Logo

“Naxçıvan” Universitetinin qəbul planına yeni ixtisaslar daxil edilib


“Naxçıvan” Universitetində 2020-2021-ci tədris ili üçün bakalavr səviyyəsində 410 yer, magistratura səviyyəsində 21 yer tələbə qəbulu planı nəzərdə tutulub. 

“Naxçıvan” Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, bakalavr səviyyəsində kadr hazırlığı aparılan Azərbaycan dili və ədəbiyyat müəllimliyi, coğrafiya müəllimliyi, tarix müəllimliyi, xarici dil müəllimliyi (ingilis dili), beynəlxalq münasibətlər, dinşünaslıq, filologiya (alman dili və ədəbiyyatı), iqtisadiyyat, mühasibat, maliyyə, turizm işinin təşkili ixtisasları ilə yanaşı, qəbul planına yeni ixtisaslar daxil edilib. 

Bu ildən universitetdə beynəlxalq ticarət və logistika, informasiya texnologiyaları, kompüter mühəndisliyi, tərcümə (ingilis dili), riyaziyyat müəllimliyi ixtisasları üzrə də qəbul aparılacaq. 
Magistratura səviyyəsində qəbul aparılan Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası, xarici dilin tədrisi metodikası və metodologiyası, riyaziyyat fənninin tədrisi metodikası və metodologiyası, coğrafiya fənninin tədrisi metodikası və metodologiyası, pedaqogika nəzəriyyəsi və tarixi ixtisasları ilə yanaşı, bu ildən iqtisadiyyatın tənzimlənməsi, bank işi, islamşünaslıq, dinin fəlsəfəsi, dilşünaslıq (ingilis dili) ixtisasları da qəbul planına əlavə edilib. 

Qeyd edək ki, yüksək ixtisaslı kadr hazırlığı aparmaq üçün “Naxçıvan” Universiteti kifayət qədər maddi-texniki baza və kadr potensialına malikdir.

Yeddi binadan və yardımçı qurğulardan ibarət möhtəşəm universitet şəhərciyində arxitektura və pedaqoji baxımdan mükəmməl olan tədris korpusları, yüksək zövqlə dizayn edilmiş mühazirə və məşğələ otaqları, kabinə və mərkəzlər mövcuddur.

Təlim prosesində ən son modifikasiyalı texnologiyalardan istifadə olunur. Universitet dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.

Təhsil,
20.05.2020 15:23 315
Teqlər: