Logo

Alğı-satqı dayandı: evlər kəskin ucuzlaşır


2020-ci ilin yanvar ayında və fevralın ortalarına qədər ölkəmizin daşınmaz əmlak bazarında ilin əvvəlləri üçun xarakterik olan canlanma müşahidə olunmasa da, stabillik hökm sürürdü. Ancaq koronavirus pandemiyası vəziyyəti başqa istiqamətə dəyişdi.

Əmlak eksperti İlham Orucov Azərbaycanın əmlak bazarında yaranmış vəziyyəti şərh edərkən deyib.

O qeyd edib ki, bu xəstəlik daşınmaz əmlak bazarına da öz mənfi təsirini göstərib. Bu sahədə tam durğunluq yaranıb:

“İndiki vəziyyətdə potensial alıcı və satıcı alğı-satqı prosedurunu müvəqqəti olaraq dayandırıb. Heç kim bu qeyri-müəyyən şəraitdə daşınmaz əmlak alğı-satqısına tələsmir, risk etmək istəmir, daha sərfəli dövrü gözləyir”.

Daşınmaş əmlak bazarındakı perspektiv qiymətlərə gəlincə, ekspert hesab edir ki, hər şey koronavirusla bağlı hadisələrin necə inkişaf etməsindən asılı olacaq:

“Biz proqnoz verərkən üç ssenarini nəzərdən keçiririk. Birinci, pozitiv ssenaridir. Bu ssenariyə görə, əgər vəziyyət may ayı, ən geci iyunun əvvəlinədək düzələrsə, artıq ilin 3-cü rübündən etibarən tələb-təklifin tam bərpası prosesi başlaya bilər. Yəni daşınmaz əmlak bazarındakı qiymətlərin 2019-cu ilin sonu səviyyəsinə qayıtmasını proqnozlaşdırmaq olar.

İkincisi, neqativ ssenaridir. Əgər bu hal yay aylarının ortalarına qədər davam edərsə, əmlak bazarındakı vəziyyət IV rübdən tez düzəlməyəcək. Həmin dövrə qədər də məlum səbəblərdən insanların alıcılıq qabiliyyətinin aşağı düşməsi, digər obyektiv və subyektiv səbəblər əmlak bazarına öz təsirini göstərəcək. Bunun nəticəsi olaraq, qiymətlərin 10-15 faiz aşağı düşmə ehtimalı meydana çıxacaq.

Üçüncüsü, kritik ssenaridir. Əgər vəziyyət sentyabra, yaxud ilin sonundək belə davam edərsə, daşınmaz əmlak bazarındakı qiymətlərdə hətta 20 faizədək enmə müşahidə oluna bilər”.

Orucovun qənaətinə görə, daşınmaz əmlak bazarının taleyi pandemiyanın nə vaxt başa çatacağından birbaşa asılıdır.

Əmlak,
27.04.2020 09:27 1465
Teqlər: