Logo

Min ədəd dayaqlı reklam lövhəsi söküldü - SƏBƏB?


Bizim məqsədimiz odur ki, şəhərimizi gözəlləşdirək, dayaqlı reklamların çox olması isə gözəllik deyil. Əvvəllər şəhərin bəzi yerlərində arda-arda, pərakəndə şəkildə dayaqlı reklam lövhələri qoyulmuşdu. Belə olanda reklamın dəyəri də aşağı düşür. Böyük şirkətlər elə yerlərdə reklamlarını vermirlər. Bu şirkətlər istəyirlər ki, onların reklamları yaxşı yerdə, reklam lövhəsi az olan ərazidə olsun.

Bunu Trend-ə açıqlamasında Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadov deyib.

Direktorun sözlərinə görə, Agentlik tərəfindən 2018-ci il ərzində min ədəd dayaqlı reklam lövhəsi sökülüb: "Dayaqlı reklamların sayı iki minə yaxın idi. Sökülən lövhələr yararsız idi, yəni texniki şərtlərə uyğun gəlmirdi, şəhərin gözəlliyini korlayırdı. İndi artıq yeni konstruksiyalar quraşdırmağa başlamışıq. Heydər Əliyev prospektindən “Azneft” dairəsinə qədər ölçüsü 8-10 kv. metr olan yeni dayaqlı reklam lövhələri quraşdırmışıq.

Köhnə lövhələr həm də təhlükəli və ölçüləri böyük idi. Şəhər mərkəzində ölçüsü 10 kv. metrdən çox olan reklam konstruksiyaları olmamalıdır. Köhnə lövhələrin ölçüsü isə 18 kv. metr idi. Belə ölçülü lövhələr küçələrə də uyğun gəlmir. Çünki küçə ensiz, reklam lövhəsi isə böyükdür. Bu cür reklam lövhələri adətən şəhərkənarı, magistral yollarda quraşdırılır. Hazırda 60 yeni dayaqlı reklam lövhəsi quraşdırmışıq. Bu ilin sonuna qədər yeni reklam lövhələrinin sayını 300-ə çatdırmaq niyyətindəyik. Yəni mərhələ-məhrələ min ədəd sökülən reklam lövhələri yeniləri ilə əvəz olunacaq".

A.İbadov bildirib ki, reklam lövhələri şəhərin görünüşünü dəyişir: "Ona görə də biz elə reklam lövhələri vurmalıyıq ki, şəhərin mənzərəsinə uyğun gəlsin. Bu qədər işlər görülür, şəhər abadlaşdırılır, gözəlləşdirilir, ancaq uyğun olmayan reklam lövhələri şəhərin görünüşünə xələl gətirir. Şəhərin gözləlliyinin 50 faizi reklam lövhələridir. Ona görə də biz çalışırıq ki, reklamlar da şəhərin görünüşünə uyğun gəlsin.

2018-ci ildə standartlara cavab verməyən ümumilikdə 5022 reklam lövhəsi sökülüb, 2019-cu il ərzində isə 2130 reklam lövhəsi sökülüb. Biz reklamları müasir formaya salmaq istəyirik. Məsələn, Londonda bir küçədə 2 ədəd işıqlı reklam lövhəsi olur. Ancaq bizdə bir küçədə çox sayda reklam lövhəsi quraşdırmaq istəyirlər. Bu eyni zamanda reklamın dəyərini aşağı salır. Biz isə çalışırıq bazarı tənzimləyək, həm reklamın dəyəri, həm də nizam-intizam olsun".

Marketinq,
03.07.2019 10:15 139
Teqlər: sədr direktor, açıqlama, sökülmə, lövhə, dayaq, reklam, marketinq, İqtisadiyyat, dövlət, agentlik,