Logo

ONLAR ELƏ STİV COBSUN DEDİYİ KİMİ İŞLƏYİRLƏR...


“Reklam Agentliyi müştərinin cari və strateji marketinq- reklam ehtiyacına bir həkim kimi diaqnoz qoyur və “dərdini” müalicə edir. Müştərinin dərdindən asılı olaraq dərmanı da müxtəlif ola bilər”.

Bu yaxınlarda reklam agentlikləri ilə bağlı araşdırma edərkən yazılardan birində oxuduğum bu hissə çox xoşuma gəldi. Günümüzdə agentliklərin  marketinq bazarı üçün təbib kimi qiymətləndirilməsi olduqca müsbət haldır. Onu da qeyd edək ki, hazırda bu təbiblərin sayı çoxdur. Amma maraqlıdır ki, bazarda görünən kəmiyyət, işlərin keyfiyyəti ilə nə dərəcədə mütənasiblik təşkil edir? Ümumiyyətlə, biznes şirkətləri yerli reklam agentlikləri ilə işləməkdə nə qədər maraqlıdırlar? Məsələnin bir az dərinliyinə varanda bazardakı vəziyyətin heç də ürəkaçan olmadığını görürük. Çünki şirkətlərin bəzisi reklam işlərini öz daxili imkanları hesabına etmək istəyir, bəzisi də xarici şirkətlərlə əməkdaşlığa üstünlük verir. Bu isə yerli reklam agentliklərinə həm maddi, həm mənəvi ziyan edir. İşin maddi tərəfi hər kəsə aydındır, amma mənəvi tərəfindən bir az danışmağa ehtiyac var. Belə ki, bir şirkət düşünün, bütün kreativliyi, peşəkarlığı və məsuliyyəti ilə bazarda xidmət göstərir. Amma qazanmalı olduqlarını Azərbaycan bazarını yaxşı bilməyən, bizim insanların psixologiyasına, mental düşüncələrinə bələd olmayan, bizim mühitə tamam yad olan xarici şirkət qazanır. Maraqlıdır, bazarda şirkətlərə istədikləri xidməti təqdim edəcək yerli reklam agentlikləri yoxdurmu?  Ona görə qərara gəldik ki, kiçik bir araşdırma edib, bazardakı reklam agentliklərinin fəaliyyətini analiz edək. Düşündük ki, bu işdə bizə bazarı yaxşı bilən mütəxəssislər və reklam şirkətlərinin müştəriləri daha yaxşı kömək edə bilər.

Bu mütəxəssislərdən ümumi bazar haqqında da soruşa bilərdik. Lakin cavablar dağınıq olacaqdı və biz də sualımızın cavabını tam olaraq ala bilməyəcəkdik. Ona görə də, ən yaxşı həll yolu kimi tək bir agentliyi seçərək araşdırmanı onun üzərindən aparmaqda qərarlaşdıq.

İlkin araşdırmalardan sonra  qərara gəldik ki, bu yazımızda “Yello Advertising” şirkətinin timsalında yerli reklam agentliklərindən, onların bazardakı  yerindən,  iş fəaliyyətindən söhbət açacağıq. Sual oluna bilər ki, bu qədər şirkət var ikən nə üçün “Yello”? Çünki bu şirkət bazarda davamlılığı , uzunmüddətli fəaliyyəti, marketinq sektoruna davamlı dəstəyi (müxtəlif forumlar, tədbirlər və s.) və səs-küyə səbəb ola bilmiş layihələri (rayikonlar və s.) ilə çoxlarından seçilir.

“Yello Advertising”in fəaliyyətini analiz edəndə aydın görünür ki...

“SAT” Group şirkətinin təsisçisi Azad Qəhrəmanov bu şirkətin işinin keyfiyyətini və qiymət strategiyalarını bəyəndiyini bildirir: “Yello” şirkəti ilə tanışlığımız təxminən 4-5 il əvvəl “Milli Marketinq Forumu”nda olub. Həmin dövrdə forumun konseptini hazırlamaq “Yello” şirkətinə həvalə edilmişdi. Açığı, elə bilirdim ki, bu işi hansısa xarici şirkət görüb.

 

Çünki həqiqətən ortada çox sanballı, zövqlü və keyfiyyətli iş vardı. Elə o forumda şirkətin həmtəsisçisi Namiq Bayramovun çıxışını dinləmişdim və çox bəyənmişdim. Yəni düşünmüşdüm ki, nə yaxşı ölkəmizdə işini bu səviyyədə bilən peşəkarlar var. Şirkət və təsisçiləri ilə ilkin tanışlıqdan artıq uzun müddət keçib. İndi həm yaxın dost, həm də qonşuyuq. Təbii ki, şirkətin xidmətlərində də istifadə edib çox razı qalmışıq. “Yello Advertising”in fəaliyyətini analiz edəndə aydın görünür ki, işlərini nə qədər keyfiyyətli və peşəkarlıqla yerinə yetirsələr də qiymətləri bir az zarafatyana desək, “göylə” getmir”.

A. Qəhrəmanov deyir ki, şirkətin inkişaf naminə daim öz üzərində işləməsi olduqca müsbət haldır: “Komandaları isə işini həqiqətən sevən və peşəkarcasına görən gənclərdən ibarətdir. Daim bazarı araşdırırlar, yeniliklərdən xəbərdar olurlar. Həmçinin elə bir faydalı tədbir, forum olmaz ki, bu komandanı orada görülməsin. Məncə, bu şirkətin ən böyük üstünlüyü Azərbaycan bazarını hərtərəfli şəkildə bilmələridir. Ölkəmizə məxsus psixologiyanı, mentaliteti çox yaxşı analiz edib, hər müştərinin istəyinə uyğun xidmət təklif edirlər. Ən əsası isə gördükləri işlər uzun müddətli şəkildə öz dəyərini qoruyub saxlaya bilir. Yəni bəzən elə işlər olur ki, bu gün üçün bazarda səs salır, amma sabaha unudulur. Lakin “Yello” şirkətinin gördüyü iş dəyərini daim saxlaya bilir. Bu da şirkəti peşəkarların idarə etməsindən irəli gəlir”.

 

Baxmayaraq ki, bu agentlik digital eradan əvvəldən yaranıb, amma...

“Modern Group of Companies”in CEO-su Anar Bayramov deyir ki, şirkətin təsisçiləri artıq uzun müddətdir ki, reklam bazarındadırlar və işini bilən, yaxşı reputasiyaya sahib biri kimi tanınırlar: “Təsisçilərin imicinin yüksək olması şirkətin imicinə birbaşa təsir edir.

 

7-8 il əvvəl “Yello” Namiq Bayramova və Azər Nəcəfova görə tanınırdısa, indi böyük bir komandaları var və bu onların bazardakı gücünü xeyli artırıb. Məncə, şirkətin ən üstün cəhəti yaradıcılıqla strategiyanı birləşdirə bilirlər. Çünki Azərbaycan reklam bazarına baxsaq, əksər reklam agentlikləri ancaq yaradıcılığa kökləniblər. Amma “Yello” marketinq nəzəriyyəsi və strategiyası ilə yaradıcılığı uzlaşdıra bilib. Digər tərəfdən baxmayaraq ki, bu agentlik digital eradan əvvəldən yaranıb, amma digital eraya da çox gözəl uyğunlaşıblar. Yəni bu agentlik işlərində həm ənənəvi, həm də digital marketinq alətlərini çox gözəl tətbiq edirlər”.

A. Bayramov agentliyin hər zaman etik yanaşmaya üstünlük verdiyini və bunun isə bir şirkət üçün çox vacib olduğunu qeyd edir: “Çox təəssüf ki, bazarda qeyri-şəffaf tenderlər yayılıb. Amma bu şirkət daim keçirilən tenderlərdə şəffaflığın tərəfdarı olub. Yəni həmişə tenderlərin şəffaf olmağına, layihələrini halla yolla qazanmağa üstünlük verib. Bu istiqamətdə olan oyunlarda iştirak etməyə meyilli olmayıb. Bu isə bir şirkət üçün ən vacib nüanslardan biridir”.

 

“Yello”da əsl peşəkarlıq hələ də qalmaqdadır  

“Bizim market” marketlər şəbəkəsinin və “Novas Home”un marketinq direktoru Pərviz Əzimovdan şirkət haqqında fikirlərini öyrənərkən vurğulayır ki, bu agentliyin bir korporativ üslubu var və onu heç bir maddi marağa qurban vermirlər: “Yello” Azərbaycan reklam bazarında əsl reklam agentliyinin prinsipiallığını qoruya bilən çox azsaylı şirkətlərdəndir.

 

Yeni yaranan və ya uzun müddətdir var olan reklam şirkətlərinin bir çoxu yerli şirkətlərin qaydasız nazları ilə oynayıb, prinsipiallıqdan uzaq düşsələr də, “Yello”da əsl peşəkarlıq hələ də qalmaqdadır. Mən əminəm ki, bəzən onlar bu peşəkarlığı qorumaq üçün bazarın müəyyən payını itirə bilərlər, ancaq əsas odur ki, bu agentliyin bir korporativ üslubu var və onu heç bir maddi marağa qurban vermirlər. Hətta ölkəyə gələn qlobal reklam agentliklərinin bəziləri belə şəffaf tender qaydalarının pozulmasında, agentlik müştəri münasibətlərinin enişində, peşəkarlıq və effektiv məhsuldarlığın azalmasına iştirak etdilər. Amma illərdi bazarda olan “Yello” nə yaxşı ki, bu prosesdə iştirakçı olmadı”.

 

Hövsələli, dəqiq və operativ reklam şirkəti

“Yelo” bankın İnkişaf Üzrə Direktoru Günay Cəlilova da bir müddət əvvəl bu şirkətlə əməkdaşlıq etdiklərini və işlərindən razı qaldığını bildirir: “Yello Advertising” ilə “AccessBank”da fəaliyyət göstərdiyim dönəmlərdə əməkdaşlıq etmişik. İşlərinə çox peşəkar, kreativ yanaşan bir şirkətdir.

 

Hər bir işi hövsələli, dəqiq və operativ şəkildə görürlər”. 

Bu şirkəti yerli bazara tam bələd olaraq həlləri verə bilir

“Mutfakçı” mobilyanın Ceo-su İlkin Manafov “Yello” şirkətinin davamlı, uzunmüddətli və stabil iş fəaliyyətini yüksək qiymətləndirir: “Reklam biznesi kifayət qədər çətin və çətin olduğu qədər də maraqlı sahədir. Bu sahənin ən böyük problemlərindən biri də burada uzun müddətli, davamlı, stabil işləyən yerli şirkətlər yox səviyyəsindədir.

 

“Yello” o şirkətlərdəndir ki, Azərbaycan şirkəti olaraq beynəlxalq səviyyədən də yüksək, yerli bazara tam bələd olaraq kreativ reklam və marketinq həlləri verə bilir. Bunu isə davamlı, stabil, uzunmüddətli edir. Məncə, bu reklam şirkətinin uğurunda vacib olan əsas nüanslardandır”.

 “Yello” marketoloqun necə bir məhsul istədiyini başa düşən agentlikdir

Marketoloq Oruc İbrahimov deyir ki, “Yello” marketoloqla işləməyi bacaran, onu çox gözəl başa düşən, onun istədiklərini vizuallaşdıraraq keyfiyyətli bir məhsul təqdim edən agentlikdir: “Marketinq bazarında görülən hər bir işin arxasında müəyyən agentlik və onlarla işləyən marketoloq dayanır. Marketoloq brifi verir və nə istədiyini deyir.

 

 “Yello” bu gün bazarda marketoloqun necə bir məhsul istədiyini başa düşən və işinə kreativlik qatan reklam agentliyidir. Marketoloqla birgə müzakirələr aparıb yeni ideyalar, yaradıcı fikirlər irəli sürürlər. Marketoloq olaraq onlarla uzun müddətdir ki, əməkdaşlıq edirəm və işlərini çox bəyənirəm. Ümumiyyətlə,  yerli şirkətlər işləməyə üstünlük verirəm və “Yello” da milli agentlik olaraq maraqlarımızı çox gözəl qoruyur”.   

Həmsöhbətim deyir ki, “Yello” nə istədiyini bilməyən müştəriyə belə istədiyini verməyi bacaran şirkətdir: “Stiv Cobsun bir sözü var “müştəri nə istədiyini fikirləşməməlidir, ona istədiyini vermək lazımdır”. Yəni reklam agentliyi müştəriyə elə bir məhsul təqdim etməlidir ki, o, istədiyinin bu olduğunu bilsin. “Yello” məhz o şirkətlərdəndir ki, müştərini anlayır və istədiyini onun özündən belə yaxşı bilir. İşə yanaşmaları çox xoşuma gəlir. Komanda olaraq öz işlərinə qarşı da tənqidi yanaşırlar. Tutaq ki, sifariş edilən iş hazırdır, müştəri belə işdən razıdırsa, amma özlərinin ürəyincə deyilsə, onu təhvil vermirlər. Sonda elə bir iş təqdim edirlər ki, istədiyim elə bu imiş deyirsən”.

 

İşi tələb olunduğu kimi tələb olunan saatda təhvil vermək

“PR” Laboratoriyası Agentliyinin direktoru Afət Yaqubova bazarda biznes etikasını qorumaq baxımından “Yello” şirkətinin peşəkarlığını yüksək qiymətləndirir: “İşinə çox peşəkar yanaşan, biznes etikasını qoruyan, bazarda hər kəsin yerini və hüququnu bilən bir şirkətdir. Təəssüf hissi ilə qeyd edirəm ki, hazırda bazarda biznes etikasını qoruya bilmək heç də hər şirkətin bacardığı iş deyil.

 

O cəhətdən “Yello”nun peşəkarlığını yüksək qiymətləndirirəm. Əməkdaşlıq məsələsinə gəlincə, bir neçə işdə birlikdə fəaliyyət göstərmişik. İşə yaradıcı yanaşmaları, müştərini anlayıb, nə istədiyini bilmələri bir yana, zaman məsələsində dəqiqlikləri bizim sahədə çox vacibdir. Bəzən səhər saat 10-a təcili çatması gərəkən iş olub və bunu müştəri mənə axşam saat 6-da deyib. Çox sağ olsun “Yello” şirkəti bu işdə mənə böyük kömək edib. Onlara verilən işi məhz tələb olunduğu kimi tələb olunan saatda təhvil verib. Özü də peşəkarcasına görülmüş şəkildə. Bundan başqa isə şirkətin Azərbaycan rayonları üçün hazırladığı “RAYİKONLAR” layihəsini çox uğurlu hesab etmişəm”.

 

Yeni çətin işlərin məhz eyni şirkətə həvalə edilməsi

"BASF Azerbaijan" şirkətinin Marketinq xidmətləri və marketinq kommunikasiyaları üzrə mütəxəssisi Könül TİZ müştəri olaraq nə üçün “Yello” şirkətini seçməyindən danışdı. O, bildirdi ki, artıq 2 ildir bu şirkətlə işbirliyi edir: “Əslində, bizim reklam bazarı o qədər böyük deyil, illərdi PR və marketinq sahəsində işləyən insanlar bir birini tanıyırlar.

 

 

Belə ki, Bakıda hər il mütəmadi olaraq bir çox tədbirlər keçirilir, bunların bir çoxu marketing və satış tədbirləri olur.

Bu tədbirlərin təşkilatçılığı reklam bazarında olan aktiv şirkətlərin bilavasitə tövhəsi ilə həyata keçirilir. Belə tədbirlərin birində “Yello” reklam şirkətinin iştirakını görmüşdüm, bu da bir səbəb olaraq mənim seçimimə təsir etdi”.

Həmsöhbətim artıq 2 ildir ki, bu şirkətlə əməkdaşlıq etdiklərini qeyd etdi. Bu isə müştərinin bir şirkətə olan güvəninin göstəricisidir. Könül xanımdan bu hissin necə formalaşdığını soruşanda dedi ki, bu kimi işlərdə güvən böyük rol oynayır və tərəflərin hər ikisində yaranmalıdır: “Bu, ən birinci ilk işgüzar görüş zamanı müəyyən şəkildə formalaşır, sonra isə hər gün daha konkret səbəblərə bağlanır. Həmçinin işlədiyin şirkətdəki dəyişikliklərini də izləmək lazımdır. Məsələn, işçilərin tez-tez dəyişməsi mənə görə heç yaxşı göstərici deyil. Əslində, müştəri elə özü də ödənişlərin vaxtında həyata keçirilməsi, yeni çətin işlərin məhz eyni şirkətə həvalə edilməsi ilə güvən hissi verməlidir”.

Hər müştərisinin gözləntisini maksimum dərəcə təmin etməyə çalışıb

“Əmin idim ki, “Yello” Advertising mənim minimum gözləntilərimi qarşılaya biləcək” deyən “Akbar Tea”nın marketinq direktoru Şamxal Məmmədov inandığı və güvəndiyi şirkətlə işləməyin onun üçün prioritet olduğunu bildirir: “Yello” şirkətinin seçməyimin əsas səbəbi işlərinə inanmağım və peşəkarlıqlarına güvənməyimdir.

 

Yəni hər hansısa bir işi kiməsə tapşıranda işinə bələd olduğum, güvəndiyim, inandığım komanda ilə əməkdaşlıq mənim üçün həmişə prioritet olub. Əmin idim ki, “Yello” nəinki mənim, bütün müştərilərinin minimum gözləntilərini qarşılaya biləcək gücə sahib reklam şirkətidir. Danılmaz faktdır ki, müştərilər fərqli olduğu kimi gözləntiləri də müxtəlifdir. “Yello” həmişə hər müştərisinin gözləntisini maksimum dərəcə təmin etməyə çalışıb və bunda da uğurlu olub”.

 

Şirkət qiymət strategiyasına da çox peşəkar yanaşır

“Admedia” reklam agentliyinin rəhbəri Sabit Məmmədov qeyd edir ki, şirkət  qiymət strategiyasına çox peşəkar yanaşır: “Yello” Advertising şirkətinin çox peşəkar komandası var. Əsas məsələ odur ki, şirkətin təsisçiləri bu sferadan olan insanlardır və işləri ilə bilavasitə özləri məşğul olurlar. Yəni daim işin üzərindədirlər.

 

Çünki bazarda elə agentliklər var ki, rəhbərlik sadəcə şirkəti yaradıb, amma özü başqa bir bizneslə məşğuldur. Lakin “Yello” şirkətində Namiq bəy və Azər bəyin həmişə iş başında olmaları bir reklam agentliyi üçün çox böyük üstünlükdür. Şirkət qiymət strategiyasına da çox peşəkar yanaşır. Bazarda elə şirkətlər var ki, sırf iş götürmək xətrinə qiymət təqdim edirlər. Amma bu şirkətdə elə deyil. “Yello” işin həcminə, effektivliyinə, kreativliyinə baxıb ona uyğun qiymət deyir. Həmçinin şirkət bir sıra maarifləndirici layihələrdə çıxış edərək reklam verənləri reklam verməyə səsləyən işlər görürlər”.

 

Şirkətin Azərbaycan bazarında yeri əvəzedilməzdir

“Comunical” şirkətinin rəhbəri, marketoloq Tural Abbaslı “Yello” şirkətinin hazırda bazarda ön sıralarda mövqeləndiyini bildirir: “Yello” şirkəti ilə tanışlığımız təsadüf nəticəsində olub. Daha sonra şirkətin təsisçiləri Namiq bəy və Azər bəyin işə professional yanaşmaları məndə şirkətin işlərinə böyük rəğbət yaratdı. Onların portfolioları zəngindir.

 

Gördükləri işlərlə Azərbaycan reklam bazarına müxtəlif yeniliklər gətirdilər. Öz üslubları digər şirkətlərdən seçilirlər. “Yello” hazırda bazarda ön sıralarda olan şirkətlərdəndir. Bu şirkət ölkəmizdə marketinq və reklam sahəsində keçirilən bir çox layihələrin ilk təşəbbüskarıdır. Bu baxımdan “Yello Advertising” şirkətinin Azərbaycan bazarında yeri əvəzedilməzdir. Bu şirkət artıq elə bir səviyyəyə çatıb ki, nəinki yerli bazardan, həmçinin xarici bazarlardan da sifariş qəbul edir”.

Marketoloq həmçinin bildirir ki, Azərbaycanda sağlam biznes, reklamçılıq əlaqələrinin qurulmasında və inkişaf etdirilməsində “Yello” şirkətinin prinsiplərinin çox önəmli rolu var: “Bazarda ucuz işlər arxasınca qaçan, sırf günü yola vermək üçün çalışan, müştərilərinə birdəfəlik müştəri kimi yanaşan şirkətlər çoxdur. Amma “Yello”da bunların heç biri yoxdur. Müştəriyə böyük dəyər verir və onlara sağlam həll yolları təklif edir. Bu kimi şirkətlər nə qədər çox olsa, ölkədə marketinq və biznes bazarı bir o qədər yaxşı inkişaf edər”.  

Reklam sektorunun özünün reklama ehtiyacı var

“Endorphin” reklam agentliyinin rəhbəri Orxan Kərimov bazarda “Yello” adında bir reklam agentliyinin varlığından xəbərdar olduğunu, təsisçiləri ilə tanış olduğunu, lakin hazırda gördükləri iş, xidmət və müştəriləri ilə bağlı elə bir məlumatının olmadığını qeyd etdi: “Yello” haqqında elə də geniş məlumata sahib deyiləm.

 

Bildiyim odur ki, uzun müddətdir bazarda varlar, komandaları mən bilən elə də böyük deyil. Amma son dövrlərdəki layihələri, gördükləri işləri ilə bağlı heç bir fikrim yoxdur. Ya paylaşmırlar, ya da ciddi bir iş görmürlər. Hazırda bazar çox balacadır, düzgün çalışan az reklam agentliyi var. Məncə, bizim reklam sektorunun özünün reklama ehtiyacı var. Devalvasiyada sonra olmayan reklam bazarı daha da çökdü və indi də demək olmaz ki, ciddi rəqabət gedir”.

Müştəriyönümlüdürlər

"Modern Group Companies”in Biznesin inkişafı departamentinin direktoru, marketinq və iqtisadiyyat üzrə bloq yazıların müəllifi Rafiq Hunaltay isə şirkətin üstün tərəflərindən danışdı: “Şirkətin fəaliyyəti ilə uzun müddətdir, yəni 2012-2013-cü illərdən tanışam və çox yaxşı əməkdaşlığımız olub. Birlikdə işlədiyimiz vaxtlarda həmişə işlərindən razı qalmışam.

 

Kreativdirlər, işə can yandırandırlar. Ən əsas xüsusiyyətləri müştəriyönümlü olmalarıdır. Bütün bu sadaladıqlarım və bazarda uzunmüddətli, davamlı şirkət olmaları onları digər reklam agentliklərindən fərqləndirən ən vacib xüsusiyyətlərdəndir”.

“Yello Advertising” sözünü deməyi bacardı

Marketing konsultant Rəşad Nəzərli sözlərinə görə 20 il qabaq Azərbaycanın reklam bazarı o qədər kiçik idi ki, hər kəs bir-birini tanıyırdı. “Yello”nun həm-təsisçisi Namiq Bayramov ilə də ilk tanışlığımız o vaxtlara təsadüf edir. Həmin dövrdə qlobal media, reklam və kreativ agentliklər yerli reklam bazarında "at oynadırdılar".

 

 

Namiq bəy və Azər bəy “Yello” agentliyini təsis edəndə çox ümidlənmişdim. Çünki, yerli kreativ agentliklərin qlobal agentliklərə qarşı üstünlük qazana biləcəyi nöqtə lokal insaytı daha yaxşı bilməsi və dəyərləndirməsidir. Bu baxımdan “Yello Advertising” qısa zamanda öz sözünü deməyi bacardı. Əlbəttə, asan olmadı, amma həm Namiqin, həm də Azərin əzmkarlığı, işə peşəkar yanaşması agentliyin fərqləndirici cəhətlərindən biri oldu”.

  Müştəri adına çox sevinmişəm  

Həmsöhbətim deyir ki, son 9 ildə ölkə iqtisadiyyatı 2 böyük böhran yaşasa da, təsirləri müsbət oldu: “Çünki, marketinq işini düzgün qurmayan, peşəkar agentlik sözünə qulaq asmayan şirkətlər rəqabətdə geri qaldılar. “Yello” kimi peşəkar marketinq yanaşma ilə xidmət göstərən yerli agentliklərin isə həm nüfuzu artdı, həm də loyal, uzunmüddətli əməkdaşlıqda maraqlı müştəriləri yarandı. Daha öncə bir neçə dəfə “Yello” ilə rəqib olduğumuz layihələr olub. İşi onlar götürəndə təəssüflənmişəm, amma müştəri adına çox sevinmişəm”.

R. Nəzərli “Yello”nun komanda olaraq işə kreativ yanaşmalarını, orijinal və fərqli həllər axtarmalarını təqdir edir: “Yerli müştəri ilə işin vermiş olduğu bir sıra mənfi təcrübə də var ki, özüm də yaşadığım üçün yaxşı bilirəm və anlayışla qarşılayıram. Kreativ marketinq agentliklərinin əsas işlərindən biri də yerli reklamverən, marketinq yanaşması olan menecer yetişdirməkdir. Bu baxımdan “Yello” agentliyinə böyük səbr arzulayıram”.

Yazıda biznes, reklam və marketinq sahəsində öz sözünü demiş, bu sahəni yaxşı bilən mütəxəssislərin fikirləri yer alıb. Həmsöhbətlərimin “Yello” nümunəsində dediklərindən aydın olur ki, bazarda kifayət qədər peşəkar, kreativ və ortaya yüksək səviyyədə iş qoya bilən, güvənilir reklam agentlikləri var. Bu zaman sual olunur ki, problem nədir? Nə üçün peşəkarlıq səviyyəsi bu qədər yüksək olan yerli agentliklər xarici reklam agentlikləri ilə rəqabətdə uduzur və şirkətlərimiz niyə yerli reklam agentliyi ilə işləməkdə o qədər də maraqlı deyillər?  

 

 Günel Azadə

Marketinq,
13.05.2020 13:53 1246
Teqlər: