Logo

Bakının “yerüstü metrosu” nəqliyyat problemini aradan qaldıra biləcəkmi?


Ötən gün ölkə Prezidentinin iştirakı ilə Sabunçu dəmiryolu vağzalının açılışı baş tutdu. Dəmiryolları QSC-nin sədri Cavid Qurbanov verdiyi açıqlamada bildirib ki, yeni istifadəyə verilən vağzal sərnişinlərə xidmət göstərmək üçün hazırdır. Onun sözlərinə görə, Bakı sərnişin-Sabunçu dəmiryol xətti üzərindəki Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları tamamilə yenidən qurulub. Cavid Qurbanov həmçinin, dəmiryolu xəttlərinin Əhmədli, Zirə, Pirallahı və Heydər Əliyev adına hava limanına qədər uzadılacağını və bu yolların davamlı olaraq tikiləcəyini də vurğulayıb. Göründüyü kimi paytaxtın geniş hissəsini əhatə edəcək dəmiryolu xəttləri şəhərin nəqliyyat infrastrukturuna hansı müsbət nəticələri verəcək? Şəhərdə müşahidə olunan sıxlıq aradan qaldırılacaqmı?

Mövzu ilə əlaqədar şəhər nəqliyyat eksperti Hüseyn Abdullayev İqtisadiyyat.Az-a açıqlama verərkən, paytaxtın hazırda fəaliyyətdə olan və bərpası düşünülən dəmiryol xəttlərinin adlarını çəkib.

“Hazırda gedən dəmiryolu layihəsi bir neçə mərhələyə bölünüb. İlk növbədə Bakı-Sumqayıt dairəsində hərəkət tam olaraq bərpa olunacaq. Dairənin qərb hissəsi Bakı-Biləcəri-Xırdalan-Sumqayıtdır ki, o da 2015-dən bu yana işləyir. Hazırda həmin reysdə gündə 14 cüt qatar hərəkət edir. Şərq hissə olan Koroğlu-Bakıxanov-Sabunçu-Zabrat-Pirşağı da Sumqayıt stansiyasına qoşulur. Vaxtilə mövcud olan bu xəttlərdə budaqlanmalar var. Xətt Bakıxanov stansiyasından Bülbülə-Binədən keçərək Pirallahıya qədər gedir. Bir budaqlanma da Suraxanıdan Hövsan stansiyasına qədər gedir. Zabrat stansiyasından da bir budaqlanma Maştağa və Bağlar istiqamətinə gedib çıxır. Deyilənlərə görə, həmin dəmiryolları bərpa olunacaq”.

Hüseyn Abdullayev şəhərin nəqliyyat problemlərinin həllinə gəlincə isə bunları deyib: “Yüksək hərəkət instensivliyi təşkil olunsa, ictimai nəqliyyatın digər növləri ilə düzgün əlaqələndirilsə hesab edirəm ki, Bakı və Abşeron yarımadası üçün yerüstü metro funksiyasını oynaya bilər. Bununla da şəhərin bir çox nəqliyyat problemləri həll olunacaq. Məlumdur ki, şəhərin əsas sıxlığı giriş-çıxış hissələrində müşahidə olunur. Dəmiryolu da çoxlu sayda sərnişindaşıma qabiliyyətinə malikdir. Əgər yeni xəttlər Bakı-Sumqayıt xətti kimi fəaliyyət göstərsə elə də çox sərnişin daşıma qabiliyyəti olmayacaq”.

Mehman Nəbiyev

Nəqliyyat,
22.05.2019 15:45 585
Teqlər: yeni, xidmət, açılış, Prezident, sədr, ekspert, infrastruktur, xətt, dəmiryol, şəhər, nəqliyyat, İqtisadiyyat, qəsəbə, dairəvi, layihə,