Logo

Nazirlik ötən il ilə müqayisədə 250 milyon manat çox vergi toplayıb


Bu ilin yanvar-iyun aylarında vergi orqanlarının xətti ilə icmal büdcəyə 4,954 milyard manat vəsait daxil olub ki, bunun da 3,663 milyard manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 1,321 milyard manatı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş sosial və işsizlikdən sığorta haqlarıdır.

İqtisadiyyat.Az bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, qurum vergi yığımı üzrə proqnoza 108,8% əməl edib, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% və yaxud 250 milyon manat çox vergi toplayıb. Vergi daxilolmalarının 70% qeyri-neft-qaz, 30%-i neft-qaz sektorunun payına düşüb. Bu ilin ilk 6 ayında illik vergi proqnozunun 49,7%-i, o cümlədən qeyri-neft sektoru üzrə illik vergi proqnozunun 51,1%-i icra olunub.

Proqnozlaşdırıldığı kimi, Hasilatın Pay Bölgüsü Sazişləri üzrə neft hasilatının nisbətən aşağı düşməsi şəraitində neft-qaz sektoru üzrə vergi daxilolmaları azalıb. I yarımildə neft-qaz sektorundan daxilolmalar proqnozlara nisbətən 101,3% icra olunsa da, illik müqayisədə 5,9% azalıb və 1 087,5 milyon manat təşkil edib. Bu azalma qeyri-neft-qaz sektorundan daxilolmalar hesabına tam kompensasiya olunmaqdadır.

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 14,3% və yaxud 319 milyon manat artaraq 2,545 milyard manat təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə proqnoz 112% icra olunub, proqnozdan əlavə 279 milyon manat vergi toplanıb. Vergi daxilolmarında qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 70%-ə yüksəlib. Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə daxilolmalar 16% artıb, özəl bölmənin qeyri-neft vergi daxilolmalarında xüsusi çəkisi isə 77%-ə qalxıb. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları üzrə könüllü ödənişlərin xüsusi çəkisi 92%-ə çatıb.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında yüksək artım templəri, əsasən, ƏDV, aksiz, mənfəət və əmlak vergisi üzrə qeydə alınıb. ƏDV daxilolmalarında artım 18%, mənfəət vergisi üzrə 30%, əmlak vergisi üzrə 18%, mədən vergisi üzrə 16,2%, aksizlər üzrə 4,8 dəfə təşkil edib. Vergi daxilolmalarında ƏDV, aksiz, əmlak və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 32,8%-ə, mənfəət vergisi üzrə 27,9%-ə, aksizlər üzrə 2%-ə, əmlak vergisi üzrə 2,3%-ə qalxıb.

Bu tədiyələrdə yüksək artım dinamikası dövriyyələrin şəffaflaşdırılması şəraitində müşahidə olunmaqdadır.

Vergi,
06.08.2019 23:00 94
Teqlər: İqtisadiyyat.az, vergi,