Logo

Ekspert neftin qiymətlərindən danışdı: “Sürətli bərpa gözləyirəm” – MÜSAHİBƏ


Mayın 1-dən üzv ölkələrin istehsalı sutkalıq 9,7 milyon barel azaltmağa razılaşdığı “OPEK+”un hasilatın azaldılması müqaviləsi rəsmi olaraq qüvvəyə minəcək. Beynəlxalq Enerji Agentliyi may ayında dünyada hasilatın, ümumilikdə, sutkalıq 12 milyon barel azalmasını, həmçinin tələbatın azalmasında yavaşlamanın sutkalıq üç milyon barel olacağını gözləyir. Beləliklə, may ayında profisit aprel səviyyəsinə nisbətən sutkalıq 15 milyon barel azala bilər ki, bu da ehtiyatların artım tempini yavaşıtmalı və neft kotirovkalarını dəstəkləməlidir. Medi.Az korporativ strategiya və maliyyə sahəsində ekspert Aslan Əlibəyli ilə neft bazarındakı vəziyyət barədə danışıb.

- Kəskin enişdən sonra neft qiymətləri hələ də bərpa olunmayıb. Neft bazarında yaranmış vəziyyəti necə qiymətləndirirsiniz?

- Neft və qaz sənayesi ən çox tənzimlənən sahələrdən biridir və nəticə olaraq, siyasi əhval-ruhiyyənin fövqəladə təsirinə məruz qalır. Qlobal neft hasilatının tənzimlənməsi ilə (və bununla da, qiymətlərə təsir göstərir) OPEK beynəlxalq neft istehsalçılarının karteli məşğul olur. Bu təşkilata hazırda dünyanın neft ehtiyatlarının təxminən üçdə ikisininə nəzarət edən ölkələr daxildir. Bir müddət əvvəl OPEK-in növbəti iclasında aparıcı iştirakçı ölkələr, konkret olaraq desək, Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması ilə bağlı razılığa gələ bilmədilər.

OPEK qlobal neft qiymətlərini qaldırmağı planlaşdırırdı. Rusiya isə hasilatı azaltmaqdan nəinki imtina etdi, həm də OPEK-in tərkibindən çıxdı. Beləliklə, müvafiq siyasi intriqaları bir kənara qoyub, nəticələri nəzərdən keçirsək, Rusiya ilə Səudiyyə Ərəbistanı arasında qiymət müharibəsi başladığını söyləyə bilərik. Bununla da, “qara qızıl” qiymətləri rekord həddə endi.

- Neft qiymətlərinin ucuzlaşması neft hasil edən ölkələrin, xüsusən də Azərbaycanın iqtisadiyyatına necə təsir edəcək?

- Neft hasil edən ölkələr üçün qiymətlərdə bu cür eniş yaxşı heç nə vəd etmir. Neft satışından çox asılı olan (iqtisadiyyatın digər sektorları inkişaf etməmiş) ölkələr daha çox əziyyət çəkəcək. Əlbəttə ki, hər şey qiymətlərin enmə dövrünün davametmə müddətindən də asılıdır. Qiymətlərin tezliklə məqbul səviyyəyə yüksəlməsi bir çox dövlətlərin işini asanlaşdıracaq.

Ölkəmizin gəlirlərinin böyük hissəsi (56%) neft satışından asılıdır. Cari ilin dövlət büdcəsində neftin satış qiyməti bir barel üçün 55 dollar səviyyəsində müəyyən edilib. Müvafiq olaraq, planlaşdırılan 55 dollar səviyyəsindən (hazırda neftin qiyməti bir barel üçün 22 dollardır) aşağı qiymətlərdə ölkə büdcəsi vəsait çatışmazlığı ilə qarşılaşacaq ki, bu da Dövlət Neft Fondundan, başqa sözlə, əvvəlki illərdə toplanan pullar hesabına kompensasiya edilməli olacaq. İqtisadiyyatının inkişaf etmiş qeyri-neft sektoru olan neft hasilatçısı ölkələrə gəlincə, onlara koronavirusla əlaqədar böhran problem yaradacaq. Məsələ burasındadır ki, pandemiya bütün iqtisadiyyata zərbə vuracaq və digər sənaye sahələrinin gəlirləri hesabına neft ticarəti ilə bağlı itkiləri kompensasiya etməyə imkan verməyəcək.

- Fikrinizcə, hazırkı vəziyyət kim üçün faydalıdır?

- Bu, daha çox siyasi məsələdir. Yuxarıda qeyd etdiyim kimi, neft və qaz sektoru son dərəcə tənzimlənəndir və nəticə etibarilə siyasi əhval-ruhiyyənin fövqəladə təsirinə məruz qalır. Məsələn, ABŞ prezidentinin sosial şəbəkələrdə verdiyi bir neçə açıqlama neftin qiymətinin qısamüddətli yüksəlməsinə səbəb oldu. Mənə qiymətlərin bu cür rekord həddə azalmasında kimin maraqlı olması və bununla yanaşı, vəziyyətə təsir vasitələrinə sahib olmasını demək çətindir. Aydındır ki, bütün neft istehsal edən ölkələr müəyyən qiymət səviyyəsinin qorunmasında maraqlıdır. Buna baxmayaraq, birbaşa zidd fəaliyyətləri müşahidə edirik. Ancaq əminliklə demək olar ki, yalnız yanacaq və enerji daşıyıcılarının qiymətlərinin neft qiymətlərinə bağlı olduğu ölkələrin istehlakçıları qazanacaq. Qərb ölkələrinin əksəriyyəti belədir.

- Aşağı neft qiymətləri yanacağın qiymətinin düşməsinə səbəb ola bilərmi?

- Edilməlidir və əksər ölkələrdə edilir. Biz də istisna deyilik, AI-95 markalı benzinin qiyməti endirildi. Ancaq neft qiymətlərinin aşağı düşməsindən sonra yanacağın qiymətinin nə vaxt və nə qədər dəyişə biləcəyi sonrakı müzakirələrin mövzusudur.

- Sizin fikrinizcə, yaxın aylarda “qara qızıl”ın qiyməti necə dəyişəcək?

- Koronavirus pandemiyası nəticəsində bir çox ölkələrdə, xüsusən dünyanın ən böyük iqtisadiyyatlarında, Qərb ölkələrində karantin tətbiq olundu. Bu dayanma iqtisadiyyata, xüsusilə kiçik və orta biznesə ciddi zərbə vurdu. Dünyanı hələ iş yerlərinin ixtisarı, şirkətlərin bağlanması və əhalinin ödəmə qabiliyyətinin azalması şəklində pandemiyanın nəticələri gözləyir.

Belə bir vəziyyətdə məqbul neft qiymətlərinin bərpası bəzi neft hasil edən ölkələrin böhrandan çıxması üçün yeganə imkandır. Buna görə, olduqca sürətli bərpa gözləyirəm. Yalnız Rusiya-Ərəbistan siyasi qarşıdurmasının həllini gözləmək qalır.

Müsahibə,
27.04.2020 14:25 835
Teqlər: