Logo

İcbari tibbi sığortanın tətbiqindən sonra tibb işçilərinin maaşları azaldılıb? – AÇIQLAMA


Şamaxı şəhər Diaqnostika Mərkəzinin tibb işçiləri tərəfindən redaksiyamıza maaşlarının azaldılması ilə bağlı şikayət daxil olub.
Onlar bu halın, İcbari Tibbi Sığortanın tətbiqindən sonra baş verdiyini iddia edirlər.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirdilər ki, icbari tibbi sığortanın tətbiqindən əvvəl Şamaxı Diaqnostika Mərkəzinin tibb işçilərinin əməkhaqları vahid tarif cədvəlinə uyğun olaraq vəzifə maaşı və əlavədən ibarət olduğu halda, icbari tibb sığortanın tətbiqindən sonra bu hal dəyişib: “Yeni qəbul olunmuş - “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydaya əsasən tibb işçisinin əmək haqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq, sabit və ya xidmətə görə həvəsləndirici əlavə formasında verilir”. Həmçinin qeyd olunub ki, tibb işçilərinə xidmətə görə həvəsləndirici əlavələr yubanma ilə bu gün verilib. Yubanmanın səbəbi isə belə izah edilib: “Tibb işçilərinə vəzifə maaşları vaxtında verilib. Bu gün tibb işçilərinə xidmətə görə həvəsləndirici əlavələr verilib. Xidmətə görə həvəsləndirici əlavələrin verilməsində yubanma tibb müəssisələri tərəfindən təqdim olunan xidmətə görə hazırlanan reyestrlərdə uyğunsuzluqların olması ilə əlaqəli idi”.

Sığorta,
07.03.2020 11:23 435
Teqlər: