Logo

İqtisadçı: “Aİ-92 və Aİ-95 benzinləri üçün verilən qərar bahalaşmanın qarşısını ala bilməyəcək”


Nazirlər Kabinetinin bugünkü qərarına əsasən, Aİ-92 və Aİ-95 markalı yanacaq növləri sentyabrın 1-dən etibarən 90 gün müddətinə gömrük rüsumundan azad olundu. Bəzi enerji məsələləri üzrə və iqtisadçı ekspertlər bu qərarı müxtəlif yöndən şərh ediblər. İqtisadiyyat.Az xəbər verir ki, iqtisadçı alim Pərviz Heydərov isə, Nazirlər Kabinetinin müvafiq qərarının ölkədə yanacaq qiymətlərinin bahalaşmaması üçün verildiyini bildirib:

“Hökumətin qərarına əsasən, Aİ-92 və Aİ-95 markalı benzinlərin ölkəyə idxalına tədbiq olunan müvafiq gömrük rüsumlarının sentyabrın 1-dən etibarən, 90 gün müddətinə ləğv olunması qiymətlərin bahalaşmaması üçündür və adları çəkilən yanacaq növlərinin pərakəndə satış dəyərini sabit saxlamaq məqsədi daşıyır. Belə ki, Aİ-95 markalı benzin ümumiyyətlə, kənardan gətirilirdi, yəni daxildə istehsal olunmur.

Aİ-92-ə gəldikdə isə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu təmirdə, başqa sözlə desəm, modernləşdirilmədə olduğundan həm faktiki istehsal dayanıb, həm də mövcud ehtiyatlar azalır. Yəni, Aİ-92 üzrə də idxalsız keçinmək mümkün deyil. Və bu, getdikcə dayanıqlı hal alır. Bütün bunların fonunda isə ölkədə Aİ-92 və Aİ-95 markalı benzinlərə təbii olaraq tələb artmaqdadır. Çünki həm ölkəyə avtomobil idxalı genişlənir, həm də ümumiyyətlə, əhalinin gəlirləri yüksəldikcə nəqliyyat vasitələrindən istifadə artır. Yəni ki, bu, elə bir tendensiyadır ki, əslində həmişə yüksələn dinamika üzrə inkişaf edir və etməlidir də. Başqa sözlə desəm, yanacağa tələbat iqtisadi artım olan bir ölkədə qarşısıalınmaz prosesdir”.

İqtisadçı hökumətin bu baxımdan mövqeyinin dəyişdirilməsinin daha məqsədəuyğun olduğunu vurğulayıb. Həmçinin Pərviz Heydərov, bu sahədə gömrük rüsumları və aksiz vergi dərəcəsinin minimuma endirilməsinin əhəmiyyətli olmadığını bildirib: “Bəs, sözügedən sahədə perespektivdə bizi nə gözləyir? Əvvəla, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu tam gücü ilə işə düşsə belə, hər iki markada benzin həm də kənardan idxal olunacaq. Bunu, yuxarıda qeyd etdiklərimə əsasən bazar diqtə edir. İkincisi, bu sahədə qiymətləri gömrük rüsumlarını və yaxud aksiz vergi dərəcəsini minimuma endirməklə uzunmüddət sabit saxlamaq mümkün deyil. Belə ki, qiymətlərin nə vaxtsa bahalaşacağı qaçılmazdır. Üçüncüsü isə, hökumətin bu sahədə ümumiyyətlə, qiymətləri idarəetmə və ya ona təsir etmə, tənzimləmə mexanizmi fikrimcə, dəyişdirilsə yaxşıdır.

Belə ki, idxal qaydalarını aşağı və yuxarı doğru "oynatmaqla" sözügedən sahədə bazarı keyfiyyətli şəkildə nəzarətdə saxlamaq bu gün üçün olmasa da, sabahkı gündə effektsiz xarakter daşıdığını göstərə bilər. Buna əyani misal və yaxud sübut ondan ibarətdir ki, Aİ-95 markalı benzinin qiyməti artıq, xeyli müddətdir ki, sərbəst bazar qanunları ilə tənzimlənsə də, sual olunur ki, bəs, nədən onun qiyməti bu günədək 0,25 qəpik də varsa bir dəfə də olsun ucuzlaşmadı?! Yəni, belə bir hala rast gəlinməyib, Aİ-95 mərhələlərlə bahalaşaraq bu gün 1,50 azn qiymətə satılır. Demək, yenə də bahalaşmağa meyillidir ki, həm də Aİ-95 üzrə idxal gömrük rüsumu 90 günlük müddətinə aradan götürülür... Məncə, fikrim, kifayət qədər aydındır”.

 

Mehman Nəbiyev

Vergi,
28.08.2019 15:07 138
Teqlər: İqtisadiyyat, vergi, benzin, bahalaşma, sabit, saxlama, qiymət, marka, ucuzlaşma, yanacaq, ekspert, iqtisadçı,