Logo

Virusa görə ləğv edilmiş səfər biletləri - NECƏ QAYTARILIR?


Ölkədə karantin rejimi tətbiq edildiyindən və sərhədlər bağlı olduğundan turizm sektorunda tam durğunluq müşahidə edilir.

FED.az xəbər verir ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ekspertlər şurasının sədri Göydəniz Qəhrəmanov qeyd edib ki, bu sektorun təmsilçilərinin üzləşdiyi problemlərdən biri də əvvəlcədən alınan biletlərin, turpaketlərin geri qaytarılması, rezervasiyaların ləğv edilməsidir. Heç bir gəlirin olmadığı bir vaxtda şirkətlər kütləvi şəkildə geri qaytarılan biletlərə və turpaketlərə görə ödəniş etmək imkanında deyil. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının tövsiyələrinə uyğun olaraq aviabiletini geri qaytarmaq istəyən şəxslər bəzi təklifləri nəzərə ala bilərlər.

Təkliflərdən biri budur ki, uçuşlar bərpa olunduqdan sonra 1 il ərzində bileti dəyişdirmək mümkündür. İkinci təklif biletlə eyni dəyərdə vauçer verilməsidir. Məsələn, biletin qarşılığında 400 manatlıq vauçer verilibsə, gələcəkdə 500 manatlıq aviabilet alarkən müştəri vauçeri pul əvəzi kimi verəcək, qalan 100 manatı da nağd ödəməklə yeni istiqamətə aviabilet əldə edəcək. Bəzi hava yolu şirkətləri vauçerləri adsız verir, yəni siz vauçerləri qohumlarınıza, dostlarınıza hədiyyə edə bilərsiniz. Bu təklifləri qəbul etməyib biletinin haqqını tam geri almaq istəyənlər isə uçuşların bərpa olunmasını gözləməlidir. Bu isə bir qədər vaxt ala bilər.

Göydəniz Qəhrəmanovun sözlərinə görə, otellər, turoperatorlar da öz müştərilərinə təxminən oxşar təkliflər irəli sürürlər. Lakin karantin rejimi ilə əlaqədar bəzi vətəndaşlar şirkətlərlə əlaqə qurmaqda çətinlik çəkir. Onlara tövsiyə edirik ki, karantin rejiminin başa çatmasını gözləsinlər.

Turizm,
19.05.2020 12:22 888
Teqlər: