Logo

AMB və EBRD 200 milyon ABŞ dolları məbləğində svop müqaviləsi bağlayıb


Azərbaycan Mərkəzi Bankı (AMB) pandemiya şəraitində biznes və əhaliyə dəstəyin göstərilməsi istiqamətində kompleks tədbirlərini davam etdirir. 

Bu barədə AMB-nin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, bu istiqamətdə mühüm yeniliklərdən biri də AMB-nin beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığı çərçivəsində iqtisadiyyatın maliyyə xidmətlərinə çıxışını daha da artırmaq üçün yeni maliyyə alətlərinin tətbiqidir. Bu məqsədlə Koronavirus pandemiyası dövründə real sektorun maliyyə resurslarına çıxış imkanının artırılması məqsədilə AMB və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ümumi məbləği 200 milyon ABŞ dolları olan svop müqaviləsi bağlayıb. Bununla da  EBRD yerli valyutaya etibarlı çıxış imkanı əldə etməklə yerli şirkətlərə milli valyutada kredit dəstəyi göstərməyə yeni imkanlar əldə edəcək. Bu məbləğin 50 milyon ABŞ dolları, yəni 85 milyon manat ekvivalentinin cari ildə müvəqqəti çətinliklərlə üzləşən yerli şirkətlərə, xüsusilə də nisbətən kiçik şirkətlərə verilməsi nəzərdə tutulur.

Bu razılaşma pandemiyadan təsirlənmiş biznes subyektlərinin dəstəklənməsi ilə yanaşı, ölkəmizdə törəmə maliyyə alətlərindən istifadənin genişləndirilməsini və alternativ maliyyələşmə aləti kimi istifadəsini də təşviq edəcək. Bu, AMB-nin beynəlxalq müstəvidə həyata keçirdiyi strategiyanın, beynəlxalq maliyyə təşkilatları ilə olan sıx əməkdaşlığın və törəmə maliyyə alətləri üzrə beynəlxalq çərçivə razılaşmasının ölkəmizin pul və kapital bazarında tətbiqi nəticəsində əldə olunmuş nailiyyətdir.

Eyni zamanda Azərbaycan kapital bazarının inkişaf etdirilməsi istiqamətində AMB və EBRD arasında yerli bazarda manatda istiqraz emissiyasının həyata keçirilməsi və törəmə maliyyə alətləri bazarının hüquqi çərçivəsinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə əməkdaşlıq davam etdirilir.

Qeyd edək ki, EBRD Azərbaycan ilə uzunmüddətli səmərəli əməkdaşlıq həyata keçirir. Bu günə qədər Bank Azərbaycan iqtisadiyyatına 170 layihə üzrə 3,3 mlrd. avro vəsait investisiya edib. EBRD həmçinin kiçik və orta sahibkarlıq subyektlərinə biznes məsləhət xidmətləri də göstərir və 1 000-dən çox şirkətin maliyyə nəticələrinin və inkişafının təkmilləşdirilməsi istiqamətində texniki dəstək göstərib.

Bank,
19.05.2020 17:09 272
Teqlər: