Logo

"Nissan" Peterburqdakı zavodunu - MÜVƏQQƏTİ BAĞLAYIR


Yaponiyanın "Nissan" şirkətinin Rusiyanın Sankt-Peterburq şəhərindəki zavodu COVID-19 pandemiyası fonunda avtomobillərə tələbatın azalması səbəbindən mayın 29-dan iyunun 30-dək istehsalı dayandıracaq.

"Nissan Russia" istehlak malları sektorunda fəaliyyət göstərən bir çox Rusiya şirkətləri kimi, COVID-19 koronavirus pandemiyasının nəticələrindən ciddi şəkildə təsirlənir. Mayın 18-də bərpa olunan "Nissan"ın Sankt-Peterburq zavodundakı avtomobil istehsalı bazar tələbatının az olması səbəbindən iyunda dayandırılacaq.

Bundan öncə "Nissan" zavodunda istehsal martın 30-da dayandırılmışdı. Mayın 18-də isə müəssisə fəaliyyətini ikinövbəli rejimdə bərpa etmişdi. Həmçinin bildirildi ki, avtomobillərə tələbatın azalması səbəbindən "Nissan" Sankt-Peterburqdakı zavodunda bir neçə ay ərzində birnövbəli iş rejimində işləyəcək və bu baxımdan müəssisədəki işçilərin sayının azaldılması variantları nəzərdən keçirilir. Tərəflərin razılığı ilə avqusta qədər təxminən 450 nəfərin tədricən şirkətdən ayrılacağı təxmin edilir.

Sankt-Peterburqdakı "Nissan" zavodu 2009-cu ilin iyunundan fəaliyyət göstərir. Hazırda zavod üç model istehsal edir: "Qashqai", "X-Trail" və "Murano". Müəssisədə təxminən 2 min nəfər işləyir.

(Apa)

Avto,
28.05.2020 16:39 843
Teqlər: