Logo

“Gəlin, pulunuzu götürün” - Əmanətçilərə qeyri-adi ÇAĞIRIŞ


ABŞ-ın ən böyük banklarından olan JPMorgan Chase və Citigroup iri korporativ müştərilərə onların vərdiş etmədiyi təkliflər etməyə başlayıb: banklarda saxladıqları depozitləri çıxarmaq və başqa maliyyə fondlarına yatırmaq.

ABŞ Mərkəzi Bankının (Fed) hələ martın əvvəllərində banklar üçün kapital həddinə dair güzəştlərin son tarixi barədə açıqlamalarından sonra hazırkı vəziyyət müəyyən dərəcədə gözlənilən idi.

Xatırladaq ki, Fed martın 19-dakı açıqlamasında Əlavə Kapitallaşma Əmsalının (Supplementary Leverage Ratio - SLR) yuxarı həddi ilə əlaqədar iri ABŞ banklarına pandemiyaya görə tətbiqi etdiyi güzəşt dövrünün martın sonunda başa çatacağını bildirmişdi. Əlavə Kapitallaşma Əmsalı (SLR) iri banklara aktivlərinin 3%-nə qədər həcmdə kapital saxlamağa, ABŞ iqtisadiyyatı üçün sistemli əhəmiyyət daşıyan banklar üçün isə aktivlərin 5%-ə qədər kapitala malik olmağa imkan verir. Həmçinin, bankların cəlb etdiyi depozitlərlə verdikləri kreditlər arasında nisbət qorunmalıdır. Bu qaydalar 2008-ci ilin qlobal maliyyə böhranından sonra 2010-cu ildə Bazel Bank Nəzarət Komitəsi tərəfindən qəbul edilmiş və ABŞ-da 2012-ci ildən etibarən tətbiq olunmağa başlamışdır.  Ötən ilin aprelində qaydalara edilmiş dəyişikliklər iri banklara SLR-i hesablayarkən ABŞ Xəzinədarlıq obliqasiyalarını və Mərkəzi Bankın bu bankların hesablarında saxlanan depozitlərini öz balans hesabatlarında nəzərə almamağa imkan verirdi.

2020-ci ilin sonunda JPMorgan ABŞ bankları içərisində  ən aşağı - 6,9% ilik SLR-ə malik idi, Citigroupda bu rəqəm 7% təşkil edirdi. Bu ilin ilk rübündə üç ən böyük ABŞ bankında - JPMorgan, Bank of America və Citi-də saxlanan depozitlərin həcmi əlavə 243 milyard dollar artıb. Financial Times-ın bu üç bankın rəsmi məlumatları əsasında tərtib etdiyi qrafik 2018-2020-ci illərdə kreditlərin həcminin 2 trilyon həcmində qaldığını, depozitlərin isə təkcə 2020-ci ildə 1 trilyon dollar artaraq, 4 trilyon dollara yüksəldiyini göstərir.

Adətən, depozitlərin artımı daha sağlam iqtisadiyyatın göstəricisidir və banklara daha çox vəsaitləri kredit şəklində ayırmağa imkan verir. Lakin, ABŞ hökumətinin ötən ilin aprelindən bəri iqtisadiyyata səpələdiyi trilyon dollarlarla ölçülən yardım və stimullaşdırma paketləri nəticəsində biznes hələlik vəsait üçün banklara çox üz tutmur. Nəticədə müqayisəli kredit tələbatının olmaması sərəncamlarında həddən artıq sərbəst vəsait qalan bankların depozit xərclərini də artırır. Həm bu səbəbdən, həm də Fed-in əvvəl qoyduğu yuxarı hədd tələblərini bərpa etməsinə görə banklar tənzimləyici orqanın qaydalarını pozmamaq və cərimələrə məruz qalmamaq üçün əllərində olan depozitlərin başqa sahələrə yönəldilməsində maraqlıdır.

JPMorgan bankının baş maliyyə direktoru Cenn Piepszak-ın fikrincə, “depozitlərdən üz döndərmək banklar üçün qeyri-təbii hərəkətdir və belə tədbirlər uzunmüddətli perspektivdə sistem üçün yaxşı nəticələr vəd etmir”. Depozit vəsaitlərini digər pul bazarı alətlərinə yönəltmək banklar üçün yeganə alternativdir,  çünki bu halda proses onların aktivlərin idarə olunması bölmələrinin nəzarətindən keçir və həmin vəsaitlər SLR-in hesablanmasında nəzərə alınmır. Lakin həm JPMorgan bankının baş direktoru Cemmi Dimon, həm də Citi-nin baş maliyyə direktoru Mark Mason Fed-in bu qaydalara fundamental dəyişiklik edəcəyinə və banklara yeni güzəştlər edəcəyinə ümidvardır.Fins.az

Bank,
04.05.2021 12:16 1322
Teqlər: