Logo

Şəkər çuğunduru toxumu artıq Rusiyadan gətiriləcək


Bu ilin məhsulu üçün Samux rayonunda 400 hektar ərazidə şəkər çuğunduru əkilib. Bunun 193 hektarı icarəyə götürülmüş torpaqlardır.

İlk dəfə olaraq əvvəlki illərdə Belçikadan alınmış şəkər çuğunduru toxumları əvəzinə Rusiyadan gətirilmiş toxumlardan istifadə edilib.

Səpinə 19 gün gec başlanılmasına baxmayaraq, keyfiyyətli toxumların inkişafı faraş səpilmiş toxumlara çatıb.

Şəkər çuğundurunun alıcısının çox olduğunu deyən “Şəkər” İB-nin Samux bölgəsi üzrə aparıcı aqronomu Məmməd Məmmədov bildirib ki, hazırda fermerləri maraqlandıran yüksək məhsuldarlığa malik toxumlarla səpin aparmaqdır. Artıq Rusiyanın ən iri aqrokimya müəssisəsi olan “Şolkova Aqroxim” ilə Kənd Təsərrüfatı Nazirliyi arasında müqavilə imzalanıb. Respublikanın ayrı-ayrı bölgələrində Rusiyadan idxal edilmiş toxumlarla əkin aparılıb.

“Şolkova Aqroхim”in Azərbaycan nümayəndəliyinin baş aqronomu Arif Abbasov deyib ki, hazırda məhsulun maya dəyərinin aşağı salınması üçün bu cəmiyyət ilə müqavilə imzalanıb. Bu il respublika üzrə İmişli, Biləsuvar, Ağsu, Kürdəmir və Samux rayonu ərazisində 120 hektar şəkər çuğunduru becərilir.

İqtisadi baxımdan şəkər çuğunduru becərilməsinin daha səmərəli olduğunu deyən mütəxəssis qeyd edib ki, ölkəmizdəki təsərrüfatlarda 1 hektar torpaqdan ən yaxşı halda 35-40 sentner taxıl tədarük etmək mümkün olduğu halda, 1 hektar şəkər çuğundurundan 30 ton məhsul götürmək mümkündür. Yüksək məhsuldarlıq əsas prioritet olduğundan seleksiyaçılar, mütəxəssislər, həmçinin yerli toxum sortlarının yaradılması üçün müqaviləyə uyğun olaraq “Şolkova Aqroxim” ilə qarşılıqlı təcrübə mübadiləsi keçəcəklər.(azərtac)

Aqrar,
11.07.2019 15:59 111
Teqlər: İqtisadiyyat, aqrar, şəkər, çuğundur, məhsul, sahə, toxum, Rusiya, Belçika, əkin, yığım,