Logo

Prezidentdən iranlı jurnalistə: "Siz terrorçu qruplardan danışdınız, hansı məlumatlara istinad edirsiniz?"


Azərbaycan Prezidenti İlham Əliyev İranın “Mehr” agentliyinin jurnalistinə irad bildirib.

Dövlət başçısının keçirdiyi mətbuat konfransında iranlı jurnalistin İkinci Qarabağ Müharibəsində terrorçu qrupların regionda olması barədə fikir bildirib.

İlham Əliyevin cavabı belə olub: “Bir məsələyə aydınlıq gətirmək istəyirəm. Siz terrorçu qruplardan danışdınız, hansı məlumatlara istinad edirsiniz, hansı ölkələrdən alınmış məlumatlardan söhbət gedir?”.

Jurnalist çətin vəziyyətə düşərək deyib: “Müxtəlif ölkələrin xəbər agentlikləri bu barədə yazırdılar. İcazənizlə onların adını sadalamayım”.

Prezident isə qeyd edib: “Sizin sualınız ittiham formasındadır. Hər hansı məlumat haqqında danışarkən mənbə qeyd edilməlidir. Siz mənə dəqiq məlumat verə bilmirsiniz. Kimisə ittiham etmək asandır, siz onu sual formasında verə bilərsiniz, amma dediyinizin arxasında durmalısınız”.

Jurnalist daha da çətin duruma düşüb və “gəlin ikinci sualıma cavaba keçək”.

İlham Əliyev isə deyib: “Mən hesab edirəm ki, siz özünüz birinci sualınıza cavab verdiniz. Elə hesabatlar, məlumatlar yoxdur ki, müharibə zamanı hər hansı terrorçu qrup iştirak edib. Bunlar uydurulmuş məlumatlardır. Təəssüf edirəm ki, dost ölkənin jurnalisti belə suallar verir. Bizim Ordumuz torpaqlarımızı işğaldan azad edib”.

Ölkə,
26.02.2021 13:51 1365
Teqlər: