Logo

“Qazprom” Polşa şirkətinə 1,5 milyard təzminat ödədi


Rusiyanın “Qazprom” şirkəti qazın qiymətini yüksək təyin etdiyinə görə Stokholm Arbitraj Məhkməsinin təyin etdiyi 1,5 milyard dollar həcmində təzminatı Polşanın PGNiG şirkətinə ödəyib.

Bu barədə “İnterfaks”a “Qazprom eksport” şirkəti açıqlama yayıb.

Polşa tərəfi Yamal-Avropa boru xətti ilə qaz nəqlinə və alqısına dair 1996-cı ildə bağlanmış müqavilənin qazın qiyməti ilə bağlı hissəsinin dəyişdirilməsi tələbi ilə 2014-cü ildə məhkəməyə müraciət etmişdi. Məhkəmə bu ilin martında bu tələbi təmin edərək “Qazprom”un 2014-cü ilin noyabrından bəri qaza görə artıq aldığı pulun geri qaytarılması barədə qərar çıxarıb.

Təzminatı ödəməsinə baxmayaraq, “Qazprom” və “Qazprom eksport” qərardan appelyasiya şikayəti veriblər. Onlar bu məsələdə hüquqi yolları axıradək getməkdə qərarlı olduqlarını açıqlayıblar.

Qeyd edək ki, Yamal-Avropa kəməri ilə Polşaya satılan qazın illik 9,8 milyard kubmetri üzrə “al, ya da dəyərini” ödə prinsipi tətbiq olunurdu. Bu, Rusiya inhisarçısının öz alternativsizliyindən istifadə edərək bir çox ölkələrə sırıdığı ədalətsiz prinsipdir – alıcı ölkə müqavilədə nəzərdə tutulan həcmi almasa belə, dəyərini ödəməli olur.

Polşadan əvvəl Ukrayna bu prinsipin ləğvi ilə bağlı Stokholm Arbitraj Məhkəməsinə müraciət edərək “Qazprom”un 3 milyard dollar ödəməsinə nail olub. Hazırda Türkiyə şirkətlərinin də “Mavi axın” və “Türk axını” kəmərləri ilə aldıqları qaza görə eyni prinsip üzrə “Qazprom” qarşısında 2 milyard dollara qədər borcu yaranıb. Onların da məsələni məhkəmə yolu ilə həll etməyə hazırlaşdıqlarına dair məlumatlar yayılmaqdadır.

Polşa isə Rusiyadan qaz alışını bütünlüklə dayandırmaq niyyətindədir. Yamal-Avropa kəməri üzrə müqavilə 2022-ci ildə başa çatır və Polşa artıq indidən öz qaz ehtiyacının böyük hissəsini ABŞ, Qatar maye qazı hesabına təmin etməyə başlayıb. Eyni zamanda polyaklar Norveçdən qaz almaq üçün “Baltic Pipe” qaz kəmərinin çəkilişinə başlayıblar.

Sənaye,
01.07.2020 19:30 452
Teqlər: