Logo

Qəbələyə gələn turistlərin sayı - KƏSKİN ARTIB


Bu ilin yanvar-fevral aylarında Qəbələyə gələn turistlərin sayında kəskin artım olub.

İqtisadiyyat.Az xəbər verir ki, Rayon Statistika İdarəsindən  bildiriblər ki, 2020-ci ilin yanvar-fevral aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 23 min 506 nəfər yerli və əcnəbi turist yerləşdirilib.

Onların 15 min 662-si və ya 66,6 faizi Azərbaycan, 7 min 844-ü və ya 33,4 faizi xarici ölkə vətəndaşı olub.

Bu ilin ilk 2 ayında otel və mehmanxanalarda yerləşən turistlərin sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 5 min 716 nəfər və ya 32,1 faiz artıb.

Yerli turistlərin sayında 7 min 312 nəfər və ya 87,6 faiz artım, əcnəbi turistlərin sayında isə 1596 nəfər və ya 16,9 faiz azalma qeydə alınıb.

İdarənin rəisi Ayaz İsgəndərovun sözlərinə görə, bu ilin yanvar-fevral aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında əvvəlki aylarda olduğu kimi, yenə də Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edib. Cari ilik ilk 2 ayında bu ölkənin 2 min 443 vətəndaşı Qəbələdə olub. Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı isə 1704 nəfərə çatıb. Ümumiyyətlə, yanvar-fevral aylarında Qəbələnin otel və mehmanxanalarında yerləşən turistlər arasında Küveyt, Bəhreyn, Oman, Rusiya, Hindistan, Pakistan və Türkiyədən olanlar üstünlük təşkil edib.

2020-ci ilin yanvar-fevral aylarında rayon ərazisində 16 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərib. Bu obyektlərin birdəfəlik tutumu 2043 yerdir. Ötən iki ayda otel və mehmanxanalarda 4 min 701 çarpayı-yerdən istifadə olunub. Bir gün qalmaq üçün orta qiymət 74,6 manat təşkil edib. Turistlərin orta qalma müddəti 1-2 gün olub.

Qeyd edək ki, göstərilən rəqəmlər bu ilin yanvar-fevral aylarına adi olduğu üçün koronavirus və onun təsirləri bu göstəricilərdə əksini tapmayıb.

Belə ki, martın əvvəlindən etibarən ölkəyə gələn xarici turistlərin sayı kəskin azalıb, üstəlik, daxili məhdudiyyətlərə görə, daxili turistlərin də axını dayanıb.(FED.az)

Turizm,
18.03.2020 14:17 574
Teqlər: İqtisadiyyat.Az, turizm,