Logo

Azərbaycan bankları özünüməşğulluq proqramına qoşulur


Azərbaycanda fəaliyyət göstərən banklar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) həyata keçirdiyi özünüməşğulluq proqramına qoşulmağa hazırlaşır. 

"Report" bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinə istinadən xəbər verir. 

Məlumata görə, bu məqsədlə Nazirliyin, ABA-nın üzvü olan bankların və Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndələri "Kapital Bank" ASC-nin baş ofisində bir araya gəlib. Görüşdə adı çəkilən proqramın genişləndirilməsində banklarla əməkdaşlıq məsələləri müzakirə olunub. 

ABA-nın prezidenti Zakir Nuriyev, AMB-nin baş direktoru Əliyar Məmmədyarov, Nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov, Dövlət Məşğulluq Xidmətinin rəis müavini Rəşad Dayıyev Prezident İlham Əliyevin Azərbaycanda fəaliyyət göstərən özəl banklara özünüməşğulluq proqramına qoşularaq proqramın daha da geniş vüsət almasına dəstək olmaq çağırışının əhəmiyyətini vurğulayıblar.

Z.Nuriyev Assosiasiyaya üzv bankları bu çağırışa qoşulmağa və prosesin aktiv iştirakçısı olmağa dəvət edib. O, dövlət başçısının tapşırığı ilə icra olunan özünüməşğulluq proqramının mühüm sosial-iqtisadi önəmini qeyd edib və bankların da iştirakı ilə proqramın daha da genişlənməsinin mühüm sosial-iqtisadi önəmini diqqətə çatdırıb.

Görüşdə nazirlik nümayəndələri özünüməşğulluq proqramı haqqında geniş təqdimatla çıxış edib və bankların proqramın icra mexanizmi barədə suallarını cavablandırıblar.

Biznes,
06.03.2020 11:19 104
Teqlər: İqtisadiyyat.Az, biznes,