Logo

DEPUTAT: "Vəzifəli şəxslərin pulları hardan qazandığı və hara xərclədiyi bilinməlidir"


2005-ci ildə  Milli Məclis tərəfindən “Gəlir deklarasiyası haqqında” qanun layihəsi qəbul edilsə də, hazırda həmin qanun layihəsinin işlək olmadığını söyləyə bilərik.

“Relaks” istirahət mərkəzində baş verənlər bir daha gəlir deklarasiyasını gündəmə gətirdi.

Güman ki, gəlir deklarasiyası işlək olarsa, vəzifəli şəxslər, deputatlar, məmurlar tərəfindən vergidən yayınmalar, qanunlara qarşı sərt təpkilər də olmaz.

Elə isə niyə gəlir deklarasiyası  işlək vəziyyətə gətirilmir?

Mane olan səbəblər nədir?

Modern.az  mövzu ilə bağlı Milli Məclis üzvlərinin fikrini öyrənməyə çalışıb.

Deputat Vahid Əhmədov MDB ölkələrində gəlir deklarasiyasının həyata keçirildiyini xatırladıb:

““Gəlir deklarasiyası haqqında” qanun  layihəsi çoxdan qəbul edilib. Həmin vaxt prezident tərəfindən Nazirlər Kabinetinə göstəriş verilib ki, təlimatlar işlənib hazırlansın və həyata keçirilsin. Təəssüflər olsun ki, hökumət o təlimatları, qaydaları hazırlamadığından həyata keçirilməyib. Ona görə də bu günə qədər deklarasiya verilmir. Ancaq bu, çox vacib məsələlərdən biridir. Şəffaflığı təmin etmək, müəyyən qədər korrupsiyanın qarşısını almaq üçün deklarasiyanın həll edilməsi vacibdir. Çalışırıq ki, müəyyən məsələləri həll etmək üçün Ümumdünya Ticarət Təşkilatına daxil olaq. Azərbaycanda deklarasiyanın tətbiqinə çox böyük ehtiyac var. Gəlir deklarasiyasi mütləq olmalıdır. Bir çox MDB ölkələrində bu məsələ çoxdan həyata keçirilib. İstənilən vəzifəli şəxs deklarasiyanı doldurmalı və gəlirlərini göstərməlidir. Bu zaman gəlirləri haradan əldə etdikləri və hara xərclədikləri bilinməlidir”.

Deputat Fəzail Ağamalı deyir ki,  hökmən və hökmən hər il hər bir məmur deklarasiyanı yazmalı və vergi orqanlarına təqdim etməlidir:

“Məsələn, millət vəkilləri Milli Məclisə deputat seçilərkən, namizəd olarkən  deklarasiya deyilən blank var, onu yazır və oradakı müddəalara cavab verir. Əgər həmin namizəd özünün bu və ya digər əmlakını və gəlir mənbəyini gizlədərsə, onun namizədliyi qeydə alınmır. Biz ötən seçkilərdə bu cür hallarla rastlaşmışıq. Faktiki olaraq millət vəkilləri seçildiyi dövrdən bunu edir. Elə hallar var ki, deputat biznesini yaratsa da, onu ya övladının, ya da qohumunun adına keçirir, amma çox zaman özləri idarə edir. Etsin, Allah xeyirlərini versin. Lakin bununla yanaşı, dövlətin vergisini də versin, deklarasiyasını da göstərsin. Əgər biznes qurubsa və bu pullar halal yolla əldə edilirsə, o zaman dövlətin qayda-qanunlarına uyğun hərəkət etməlidir. Həmçinin, elə etməlidir ki, övladları əldə edilən pulları  görüb özü və ailəsi üçün problem yaratmasın”.

Vergi,
21.08.2019 16:06 101
Teqlər: İqtisadiyyat, vergi, vəzifə, şəxs, deklarasiya, insan, deputat, açıqlama, Azərbaycan, Milli Məclis, qərar,