Logo

Ev almaq üçün sərfəli imkan – KİRAYƏ MƏNZİLLƏRİN SATIŞI BAŞLAYIR


Xəbər verildiyi kimi, Azərbaycanda kirayə üsulla mənzillərin satışına start verilib. Artıq bu üsulla mənzil sahibi olmaq istəyənlərin müraciətləri başlayıb, müraciətlər qeydə alınır və yaxın vaxtlarda həmin şəxslər "ASAN Xidmət"lərə dəvət olunaraq müraciətləri qiymətləndiriləcək.

İpoteka kreditləri, sosial evlər və kirayə mənzillər

Mənzillərin kirayə üsulu ilə satılması Azərbaycanda aztəminatlı və mənzilə tələbatı olan əhalinin «yumşaq şərtlərlə» mənzillə təmin edilməsi üçün dövlətin işə saldığı sayca üçüncü mexanizmdir.

İndiyədək Azərbaycanda bu sahədə müxtəlif mexanizmlər işə salınıb – ipoteka kreditləri - adi və imtiyazlı təbəqə üçün sosial ipoteka - sosial mənzillər və sair. İpoteka və Kredit Zəmanəti Fondunun məlumatına görə indiyədək 28 min nəfərdən çox insan ipoteka krediti ilə özünə mənzil alıb.

2019-cu ildə isə bu sahədə növbəti mühüm yeniliyə start verilib. Prezident İlham Əliyevin “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanı ilə ölkədə, sadə şəkildə desək, mənzillərin kirayə üsulu ilə satışı üçün yeni mexanizmin yaradılmasına başlanılıb.

Əlində pulu az olanlar üçün mənzillər

Satmaq öhdəliyi ilə yaşayış sahələrinin kirayəyə verilməsi, və ya mənzillərin kirayəyə verilməsi üsulu ilə satılması - beynəlxalq təcrübədə mövcud olan və əhalinin mənzil təminatı üçün sərfəli üsullardan biridir.

Evlərin kirayə üsulu ilə satılması üsulunun əsas məqsədi - ev almaq üçün şəxsi vəsaitləri çatmayan, həm də ipoteka kreditlərinə çıxış imkanı məhdud olan vətəndaşların mənzillə təmin edilməsidir.

Azərbaycanda bu prosesin icrası İpoteka və Kredit Zəmanət Fonduna həvalə edilib. Fondun bu sahədə əla təcrübəsi var – indiyədək tətbiq edilən ipoteka kreditləşməsi prosesi çərçivəsində 1,4 milyard manat ipoteka krediti verilib, bu kreditlərlə 28 min nəfərə yaxın şəxs ev və mənzil sahibi olub. Ən əsası, bu proses şəffaf olaraq  - elektron sistem üzərindən aparılır və indiyədək ipoteka kreditlərində gecikmə və ya problem qeydə alınmayıb.

Kirayə evlərlə bağlı dövlət başçısının fərmanından sonra İpoteka və Kredit Zəmanət Fondu 2019-cu il ərzində yeni mexanizmi hazırlayıb və kirayə mənzillərin satışına hazırlıq prosesini yekunlaşdırıb.

Belə ki, hüquqi baza yaradılıb, kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilşi, kirayə ilə satılacaq mənzillər alınıb. Mühüm məqamlardan biri -  vətəndaşların rahatlığı, daha operativ xidmət göstərilməsi və şəffaflığın artırılması üçün ASAN xidmət mərkəzləri ilə əməkdaşlıq əldə olundu və bütün proseslər avtomatlaşdırılıb.

Kirayə mənzil mexanizmində - şərtlər daha «yumşaq»dır

Mənzillərin kirayə ilə satılması mexanizmi indiyədək vərdiş etdiyiimiz ipoteka kreditləşdirilməsindən daha yumşaq tələbləri və əhaliyə daha sərfəli olması ilə fərqlənir.

Kirayə mexanizminin əsas mahiyyəti ondan ibarətdir ki, mənzil almağa və ya mənzili dəyişməyə ehtiyacı olan, amma buna pulu çatmayan vətəndaşlar əlavə sənədləşmə tələb olunmadan, sadə prosedurla şəffaf qaydada elektron müraciət etməklə və daha yumşaq və çevik qiymətləndirmədən keçməklə mənzil sahibi ola bilir.

Kirayə mənzillər almaq üçün şərtlər

Qaydalara görə, kirayə üsulu ilə mənzillər 3 ildən 25 ilədək müddətə müqavilə ilə satılacaq. Bu mənzilləri rəsmi gəlirlərə malik olan, müraciət anına yaşı 60 yaşdan yuxarı olmayan, məhkumluğu olmayan və vaxtı keçmiş öhdəlikləri olmayan ödəmə qabiliyyətli Azərbaycan vətəndaşları ala bilər.

Kirayə üsulu ilə satılacaq mənzillər isə 2013-cü ildən sonra inşa edilmiş, tikintisi başa çatdırılmış və mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, tikinti normalarına uyğun tam təmirli, qaz, su və elektrik enerjisi ilə təchiz edilmiş, infrastruktur obyektlərinə yaxın, kirayəçilərin istirahəti üçün həyatyani sahəyə malik olmalıdır.

İlk dəfə 530 mənzil satılacaq

İlkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə Bakı, Xırdalan və Sumqayıt şəhərlərində yerləşən 530 mənzil təklif edilir. İl ərzində bir neçə belə elanın verilməsi və daha çox mənzilin satılması nəzərdə tutulub.

Yaşayış sahələri vətəndaşlar üçün qiymət baxımından da əlçatan hesab olunur. Belə ki, Bakı şəhərində satmaq öhdəliyi ilə kirayəyə verilən yaşayış sahələrinin aylıq ödənişi 411 manatdan, Xırdalan şəhərində 333 manatdan və Sumqayıt şəhərində 297 manatdan başlayır. Aylıq ödənişin məbləği kirayə müqaviləsinin müddətinə və mənzilin sahəsinə görə dəyişə bilər. Aylıq ödənişin tərkibinə yaşayış sahəsinin dəyəri, vəsaitlərin cəlbetmə dəyəri, ehtiyatlar, Fondun yaşayış sahəsini sığortalaması, saxlaması və idarə etməsi xərcləri daxildir və Fondun gəlirliliyi nəzərdə tutulmur. Vətəndaşla satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanarkən, o, yalnız aylıq ödənişin 12 misli məbləğini qabaqcadan Fondun hesabına ödəyir. Yeri gəlmişkən, bu məqam sayəsində, kirayə mexanizmi ipoteka kreditlərindən daha sərfəlidir, xüsusilə də əlində vəsaiti az olan vətəndaşlar üçün. Çünki iroteka kreditlərində tələb olunan ilkin ödəniş 25%-dən aşağı deyil.

Kirayə mexanizminin üstünlükləri

Mənzilləri kirayə üsulu ilə almağın bir sıra üstünlükləri var. Belə ki,

- kirayəçi mənzildə yaşayaraq sonda onun sahibi olur,

- aylıq ödənişlər investisiya xarakteri daşıyır və kirayəçi sonda yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdiyi üçün ödədiyi vəsaitlər itmir, başqa sözlə, ola bilər ki, dövrün sonunda mənzilin qiyməti əvvəlki qiymətdən xeyli baha olsun və kirayəçi sonda, aldığı mənzildən daha bahalı mənzilə sahib olsun

- daşınmaz əmlak bazarında qiymət dəyişiklikliyi kirayə haqlarının artımına səbəb olmur və kirayə haqları uzunmüddətli müqavilə dövrü (25 ilədək) ərzində sabit qalır.

- Mənzildə sığorta hadisəsi baş verdikdə sığorta hesabına mənzilin təmiri Fond tərəfindən təmin edilir.

Bank komisyonu, qiymətləndirmə xərci, notarial və daşınmaz əmlakın qeydiyyatı üçün rüsumlar, xidmət haqları kimi əhəmiyyətli xərclər də kirayə mexanizmində mövcud deyil.

Müraciətlər elektron qəbul edilib ASAN Xidmətdə baxılacaq

Kirayə üsulla mənzil satışı prosesi başlayandan indiyədək əsas müzakirə mövzusu burada şəffaflığın necə təmin ediləcəyidir. Artıq əminliklə demək olar ki, ipoteka kreditləşməsindəki şəffaflıq burada da davam edəcək.

Bütün müraciətlər elektron sistem vasitəsi ilə növbəyə alınacaq, növbəlilik barədə məlumat elektron kabinetdə və Fondun informasiya resurslarında əks olunacaq. Bu məlumatlar həm müraciət edən vətəndaşlar, həm də ictimaiyyət üçün açıq olacaq. Bundan başqa müraciətlərə operativ baxılması üçün vətəndaşların qəbulu, onların təqdim etdiyi sənədlərə baxılması Sumqayıt ASAN Xidmət mərkəzində və Bakı 2 saylı ASAN Kommunal mərkəzində həyata keçiriləcək.

Müraciətlərə növbə ilə baxılacaq

Kirayə mənzillərə müraciətin qəbulu və baxılması mərhələli həyata keçirilir. Elektron şəkildə müraiət etdikdən sonra müraciət avtomatik qeydə alınır və vətəndaşa növbə təyin edilir. Növbəlilik əsasında vətəndaşa EİKZS vasitəsi ilə Sumqayıt ASAN Xidmət mərkəzində və Bakı 2 saylı ASAN Kommunal mərkəzində sənədlərin qəbulu tarixi təyin edilir. Vətəndaşların müraciətinə zəruri sənədlər təqdim edildikdən sonra 5 iş günü ərzində baxılır, vətəndaşın ödəmə qabiliyyətinə uyğun maksimal aylıq ödəniş müəyyən edilir. Növbəti 10 iş günü ərzində isə vətəndaş Fondun təklif etdiyi mənzillər siyahısından öz ödəmə qabiliyyətinə uyğun yaşayış sahəsi seçir və onunla kirayə müqaviləsi bağlanılır. Ümumilikdə kirayə mənzil üçün müraciətin qəbulu və baxılmasından kirayə müqaviləsinin rəsmiləşdirilməsinə qədər olan prosesin müddəti maksimum 15 iş günü təşkil edir.

Əmlak,
06.03.2020 16:34 415
Teqlər: İqtisadiyyat.Az, əmlak,