Logo

“Əhalinin gəlirlərinin artması bazarlarda bahalaşmaya səbəb olub”


Dövlət Statistika Komitəsinin açıqlamasına əsasən, ölkənin aqrar sektoru ötən ilə nisbətən 13% böyüyüb. Belə ki, 2019-cu ilin yanvar-iyun ayları ərzində 3.675.8 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Son 1 ildə bitkiçilik məhsularının dəyəri 25.6% artaraq 1.773.6 milyon manata, heyvandarlıq məhsulları isə 2.9% artaraq 1.902.2 milyon manat olub. Ancaq aqrar sektorun böyüməsinə və xüsusən də yay fəsli olmasına rəğmən ölkənin daxili istehlak bazarlarında təsərrüfat məhsullarının qiyməti son illərin ən yüksək həddinə çatıb.

Mövcud təzadın səbəbləri barədə iqtisadçı alim Pərviz Heydərov İqtisadiyyat.Az-a danışıb. Ekspert aqrar məhsulların bahalaşmasına gətirib çıxaran amilləri sadalayıb: “Bu əhəmiyyətli inkişafa baxmayaraq, ölkənin daxili istehlak bazarlarında kəskin bahalaşma mövcuddur. Bunun da bir neçə səbəbi var. Əvvəla qeyd edək ki, Azərbaycanda bir sıra aqrar məhsulların istehsal xərci olduqca yüksəkdir. Bundan əlavə subyektiv amillər- daşınma, süni qiymət artımı və.s mövcuddur. Görülən işlər nəticəsində kənd təsərrüfatı məhsullarının ixracı da artmışdır. Bu da daxili bazarlarda qiymət artımına bu və ya digər formada təsir edir. Hesab edirəm ki, hökumət bu təsiri tənzimləməlidir. Bunlardan əlavə əhalinin minimum gəlirləri artırılıb. Məlumdur ki, sentyabrdan minimum əməkhaqqı, oktyabrdan isə minimum pensiya məbləği artırılacaq. İlin sonunda isə dövriyyəyə əlavə nağd vəsaitlər daxil olacaq. Bunun özünün də aqrar məhsullarının bahalaşmasına dolayı yolla təəssüf ki, təsirləri vardır. Hərçənd hökumət dəfələrlə bildirdi ki, mən də dəfələrlə yazılarımda qeyd etdim ki, gəlirlərin artması bahalaşmaya səbəb ola bilməz. Çünki bunun üçün əsas yoxdur. Lakin yuxarıda sadaladığım faktorların təsirilə qiymət artımları baş verir. Həmçinin digər faktor iqlim şəraitidir. Məlumdur ki, yazın əvvəli hökm edən əlverişsiz hava şəraiti nəticəsində əksər kənd təsərrüfatı məhsulları zədələndi və məhv oldu”.

İqtisadçı bahalaşmanın qarşısının alınmasına gəldikdə isə bu fikirləri deyib: “Real vəziyyətdən çıxış yolu odur ki, hökumət və əsasən də Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi tərəfindən ixrac potensialı nəzərə alınmaqla aqrar məhsulların istehsalının genişlənməsi üçün tədbirlər intensivləşdirilsin. İstehsalçıların xərclərini artıran təsirlər azaldılsın. Hesab edirəm ki, bu yerinə yetirilərsə, ölkə bazarlarındakı mövcud bahalaşmanın davamlılığının qarşısı alınar”.

Ekspert aqrar sektorda görülən işlər və nəticələrdən söz açıb və bu sahədə gözləntilərin çox çətin əldə olunduğunu bildirib:

“Azərbaycanda dövlət aqrar sektorun inkişafı üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışır. Qeyri-neft sektorunun inkişaf etdirilməsi ciddi şəkildə nəzarətə götürüldükdən sonra isə aqrar sahənin inkişafı üçün atılan addımlar daha geniş miqyas alıb. Lakin aqrar sektor elə sahədir ki, görülən işlərin qısa müddətdə istənilən nəticə verməsi çox çətindir. İqtisadiyyatın yeganə sektorudur ki, bu sahədə dövlət torpaq vergisindən başqa vergi tələb etmir. Ancaq bu cür güzəştin özü belə hələ də istənilən nəticəni verməyib. Əsasən bitkiçilik olmaqla kənd təsərrüfatı yeganə sektorudur ki, dövlət burada subsidiyalaşdırma həyata keçirir. Lakin biz yenə də idxaldan asılı vəziyyətdəyik. Həmçinin kreditləşdirmə çox güzəştli xarakter daşıyır və ildən-ilə təkmilləşdirilir. Son illər bütün bu işlər intensiv hal alıb və nəticədə mən deyərdim ki, istehsal əhəmiyyətli dərəcədə genişlənib”.

 

Mehman Nəbiyev

Aqrar,
17.07.2019 16:20 199
Teqlər: İqtisadiyyat, aqrar, sektor, kənd, təsərrüfat, nazirlik, ekspert, alim, iqtisadçı, açıqlama, bahalaşma, səbəb, amil, faktor, istehsal, ixrac, gəlir, əhali, bazar, daxili, istehlak, Azərbaycan, ölkə, potensial,