Logo

Böhran dövründə nə etməliyik?


Bildiyimiz kimi son dövrlər ciddi şəkildə koronavirusun təsiri nəticəsində iqtisadiyyatlar durğunluğa düçar olmuş və böhran başlamışdır. Əvvəlki böhranlara nəzər salsaq maliyyə böhranı, iqtisadi böhran olsa da indiki halda böhran sırf insanların fəaliyyətinin dondurulması ilə nəticələnən “durğunluq böhranıdır”.

Böhran dövründə insanların vərdişləri xeyli dəyişir. Artıq onlar əvvəlki dövrlərlə müqayisə də heç də fəaliyyətlərini olduğu kimi davam etdirə bilmirlər. Buna bir neçə aspektdən baxsaq onu deyə bilərəm ki, böhran həm də yeni sahələrin çiçəklənməsinə ciddi şəkildə yol açır. Koronavirusdan sonra dijital dünyaya keçid tam sürətlənəcəkdir. İş yerlərinin onlayna keçməsi nəticəsində artıq bahalı ofis binalarına ehtiyac qalmayacaq və beləliklə həmin bizneslə (daşınmaz əmlakın icarəsi) məşğul olan şəxslər müəyyən gəlirlərindən məhrum olacaqlar.

Ən yaxşı halda isə ofislər zəruri işlərin görülməsi məqsədi ilə çox kiçik həcmdə olacaqdır. Artıq insanların fəaliyyətində bir növ dəyişiklik olacaqdır. Onlar əvvəlki vərdişlərini unutmaq məcburiyyətində qalacaqlar. Böhrandan sağ çıxmaq üçün məhz bu fürsətlərdən yetərincə istifadə etmək lazımdır. Böhran və yeni texnologiyalar özü ilə bəzi peşələri aparsa da özü ilə onlarla yeni peşəni gətirir. Ümumiyyətlə böhran dövründə sağ qalmaq üçün bəzi tövsiyələrə riayət etməliyik.

1) Oxuduğumuzdan artıq kitab oxumalıyıq, mütailəyə ciddi şəkildə vaxt ayırmalıyıq;

2) Bloqlar, məqalələr, şəxsi inkişafa aid videolara daim baxmalıyıq, əsasən də böhran menecmenti üzərindən real keyslər söyləyən şəxslərin mülahizələrinə qulaq asmalıyıq;

3) Gündəlik həyat vərdişlərimizi təhlil etməliyik, zərərli olacaq vərdişləri birdəfəlik həyatımızdan çıxartmalıyıq. Misal üçün: siqaret çəkmək, spirtli içkiləri qəbul etmək və s;

4) Lazımsız məqsədlər üçün pul xərclənməsini dayandırmalıyıq və mövcud büdcəmizi düzgün idarə etməyi bacarmalıyıq;

5) “GÖZLƏMƏ MÖVQEYİNDƏ OLMAMALIYIQ!” – Bu məhz böhranın ən ciddi nümunəsidir. Yəni, sabaha düzələr, 1 aya düzələr deyib sırf gözləmə mövqeyində durmamalıyıq. Unutmayın ki, yerində dayanmaq böhranın baş verməsindən belə pisdir və bizi olduqca geriyə atır;

6) Peşəmizin daha müasir biliklərinə yiyələnməliyik. Lazım gələrsə yeni və müasir dövrə uyğun əlavə peşənin öyrənilməsi də mümkün ola bilər. Bunu bir hobbi olaraq da yerinə yetirə bilərsiniz;

7) Əvvəlki baş vermiş böhrandan maraqlı olacaq məqamları oxuya bilərsiniz. Düzdür indiki böhran müasir dövr üçün yeni növ böhran sayılır, lakin əvvəlki böhranlarla qismən müqayisə nəticəsində özünüzə aid proqnozlar verə bilər və mövcud situasiyadan çox yüngül ağrılarla çıxa bilərsiz;

8) Əvvəlki sistemi unudun! Bəli, düz başa düşdünüz. Əvvəlki sistemi tamamilə unutmaq lazımdır. Əvvəl dərslər offlayn keçirildirsə artıq onlayndır, əvvəl iş yeri offlayn ofis şəraiti idisə indi onlayndır, əvvəl restoranda yemək yeyilirdisə indi onlayn qaydada sifariş edilir. Nəzərə almaq lazımdır ki, mövcud situasiyanı təhlil edib və şəraitə necə uyğunlaşmalı olduğunuz barədə düşünmək lazımdır;

9) Vizyonunuza və məqsədlərinizə uyğun çevrə ilə əlaqədə olun. “O vaxtlar yaxşı idi”, “Yaxşı qazanırdım” və s. kimi deyinən insanları həyatınızdan çıxarmağı məsləhət görərdim. Çünki həmin insanlar mənfi motivasiyadan başqa heç nəyə nail olmurlar. Mövcud situasiyaya öyrəşmək və dəyişmək lazımdır. Necə deyərlər dəyişək və inkişaf edək!

10) Yazılan 9 bəndi yenidən oxuyun.

@İlkin Mirzəzadə, blogger

Marketinq,
06.04.2020 12:02 936
Teqlər: