Logo

Dünya Bankı ədliyyə sistemindəki islahatlar üçün Azərbaycana kredit ayırır


Dünya Bankının (DB) İcraçı Direktorlar Şurası bu gün “Məhkəmə Xidmətləri və Ağıllı İnfrastruktur Layihəsi” üçün Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından Azərbaycana 50 milyon ABŞ dolları məbləğində kredit ayırıldığını təsdiqləyib.

Bu barədə Devdiscourse.com məlumat yayıb.

Kredit dörd ili güzəştli olmaqla, 11,5 il müddətinə verilib.

Layihənin icrası dörd il müddətinə nəzərdə tutulub və ümumi dəyəri 70 milyon dollar təşkil edir. 50 milyon DB-nin təqdim etdiyi vəsait, 20 milyon isə Azərbaycan hökumətinin payıdır.

Kredit ehtiyatlarından bir neçə istiqamətdə istifadə olunacaq - layihə məhkəmə xidmətlərinin təkmilləşdirilməsi, təsisat potensialının və səmərə dərəcəsinin yüksəldilməsi, məhkəmə infrastrukturunun genişləndirilməsi və yenilənməsi, məhkəmə sisteminin daha səmərəli işləməsi üçün yüksək texnologiyaların tətbiq edilməsi.

“Layihə Azərbaycanda məhkəmə sisteminin səmərəliliyini artırmaq və xüsusilə, şəhər və kənd yerlərində əhalinin ən həssas təbəqələri üçün ədalətə çıxış imkanlarını genişləndirməyə yönəldilib. Məqsəd şəffaflıq və əsas hüquqi xidmətlərə çıxış əldə etmək, elektron məhkəmə xidmətlərinin, idarəetmə sistemlərinin gücləndirilməsidir”, - deyə press-relizdə qeyd olunur.

DB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Nəqvi deyib ki, məhkəmə islahatı iqtisadi artım üçün əlverişli mühitin yaradılması, vətəndaşlara və müəssisələrə səmərəli xidmət göstərməyin açarıdır.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. İndiyə qədər DB Azərbaycana 50-dən çox layihənin həyata keçirilməsi üçün 3,5 milyard dollar kredit ayırıb.

Bank,
27.03.2020 13:31 169
Teqlər: