Logo

Ukrayna əcnəbi turistlər üçün viza rejimini liberallaşdırır


Ukrayna Prezidenti Vladimir Zelenski xarici turistlər üçün viza rejiminin sadələşdirilməsinin vacib olduğunu bildirib və bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin rəhbərliyinə müvafiq tapşırıq verib. Bu barədə “UNİAN” agentliyi məlumat yayıb.  

Dövlət başçısı bu günlərdə Xmelnitski vilayətində yerləşən tarixi Kamenets-Podolski qalamuzeyini ziyarət edərkən ölkədə turizmin inkişafının əhəmiyyətindən danışaraq deyib ki, Çin, Avstraliya, Yeni Zelandiya, eləcə də ərəb ölkələrindən gələn turistlər üçün viza rejimi tezliklə ləğv ediləcək.

Qeyd etmək lazımdır ki, Ukrayna iqtisadiyyatı hazırda özünün çətin dövrünü yaşayır. İqtisadi İnkişaf Nazirliyinin rəsmisi məlumat verib ki, bu ilin yanvar-aprel ayları ərzində ümumi məhsul istehsalı 5 faiz azalıb. Buna, ilk növbədə koronavirus təhlükəsi ilə bağlı ölkədə həyata keçirilən sərt karantin tədbirləri səbəb olub.

Ukraynada koronavirusa ilk yoluxma hadisəsi bu il martın 3-də qeydə alınıb. Bu günə qədər 23 mindən çox insanın COVİD-19 infeksiyasına yoluxduğu müəyyən edilib. Onlardan 679 nəfər dünyasını dəyişib. Son günlər ərzində hökumət bir çox karantin tədbirlərini yumşaltmağa başlayıb. Bununla bərabər, ölkə rəsmiləri, mütəxəssislər əhalini ehtiyatlı olmağa çağırırlar.

Sonda bildirək ki, Ukrayna hökuməti ölkədə iqtisadi tənəzzülün qarşısıını almaq və iqtisadiyyatı təşviq etmək üçün Beynəlxalq Valyuta Fondundan iri kredit almağa çalışır. Lakin fondun rəhbərliyi bunun üçün Kiyevdən islahatları dərinləşdirməyi, büdcə xərclərini kəskin azaltmağı tələb edir ki, Ukrayna hökuməti bunun əhalinin narazılığına səbəb olacağından narahat olur. 

Turizm,
06.06.2020 17:15 399
Teqlər: