Logo

Laçın işğaldan azad edilir


Ermənistan silahlı qüvvələrinin 28 ildir işğal altında saxladıqları Laçın rayonu bu gün Azərbaycana təhvil verilir.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiyanın Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanatına əsasən həyata keçirilir.

Xatırladaq ki, Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən sənəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başladığı Vətən Müharibəsindəki qələbəsi, 300-ə yaxın kəndin, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və Şuşa şəhərlərinin, dörd qəsəbənin, çoxsaylı strateji yüksəkliklərin azad olunmasından sonra imzalanıb.

Qeyd edək ki, Laçın rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən 1992-ci il mayın 18-də işğal olunub və bununla Dağlıq Qarabağdakı quldur rejimin Ermənistanla avtomobil yolu əlaqəsi yaranıb.

İşğal nəticəsində Laçında bir şəhər, bir qəsəbə və 125 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub.

Rayon üzrə bir yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib.

Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi 28 il işğal altında qalıb.

İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib və ya erməniləşdirilib.

Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salıb.

Qeyd edək ki, üçtərəfli razılaşma ilə Ermənistan noyabrın 15-də Kəlbəcər, noyabrın 20-də Ağdam, dekabrın 1-də isə Laçını təhvil verməklə bağlı öhdəlik götürüb.

Noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Respublikasının Prezidenti Vladimir Putinlə telefon danışığı baş tutub. Telefon danışığı zamanı Rusiya lideri Ermənistan tərəfinin Kəlbəcərin təhvil verilməsi ilə bağlı möhlət istəməsi barədə xahişini Azərbaycan Prezidentinə çatdırıb.

Azərbaycan Kəlbəcərin relyefini nəzərə alaraq, humanist addım atıb və təhvilin noyabrın 25-də baş tutmasına qərar verilib.

Beləcə, noyabrın 20-də Ağdam rayonu, 25-də isə Kəlbəcər rayonunu Azərbaycana təhvil verilib.

QARABAĞ,
01.12.2020 00:14 1297
Teqlər: