Logo

Qəbələ taxılçıları indiyədək zəmilərdən 38 min tondan çox məhsul toplayıblar


Qəbələ rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası mütəşəkkil davam etdirilir. Bu günədək 4 min 500 hektar arpa və 7 min 650 hektar buğda sahəsinin məhsulu biçilib, 38 min 664 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 31,8 sentner təşkil edir.

Bu barədə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.

Sektor müdiri bildirib ki, tədarük olunan taxılın 13 min 725 tonu arpa, 24 min 939 tonu buğdadır. Arpa sahələrinin hər hektarından orta hesabla 30,5 sentner, buğda sahələrindən isə 32,6 sentner məhsul götürülüb. Rayon üzrə ən yüksək məhsuldarlıq Nic qəsəbəsinin, Bunud və Çuxur Qəbələ kəndlərinin taxıl sahələrində qeydə alınıb. Belə ki, həmin ərazidəki təsərrüfatlarda arpa sahələrində orta məhsuldarlıq 38 sentner, buğda zəmilərində isə 40-45 sentner təşkil edir.

Hazırda sahələrdə 50-dək taxılbiçən kombayn işləyir.

Xatırladaq ki, builki mövsümdə Qəbələ rayonunda 19 min 450 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 14 min 558 hektarını buğda, 4 min 892 hektarını isə arpa sahələri təşkil edir.

 

Aqrar,
30.06.2020 12:39 454
Teqlər: