Logo

Koronavirus böhranın “günahkar”ı yox, katalizatoru oldu – ABŞ DOLLARI MÖVQEYİNİ İTİRİR


Hazırda dünya tarixi dəyişikliklər ərəfəsindədir. Ehtimal ki, həmin dəyişikliklər yaxın gələcəkdə ABŞ dollarının roluna və statusuna əhəmiyyətli dərəcədə təsir göstərəcək. Oyun qaydalarını uzun müddət ABŞ dollarının müəyyən etdiyi maliyyə sistemi öz yerini mütləq yeni modelə güzəşt edəcək. Artıq bir aydır ki, bütün dünyada maliyyə bazarları öz tarixində ən ağır günlərini yaşayır, iri mərkəzi banklar isə vəziyyəti “xilas etmək” üçün maneəsiz olaraq, trilyonlarla pul çap edir. Amma bazarda təlaş və çökmə davam edir. Alternativ olmadığı üçün televiziyada göstərilənləri və deyilənləri əsl həqiqət kimi qəbul etməyə məcbur olan bəşəriyyət bu tarixi bir dövr ərzində ABŞ dolları və tualet kağızı almaqla məşğuldur. Dünya koronavirusa qarşı çarə tapmağa çalışdığı vaxtda kadr arxasında baş verən proseslər, praktiki olaraq bizim hər birimizə aid olacaq. ABŞ dolları dünyanın ehtiyat valyutası olduğunu və maliyyə alətlərinin əksəriyyətində əsasən bu valyutadan istifadə edilməsini nəzərə alaraq, biz əsas diqqəti ABŞ iqtisadiyyatı və Amerika dollarının gələcəyi üzərində cəmləşdirəcəyik.

ABŞ fond birjasında tarixdə ən uzunmüddətli davam etmiş artım 2020-ci il fevralın 20-də koronavirus epidemiyasına görə kəsildi. Bu rekord yüksəliş ÜDM-in ləng artımı ilə yanaşı, ABŞ-ın həm korporativ və dövlət borcunun çox sürətlə artması ilə müşayiət olunurdu. 2008-ci ildən bu günə qədər ABŞ-ın dövlət borcu 2.2 dəfə artaraq, 22.7 trilyon dollara çatıb, ABŞ-da ÜDM artımı isə cəmi 21% olub. 2020-ci ilin əvvəlində ABŞ fond birjasında kapitallaşdırmanın ümumi həcmi 34 trilyon dollar,dünyanın bütün ölkələrində kapitallaşdırmanın ümumi həcmi isə 86 trilyon dollar təşkil etmişdir. Fevralın 20-dən sonra cəmi bir neçə gün ərzində təkcə ABŞ fond birjaları təxminən 35% itirib, yəni 12 trilyon dollar dəyərində aktivlər “havada buxarlanıb”. 2007-2008-ci illər böhranı zamanı ABŞ-ın maliyyə bazarı  bir il yarım ərzində 57% itirdiyi halda, 2020-ci il böhranının başlanğıcından keçən,1 aydan az müddətdə baş vermiş itki artıq 35%-ə çatıb. Fond birjalarında səhmlərin çox sürətlə qiymətdən düşməsi davam edir, hərçənd ABŞ-ın Federal Ehtiyat Sistemi bir həftə ərzində əsas faiz dərəcəsini 1.5%-dən 0%-ə qədər azaldıb və 2019-cu ilin sonundan başlanmış trilyonlarla repo (ABŞ xəzinədarlığının istiqraz vərəqələri girov qoyulmaqla qısamüddətli kreditlər) əməliyyatlarından əlavə, görünməmiş həcmdə kəmiyyətcə yumşaltma (dövlət borcunun və maliyyə aktivlərinin alınması) proqramının icrasına başlayıb. Yuxarıda göstərilənlərlə  yanaşı, ABŞ hakimiyyət orqanları iqtisadiyyatın stimullaşdırılması üçün 1 trilyon ABŞ dollarından artıq həcmdə tədbirlər paketi hazırlayır.

Bəs, ABŞ maliyyə bazarlarının, dolların və onun iqtisadiyyatının dünyada liderlik etməsinə imkan verən nə olub? Dünya üzrə əsas ehtiyat valyuta olan ABŞ dolları və ya neft dolları son beş, onillikdə neftə tələbatla tənzimlənirdi. Məlum olduğu kimi, 1971-ci ilə qədər ABŞ dolları qızılla təmin edilirdi, amma ABŞ öz valyutasının qızıla mübadiləsindən imtina edəndə qızıl standartı dövrü bitdi. Buna səbəb o idi ki, ABŞ hökuməti qızılla təmin edilməmiş böyük miqdarda pul buraxmışdı. 1971-ci ildə ABŞ prezidenti Riçard Nikson ABŞ dollarının dünyanın ehtiyat valyutası statusunu saxlamaq üçün Səudiyyə Ərəbistanı ilə saziş bağladı ki, bütün enerji müqavilələri ABŞ dolları ilə nominasiya olunacaq. Artıq 50 ildir ki, ABŞ dollarının gücü neft dolları standartına əsaslanır. Hazırda ildə 36 milyard barel neft istehlak edilir, bir barel neftin orta tarixi qiymətinin 55-60 ABŞ dolları olduğunu nəzərə alsaq, bu o deməkdir ki, neft sənayesində illik dövriyyə $2 trilyon dollardan çoxdur. Neftin ixracatçı və idxalatçıları dəyəri trilyonlarla ölçülən alqı-satqı əməliyyatlarını ABŞ dolları ilə aparmağa məcburdurlar. Bu isə labüd olaraq, Amerika valyutasına daim tələbatı yaradaraq, bütün dünyanın ABŞ ilə ticarət əməliyyatları aparmağa stimullaşdırır. Dollarların xeyli hissəsi, labüd olaraq, ABŞ-ın əsas ticarət tərəfdaşları tərəfindən bu və ya digər şəkildə sərmayə kimi ABŞ iqtisadiyyatına və onun dövlət borcuna qayıdır. 2008-ci ilədək ABŞ-ın borcu o qədər artır ki, o, borclu dövlətə çevrilir. Amma 2008-ci il böhranından sonra ABŞ-ın əsas ticarət tərəfdaşları bu ölkənin dövlət borcuna yatırımlar etməkdə əvvəlki kimi fəal iştirakı dayandırdılar. Son 12 ildə ABŞ-ın dövlət borcuna əsasən ABŞ özü yatırım edib. Hazırda 22.7 trilyon dollara bərabər dövlət borcunun 16 trilyon dolları ABŞ-in təqaüd fondlarının, Federal Ehtiyat Bankının və fərdi investorlarının payına düşüb. Əslində, ABŞ dövlət borcunu özü maliyyələşdirib. Uzunmüddətli perspektivdə bu trend heç vaxt ABŞ dollarının xeyrinə ola bilmirdi. Bəzi ölkələr qızılın fiziki ehtiyatlarını fəal yığmağa başladılar. ( Həmin mövzu bu linkdə - https://1news.az/az/news/pul-sisteminde-gozlenilen-yenidenyuklenme-neticesinde-qizilin-qiymeti-artaraq-rekord-seviyyeye-catacaq).  2008-ci ildən sonrakı 3 il ərzində qızılın bir troya unsiyasının qiyməti demək olar ki, üçqat artaraq $1900 dolları aşmışdı. Bu ABŞ dolları üçün birinci həyəcan zəngi idi.

ABŞ-ın dövlət borcuna marağın azalması ilə yanaşı, neft dolları da öz mövqelərini itirməkdə idi. İlin əvvəlindən neftin qiyməti kəskin şəkildə (60%)azalana qədər baş vermiş bir maraqlı fakt da budur ki, dünyada ən böyük dövlət neft şirkəti olan “Saudi Aramco” 2019-cu il dekabrın 11-də öz səhm paketinin birinci tranşının satışı üzrə ilkin publik yerləşdirməni həyata keçirdi. Səudiyyə Ərəbistanı hökuməti neçə ildir ki, “Saudi Aramco”şirkətinin özəlləşdirilməsi prosesinə başlamağa çalışır, amma hər dəfə ABŞ buna müqavimət göstərirdi. Əslində, “Saudi Aramco”nun satılması ABŞ dollarının neftlə təmin olunması barədə sazişin öz gücünü itirməsinə səbəb ola bilərdi. Bu fakt özlüyündə növbəti həyəcan siqnalı idi ki, neft dollarının statusunda mühüm dəyişikliklər baş verə bilər. Beləliklə, ABŞ borcunun hədsiz dərəcədə artması, iqtisadi göstəricilərinin pisləşməsi, həmçinin “Saudi Aramco”şirkətinin özəlləşdirilməsi prosesinin başlanması və üstəlik, ABŞ-ın dövlət borcuna marağın zəif olmasıfonunda neft dolları erasının öz məntiqi sonluğuna yaxınlaşmasına şübhə qalmırdı. (Həmin mövzu bu linkdə - https://www.1news.az/az/mobile/az/news/venesuela-iran-ve-petrodollarin-geleceyi)

Bəs nəyə görə deyirlər ki, 2020-ci il iqtisadi böhranının başlanmasında “günahkar” koronavirusdur? Bu belədirmi? Koronavirus böhranın başlanmasında “günahkar” yox, katalizator oldu. Əslində, son illərdə ABŞ iqtisadiyyatında tarazlıq pozulmuşdu, o rekord həcmdə borc cəlb edilməsi hesabına süni şəkildə davam gətirirdi. Kritik vəziyyətdə olan ABŞ iqtisadiyyatında resessiya labüd idi – istər koronavirus olsun, istər başqa bir amil. Yəni əgər dünya iqtisadiyyatı sağlam olsaydı, koronavirus ona belə qısa vaxt ərzində və belə miqyasda ziyan vura bilməzdi. Mən koronavirusun rolunu və təhlükəlilik dərəcəsini kiçiltməyə çalışmıram, amma Qərbin aparıcı kütləvi informasiya vasitələrinin dünyada koronavirus qurbanlarının sayı haqqında məlumatları daim yeniləyərək, əhali arasında belə səylə vahimə yaratmaq cəhdləri təəccüb doğurur. Həqiqətən, əhalisinin sayı bir milyarddan çox olan Çində koronavirus üzərində qələbə əhali arasında təlaş yayılması vasitəsilə deyil, ciddi karantin, nəzarət və intizam tədbirlərinin sayəsində qazanılıb. Biz koronavirusun nə qədər təhlükəli olduğunu və nəticədə onun bəşəriyyətə nə qədər itki vuracağını hələ bilmirik, amma ümid edək ki, tezliklə ona qarşı təsirli mübarizə vasitəsi tapılacaq. Bəşəriyyəti virus pandemiyasından xilas etmək uğrunda mübarizənin gücləndiyi vaxtda kadr arxasında dünyanın mövcud maliyyə sisteminin böyük ehtimalla yenidənyüklənməsi prosesi gedir. Bəs dollar sistemi necə dəyişdirilməlidir ki, ictimaiyyət buna mane olmasın? Hər halda, ABŞ dolları ən geniş yayılmış valyutadır. Bu vəziyyətdə vaxtında meydana çıxmış koronavirus bütün bəlaların “günahkar”ı rolu üçün çox münasibdir. Axı hegemonluq edən ABŞ bir faktı etiraf edə bilmir ki, dünya böhranının səbəbkarı o özü olub. Bu fakt tarixə düşəcək və uzun illər ibrət dərsi olacaq. Bundan başqa, ABŞ dünyada öz simasını və təsirini nə yollasa saxlamaq üçün bu yenidənyüklənmədən minimal itki ilə çıxmalıdır. İdarəetmədə onilliklər boyu üst-üstə yığılmış səhvləri, borcdan sui-istifadə edilməsi hallarını, hərbi kampaniyalara çəkilən trilyonlarla xərci və iqtisadi hesablamalarda yol verilmiş səhvləri maneəsiz olaraq koronavirusun ayağına yazmaq mümkün olacaq. Bəşəriyyət sonda koronavirusun öhdəsindən gələcək, amma dünya daha əvvəlki kimi olmayacaq.

Yüz milyonlarla insan evdə, televizorların qarşısında əyləşib, koronavirus qurbanlarının sayı barədə xəbərləri qorxu və həyəcanla izləməyə məcbur olduğu bir vaxtda dünya maliyyə sistemində yenidənyüklənmə prosesi gedir. Diqqət edək, bütün dünyada maliyyə bazarlarında onlarla trilyon dəyərində çökmə, mərkəzi banklar tərəfindən dünya iqtisadiyyatının stimullaşdırılması üzrə misli görünməmiş genişmiqyaslı tədbirlər kadr arxasında qalır. Bütün bu proseslərdən tamamilə yayındırılmış ictimaiyyət evdə oturaraq, mərkəzi banklar tərəfindən  dünya nizamının necə pozulmasını və yeni dünya nizamının necə qurulmasını passiv halda müşahidə edir. Ölkələrin hökumətləri isə koronavirusa və mərkəzi bankların cəzasız hərəkətlərinə qarşı təsirli mübarizə tədbirləri görmək iqtidarında olmadan, bütün qüvvələrini öz vətəndaşlarının müdafiəsinə yönəldiblər.

Lakin, maliyyə sisteminin yenidənyüklənməsi nə deməkdir və o nə ilə nəticələnə bilər? Yenidən yüklənmə prosesi çox güman ki, elə indi gedir, amma bu proses tam başa çatmayınca ictimaiyyətin bundan xəbəri olmaması üçün mərkəzi banklar hökumətlərə trilyonlarla borc verdiyi zaman, dünya KİV-ləri koronavirus ilə bağlı başlıqlarla televiziya efirini tam zəbt ediblər. Hökumətlər də öz növbəsində, bu pulu (heç nədən yaradılmış məbləğləri) öz korporasiyalarına və vətəndaşlarına verirlər. Faktiki olaraq, aparıcı mərkəzi banklar kadr arxasında qalaraq öz niyyətlərini hökumətlərin əli ilə həyata keçirirlər. Belə təsəvvür yaranır ki, maliyyə bazarlarında qlobal iqtisadi böhran və çökmə praktik olaraq diqqətsiz həyata keçir. İqtisadi böhranın nəticələrinin ABŞ-da daha güclü hiss olunacağını güman etmək olar. Ona görə ki, mövcud dollar sisteminin əsasını qoymuş Amerika Federal Ehtiyat Bankı nə “ehtiyat” adını doğruldur, nə də “federal” adını. Bu səhmdar cəmiyyətinin sahibi hökumət deyil, özəl Amerika bankları və şirkətləridir. Özəl şirkətlərin əsas prinsipi isə öz səhmdarlarının rifahını yaxşılaşdırmaqdır. ABŞ iqtisadiyyatında indi baş verən hadisələr, necə deyərlər, “hələ toya getməlidir”. ABŞ hökuməti iqtisadiyyatı yenidənyüklənmədən sonrakı böhran vəziyyətindən çıxarmaq,öz korporasiyalarını və vətəndaşlarını saxlamaq üçün bu sistemə trilyonlarla dollar xərcləməyə məcbur olacaq, bir sıra iri özəl şirkətlər milliləşdiriləcək. Amma əgər ABŞ iqtisadiyyatı sistemli böhran vəziyyətindədirsə,bu ölkənin büdcə kəsirini kim maliyyələşdirəcək? Cavab olduqca sadədir: - Amerika Federal Ehtiyat Bankı. ABŞ-da defolt olmaması üçün ABŞ Federal Ehtiyat Sistemi görünməmiş həcmdə dollar çap edəcək. 2019-cu ildə büdcə kəsiri rekord məbləğə çatıb (1 trilyon ABŞ dollarından bir qədər artıq). Qarşıdakı illərdə bu kəsir müqayisəyəgəlməz dərəcədə artacaq. Təbii ki, çarəsizlikdən əl atılan tədbirlər hiperinflyasiya, ABŞ dollarının qiymətdən düşməsi və iqtisadi depressiya ilə nəticələnəcək. Nizamlanmış qlobal təchizat zəncirinin qırılması və koronavirusa görə istehsalın ixtisarı nəticəsində inflyasiya təzyiqi daha da artacaq, sanki odun üstünə yağ əlavə ediləcək.

Maliyyə böhranı başlanandan bəri investorlar instinktiv olaraq, öz səhmlərini fond birjalarında satır və mümkün qədər tez ABŞ xəzinədarlığının istiqraz vərəqələrinə sərmayə yatırırlar. Həcmi təxminən 23 trilyon dollara bərabər olan ABŞ xəzinədarlığının istiqraz vərəqələri bazarı tarixən, xüsusən böhran dövrlərində, investorlar üçün ən etibarlı “sığınacaq”dır. Amma yaxınlaşan böhran əvvəlkilərdən tamamilə fərqli olacaq. Çox güman ki, ABŞ xəzinədarlığının istiqraz vərəqələri bazarı bu dəfə investorlar üçün “sığınacaq” yox,tələ olacaq. Güman etmək olar ki, təlaşın yalnız artdığı müddətdə bazarın güclü iştirakçıları (böyük banklar və fondlar) ABŞ xəzinədarlığının istiqraz vərəqələrini tələsik, hələ həqiqi vəziyyətdən xəbərsiz olan ictimaiyyətə rekord dərəcədə yüksək qiymətə satmaqdadır. Və bu istiqraz vərəqələri (ABŞ-ın dövlət borcu) tam həcmdə güclü əllərdən zəif əllərə keçən kimi, yenidənyüklənmənin “qrand final”mərhələsi başlanacaq. İctimaiyyət “koronavirus şoku”ndan oyanıb maliyyə və psixoloji şoka düşəcək, ABŞ iqtisadiyyatı isə artıq dərin bir böhran içində olacaq. Borclanma hesabina illərlə ört-bastır edilmiş ABŞ iqtisadiyyatındakı problemlər üzə çıxacaq.İctimaiyyət növbəti dəfə aldadıldığını anlayaraq, özlərinin düşdüyü tələdən çıxmaq üçün ABŞ xəzinədarlığının istiqraz vərəqələrini kütləvi şəkildə və sürətlə satmağa başlayacaqlar. Nəticədə, istiqraz vərəqələrinin qiyməti təkrar bazarda kəskin düşərək, ABŞ dollarının çökməsinə səbəb olacaq. ABŞ dolları ilə təmsil olunan baza valyutasının çökməsi digər təminatsız kağız valyutalarının dəyərdən düşməsi ilə müşayiət olunacaq. Buna reaksiya olaraq, qızılın qiyməti artaraq rekord səviyyəyə çatacaq. Arxasında güclü iqtisadiyyatı, kiçik dövlət borcu və fiziki qızıl ehtiyatı olan ölkələrin valyutaları nisbətən öz dəyərlərini qoruyacaqdır. Bundan sonra, ABŞ dollarının əvvəlki etibarı və bütün dünya üzrə ehtiyat valyuta statusunu itirməsi labüddür. Neft ixrac edən böyük ölkələr nefti öz valyutalarında satacaq, kiçik ölkələr isə ehtimal ki, regional dövlətlərin valyutalarından istifadə edəcəklər. Sonda dünyanın aparıcı ölkələri, gələcəkdə sistem böhranları olmasın deyə,yenidən qızıl standartına qayıdacaqlar, amma bu qayıdış artıq bir dünya valyutası əsasında deyil, valyutalar səbəti əsasında baş verəcək. Çoxqütblü dünyada yeni dünya valyutası qızılla təmin ediləcək, bu da ölkələrin borcdan sui-istifadə etməsinə və bitib-tükənməz müharibələr aparmasına imkan verməyəcək.

Bu məqalə investisiya barədə məsləhət deyil, hadisələrin inkişafının mümkün ssenarilərindən biridir. Hər bir investor sərmayə yatırımı etməzdən əvvəl mütəxəssislə məsləhətləşməli və ya özütəhlil aparmalıdır.

Rəşad Hacıyev

Maliyyə və investisiyalar sahəsində ekspert

www.rmcapitalanalytics.com

Maliyyə,
24.03.2020 11:27 3120
Teqlər: