Logo

Azərbaycanın maliyyə bazarında əsas iştirakçıların sıradan çıxma səbəbləri- ŞƏRH


2017 və 2018-ci illərdə 42 bank olmayan kredit təşkilatı(BOKT) ləğv olunub. Belə ki, 2017-ci ildə 123 olan kredit təşkilatları sayı, 2018-də 104-ə düşüb. Özəl BOKT-ların sayı 122-dən 103-ə düşdüyü halda, dövlət BOKT-larının sayı dəyişməyib. 2017-ci ildə 1 təşkilat fəaliyyət üçün lisenziya alıb, 22 təşkilatın lisenziyası isə ləğv edilib. Ötən il də 1 təşkilat fəaliyyət üçün lisenziya alıb və 20 təşkilatın lisenziyası ləğv edilib. Görünən odur ki, devalvasiyalar banklara mənfi təsir etdiyi kimi bank olmayan kredit təşkilatlarına da zərər vurub.

BOKT-ların ləğv edilməsinə başqa hansı amillər təsir edir və Azərbaycanda BOKT-ların maliyyə bazarında rolu necədir? İqtisadiyyat.Az-ın bu sualına maliyyə-kredit üzrə iqtisadçı ekspert İlham Əzizov cavab verib. İlham Əzizov sözügedən təşkilatların ölkənin maliyyə bazarındakı rolundan və qoşu ölkələrdəki fəaliyyətindən danışıb.

“Son dövrlər BOKT-ların ləğv olunmasının bir neçə başlıca səbəbləri var. Məlumdur ki, Azərbaycanda baş verən devalvasiyalardan sonra banklar və BOKT-ların vəziyyəti çətinləşib. Problemli kreditlər BOKT-larda da çoxluq təşkil edir. BOKT-lar əsasən mikro maliyyələşdirmə, kiçik və orta sahibkarlığa kömək məqsədilə daha çevik kredit vermə qabiliyyəti olduğuna görə, maliyyə bazarının əsas iştirkaçılarındandır. Son dövrlər təşkilatlar ciddi zərərlərə məruz qalıblar. Ona görə də bu işlərlə məşğul ola bilmirlər və zərərli təşkilatlara çevriliblər. Bu səbəblə Mərkəzi Bank və MBNP onlara artıq lisenziya vermirlər. Azərbaycanda ləvğ olunan banklar getdikcə BOKT-lara çevrilə bilirlər. Həmin banklar hazırda fəaliyyətdə olan lakin, zərərli BOKT-ları alırlar və onların adı altında fəaliyyət göstərirlər. Qonşu Rusiyada və Türkiyədə BOKT-lar geniş fəaliyyət göstərirlər. Hər il Rusiyada onların sayı 50%-dək artır. Stabilik şəraitində onlar çox normal işləyən maliyyə institularıdır. Amma böhran vaxtlarında həmin təşkilatlar çətinliyə düşürlər”.

Ekspert ölkədə BOKT-ların fəaliyyətinin onların normativ aktlarının yenidən işlənməsi ilə bərpa edilməsinin vacib olduğunu bildirib: “Onu da qeyd etmək lazımdır ki, əsasən BOKT-lar Milli Bankın son dövrlərdə kreditin yuxarı həddinin müəyyən olunmasından sonra artıq zərərlə işləyirlər. Çünki onlar əhalidən əmanət, ucuz kredit qəbul edə bilmirlər və bu da digər tərəfdən baha başa gəlir. Çünki o zaman həmin təşkilatlar əhaliyə, kiçik və orta sahibkarlara baha faizlə kredit verirdilər. Həmin kreditləri də vermək mümkün olmadığı üçün BOKT-lar zərərlə işləyirlər və artıq bazardan çıxırlar. Amma gələcəkdə onların normativ hüquqları yenidən işləmək və iqtisadiyyatımızda mühüm rolunu bərpa etmək lazımdır”.

Qeyd dək ki, BOKT-lar maliyyə-kredit bazarının əsas iştirakçılarındandır. Hazırda ölkədə 40 dan yuxarı BOKT var ki, onların da fəaliyyəti BOKT qanunu, Konstitusiya, Mülki Məcəllə, Milli Bank haqqında qanunlarla və iştirakçısı olduğumuz beynəlxalq müqavilələrlə tənzimlənir. BOKT-ların cəlb etdiyi və verdiyi girov əmanəti kreditləri üzrə dövlət heç bir məsuliyyət daşımır. Əvvəla, bu təşkilatlar əlavə vəsaitlərin kreditə cəlb olunması baxımdan çox vacibdir. Dünyanın bir çox ölkələrində də BOKT-lar fəaliyyət göstərir. BOKT-lar girov əmanəti qəbul edə bilən və buna tamamilə hüququ olmayan 2 növə ayrılırlar. Xarici ölkələrin BOKT-larının Azərbaycanda yerləşən filialları girov əmanəti yerinə yetirə bilməzlər. Onların fəaliyyətinə MBNP nəzarət edir.

 

Mehman Nəbiyev

Maliyyə,
22.05.2019 14:46 145
Teqlər: nəzarət, mərkəzi, orta, kiçik, sahibkar, bazar, devalvasiya, ləğv, təşkilatı, kredit, bank, maliyyə, İqtisadiyyat, qanun, normativ,