarları kimi təqdim olunmur. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində qızılaxtaranlar xüsusən də Şirvan bölgəsinə daha çox maraq göstəriblər. Şamaxı ərazisində intensiv axtarışlar olub. O zaman guya Şamaxı ətrafında Makedoniyalı İskəndərin xəzinəsinin saxlanıldığı barədə şayiələr yayılırdı. Sadə məntiqlə yanaşanda Makendoniyalı İskəndərin ayaq basmadığı yerdə onun xəzinəsini axtarmaq təbii ki, cəfəngiyyat idi. Təəssüf ki, bu adla həmin zaman nə qədər tarixi abidələrimiz məhv edilib, dağıdılıb. Sonralar araşdıranda məlum olub ki, bu məsələlərdə daha çox ermənilərin “barmağı” olub. Məqsəd təkcə qızıl, əntiq əşyalar tapmaq deyil, Azərbaycanın tarixi abidələrinin sıradan çıxarılması, məhv edilməsi olub.

Belə bir hadisə ötən əsrin 80-ci illərində Qəbələdə baş verdi. Belə ki, şayiə yayılmışdı ki, guya rayonun Vəndam kəndinin yaxınlığında, Girvə deyilən ərazidə Teymurləngin 25 dəvə yükündə xəzinəsi gizlədilib. Bu şayiəni ilkin yayan adam Sabir Əhmədov adında polis əməkdaşı olub. Psixi pozğunluğu olduğu üçün onu işdən azad etmişdilər. Görünür, Girvədə kimsə 1-2 qızıl sikkə tapıb, düşünüb ki, böyük xəzinə var.

İnsanlar zaman-zaman qızıllarını, dəyərli əşyalarını güman gəlməyən yerlərdə gizlədib. Gizlədilmiş xəzinə də kiminsə əlinə düşəndə sanır ki, həmin ərazidə daha böyük xəzinə var. Beləliklə də Sabir Əhmədov Vəndam kəndinin bütün cavanlarını səfərbər edib, uzun müddət ərazini ələk-vələk edib, qızıl axtarıb. Guya 18 metr dərinlikdə xəzinə var. O zamanlar bu haqda mənə yazmışdılar və akademiyanın rəhbərliyi məni həmin əraziyə səfərbər etdi. Getdim, vəziyyətlə tanış oldum, araşdırmalar apardım, mətbuatda da çıxış etdim ki, bu yalnız şayiədir. Bundan sonra həmin məsələ bağlandı. Lakin illər sonra AXC dövründə bu məsələ yenidən gündəmə gəldi və müəyyən dairələr, hətta o zaman Milli Təhlükəsizlik Nazirliyinin xətti ilə həmin ərazidə geniş axtarışlar başladıldı, çoxlu sayda texnikalar cəlb edildi, uzun işlər aparıldı. Sonda nəticə də bu oldu ki, 18 metr dərinliyə düşəndən sonra orada yalnız bir bulaq çıxdı. Amma mən illər öncədən qeyd etmişdim ki, həmin ərazidə heç bir dəfinədən söhbət gedə bilməz. Olsa-olsa həmin ərazidə qızıl mədənləri çıxa bilər, amma dəfinə ola bilməz. Sonrakı hadisələr də onu göstərdi ki, bu məsələ kimlərsə tərəfindən ortalığa atılmış cəfəngiyyatdır.

- Sabir Əhmədovdan söz açdınız, deyilənə görə, həmin şəxs ailə həyatı da qurmayıb və ömrünün son günlərinə qədər yalnız qızıl axtarıb, heç bir sikkə də tapa bilməyib.

- Onun tərcümeyi-halını o qədər bilməsəm də, məlumat var idi ki, psixi problemləri olduğu üçün polis orqanlarından xaric olunub. O da durduğu yerdə qızıl axtarışına çıxmayıb. Təsadüfən həmin ərazidə nə vaxtsa kiminsə qarşısına qızıl çıxıb, sonra da dəfinə haqqında şayiə yayılıb.  Həmin ərazidə yalnız dağlar və daşlardır. Kimsə orada ola bilsin ki, özünə məxsus qızılı  şüşə qabda və yaxud kisədə gizlədib, yeri yadından çıxıb, illər sonra insanların və yaxud vəhşi heyvanların təsiri, hərəkəti nəticəsində üzə çıxıb, adamların əlinə keçib. Nə tarix boyu, nə də müasir dövrdə insanlar heç vaxt özlərinə məxsus qiymətli əşyaları diqqət cəlb edən, görünən yerdə gizlətmir.

Qeyd edim ki, bu günə qədər Qəbələ rayonunda çoxlu sayda dəfinələr tapılıb. Qəbələdə arxeoloji ekspedisiya işləyərkən böyük dəfinə tapılmışdı. Həmin dəfinədə 700 ədəddən çox gümüş sikkələr, pullar çıxmışdı. Hansı ki, onlar Makedoniyalı İskəndərin buraxdığı sikkələr idi. Onların arasında M.İskəndərin buraxdığı pullara bənzər yerli Alban pulları da var idi. Halbuki Strabon yazırdı ki, albanlar pul tanımır, insanlar natural mübadilə ilə alış-veriş edirlər. Bu pullar ortalığa çıxanda qənaətə gəlindi ki, xeyr, Strabon bu məsələdə haqlı deyilmiş, Albaniya əhalisi də ticarətdə puldan istifadə edirmiş. Təkcə əcnəbi pullar deyil, özlərinin də istehsal etdikləri puldan dövriyyədə istifadə ediblər.

- Qafar müəllim, bəs siz özünüz bu günədək nə qədər dəfinə tapmısınız? Onların arasında ən dəyərlisi hansı olub?

- Ümumiyyətlə, dəfinələrin hamısı dəyərlidir. İlk tapdığım dəfinə 2010-cu ildə olub. Həmin ildə Ağsuda apardığımız tədqiqatlar zamanı çox dəyərli dəfinə aşkar etmişdik. Belə ki, Muradxan kəndi yaxınlığında ekskavator qazıntı işləri apararkən küp çıxmışdı. Bizə məlumat verildi ki, küpün içərisində göyərmiş nümunələr var, lakin onun nə olduğu bilinmir. Bildirdim ki, onu dərhal götürüb, etibarlı yerdə saxlayın. Həmin əraziyə getdim və araşdırma apardım. Bildirim ki, adətən mis pullar korroziyaya uğrayaraq, göyərir. Həmin pulları tərəzidə çəkdik, 5470 qram gəldi. Hiss etdim ki, ekskalatorun yanında olan şəxslər bir neçə xırda sikkələri  qopardıblar, üzərinə döyüblər, onun qızıl olub-olmadığını  öyrənməyə çalışıblar. Sonradan bir-birinə yapışan sikkələri araşdırdıq, məlum oldu ki, 1133  ədəd sikkə var. Onları təmizləyərkən aydın oldu ki, hamısı gümüş sikkə imiş. Sadəcə, əyyarı bir qədər aşağı olduğundan nəmişlikdən göyərib və mis pul təsiri bağışlayıb. Bu dəfinə tarixə “Muradxan dəfinəsi kimi” düşdü. Həmin dəfinədə olan pulların ən cavanı 1460-61-ci illəri, yəni Şivanşahlar dövrünü əhatə edir. Çox maraqlıdır ki, onlardan biri Ərdəbildə, ikisi Qəbələdə, 20 ədədi Bakıda, digərləri isə Şamaxı və Dərbənddə zərb olunub.

İkinci dəfinəni də Ağsuda apardığımız tədqiqatlar sayəsində tapdıq. Orada “Sənətkarlar məhəlləsi” deyilən ərazidə mis pullardan ibarət dəfinə aşkarladıq. Həmin ərazidə sonradan qızıl və gümüş pullardan ibarət dəfinə tapdıq. Qızıl pullar 37 ədəd idi və 1781-85-93-96-cı illəri əhatə edirdi. Həmin sikkələr o dövrdə Avropada və dünyada yayılmış ən qiymətli pullar hesab olunurdu. Bütün beynəlxalq ticarət, hərbiçilərin ezamiyyətə göndərilməsi və digər məsələlər bu pulla həyata keçirilirmiş.

- Necə müəyyən edirsiz ki, filan ərazidə dəfinə ola bilər?

- Heç kəs dəfinənin harada ola biləcəyini dəqiq müəyyən edə bilməz. Bu çox dəqiq, ciddi söhbətdir. Çünki dəfinələri kimsə gizlədib basdıranda, onu xəritədə qeyd etmir, rəsmi işarə qoymur. Dəfinələr əsasən  təsadüflər nəticəsində, məsələn, yer qazarkən, qazıntı işləri apararkən, təbii  hadisələr baş verərkən, sel suları xəndəklər açarkən üzə çıxır. Ona görə də Azərbaycanda 1915-ci illərdə arxeoloji ekspedisiyalar fəaliyyət göstərir. Arxeoloji ekspedisiyaların xətti ilə yeganə olaraq mən qızıl tapmışam. Ola bilsin ki, kimlərsə qeyri-rəsmi qaydada haradasa, nəsə tapır. Əvvəllər olduğu kimi, bu gün də qeyri-rəsmi olaraq qızıl axtaranlar var. Əfsuslar olsun ki, müasir cihazlar vasitəsilə şübhəli yerləri axtarır, orada qazıntı işləri aparırlar. Məlumat üçün bildirim ki, monitorinqlər aparılsa məlum olar ki, Azərbaycanın bütün ərazilərində gizlin qızıl axtarışına çıxanlar var. Bu və ya digər axtarışlarda qəbirlər qazılır, kurqanlar dağıdılır. Yaxşı olardı ki, aidiyyəti orqanlar bu məsələnin üzərinə düşsün. Bu işlərlə məşğul olanların əhatə dairəsi o qədər də geniş deyil. Ayrı-ayrı rayonlarda axtarış aparanlar demək olar ki, eyni adamlar olur, onlar  demək olar ki, bu işdə peşəkarlaşıblar. Onların dairəsini müəyyən etmək lazımdır.

- Dəfələrlə eşidirik ki, guya Çingiz xanın məşhur xəzinəsi Azərbaycanda gizlədilib. Bu ehtimallar nə qədər doğru ola bilər?

- Bu yaxınlarda sosial şəbəkələrdə bu barədə məlumat yayılmışdı. Hətta Goranboyun Tapqaraqoyunlu kəndindən mənə görüntülər göndərmişdilər. Orada qədim Tunc dövrünə aid bir kurqan var. Rəsmi şəxslərin iştirakı ilə texnikadan istifadə edərək həmin kurqan dağıdıldı. Çünki orada qızıl axtarırdılar. O kurqan elmi cəhətdən öyrənilməli idi, amma dağıdıldı.

- Dəfinə tapan şəxsə dövlət hansı dəyərdə mükafat verir? Məsələn, dünya təcrübəsində dəfinə tapan şəxs həmin dəfinənin dəyərinin 50 faizi qədər pul mükafatı alır. Bizdə bu məsələ necə tənzimlənir?

 - Ayrı-ayrı ölkələrdə bu məsələ başqa cür həll olunur. Lakin Azərbaycanda qanunvericiliyə əsasən tapılan dəfinə dəyərləndirilir və ona əsasən müəyyən faiz qədər şəxsə mükafat verilir. Amma bu təsadüfən dəfinə tapan şəxslərə aiddir. Tutaq ki, mən  çöldə arxeoloq kimi tədqiqat işi aparıram, bu zaman xəzinə tapanda onu gətirib dövlətə təhvil verirəm, bunun  müqabilində müəyyən mükafat verirlər. Məsələn, qızıl sikkələr tapanda mənə mükafat verilmədi. Sadəcə, Elmlər Akademiyasının 2013-cü ildə bir sərəncamı oldu. Həmin sərəncam dəfinə tapmış arxeoloqlar barəsində idi. Həmin sərəncamda yazılıb: “2012-ci ildə  Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası apardığı qazıntı işləri zamanı qədim dəfinə tapılıb. Dəfinədə 18-ci əsrə aid 37 qızıl sikkə var. Böyük tarixi-elmi əhəmiyyəti olan bu tapıntı tarix üzrə elmlər doktoru Qafar Cəbiyevin  rəhbərlik etdiyi ekspedisiyanın apardığı araşdırmalar nəticəsində aşkarlanıb. Tapılan nümunələr qanunvericiliyə əsasən qorunmaq məqsədilə Milli Azərbaycan Tarixi Muzeyinin Qızıl Fonduna təhvil verilmişdi. Əsl alim və vətəndaş mövqeyini nümayiş etdirən alimlərimizin əməyinin dəyərləndirilməsi məqsədilə Qafar Cəbiyevəyə onun rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın üzvlərinə Akademiyanın Rəyasət Heyəti adından təşəkkür elan edilsin.

Arxeologiya və Etnoqrafiya İnstitutuna tapşırılsın ki, ekspedisiya rəhbərliyi və üzvlərinin mükafatlandırılması təmin edilsin".

Həmin tapıntıdan şəxsən mənə və ekspedisiya üzvlərinə heç bir şey çatmadı. Belə hallar olur. Amma əsas olan bu deyil, əsas odur ki, tapırsan, gətirib dövlətə təhvil verirsən və bunun mənəvi tərəfi insana bəs edir. Qızıl dəfinəni tapandan bir həftə sonra eşitdim ki, köhnə tanışlardan biri hay-harayla məni axtarır. Dedi ki, belə bir şey eşitmişəm, doğrudurmu? Təsdiqlədim ki, bəli, doğrudur. Dedi ki, “Sənə nə deyim... Sənin tapdıqlarına indi qara bazarda 1 milyon dollar təklif edirlər”. Dedim ki, o 1 milyon dolları alıb necə yaşayacaqdım? Ömür boyu vahimə, qorxu içərisində yaşayacaqdım. Amma təhvil vermişəm və buna görə çox rahatam...

Müsahibə,
30.08.2019 10:55 113
Teqlər: İqtisadiyyat, müsahibə, xəzinə, dəfinə, axtarış, alim, açıqlama, danışma,