Logo

Uğurlu biznesmenlərin sağlamlıq sirri


Könüllü olaraq yeməkdən imtina etmək yenilik deyil. Xristianlarda bütün heyvan məhsullarından imtina olunmanı ehtiva edən postlar, müsəlmanlarda isə bir ay ərzində gündüz vaxtı yemək və içki qəbulunu qadağan edən Ramazan ayı var. Müasir iş adamlarınınsa öz dini var – onlar 16:8 protokolu üzrə ac qalırlar və bir neçə sutkalıq və ya həftəlik ümumi aclıq aksiyaları keçirirlər. Onların özlərinə niyə belə əziyyət vermələri ilə bağlı Forbes Life jurnalı məşğul olub.

Kaliforniyada aclıq

Ömrün uzanması və bioxakinq (bitkilərdən orqanlar yetişdirmək) sahəsində olan demək olar ki, bütün dəbli trendlər kimi müasir intervallı aclıq da  Silikon Vadisində yaranıb. Yerli ac bioxakerlər WeFast onlayn-icmasının əsasını qoyublar: orada onlar necə bu aclığı həyata keçirməklə bağlı məsləhətlər verirlər, həmçinin, öz Facebook və Slack qruplarına  ünsiyyət və təcrübə mübadiləsi üçün dəvət edirlər.İcma  iştirakçılarının intervallı oruclarının əsas metodu rahib orucudur. Bu, 36 saatlıq su orucudur: gündə 12 saat ərzində kalorisi olmayan istənilən maye, məsələn, südsüz və şəkərsiz qəhvə və ya çay və su içmək olar, amma bu vaxt müddətində heçnə yemək olmaz. Mahiyyəti nədir? qaraciyərimizdə əsas enerji mənbələrindən biri olan 100 qram qlikogen-polisaxarid toplanır və o, təxminən 16-24 saatda sərf olunur. Qalan 12-20 saat aclıq vaxtı orqanizmi nə saxlamalıdır? Cavab – aclıq çəkənlərin çoxunun orqanizminin tələb etdiyi ketozdur: bu elə bir vəziyyətdir ki, onun nəticəsində orqanizm artıq qlükozadan deyil, yağların parçalanmasından alınan keton cisimləri məhsulundan enerji toplayır.

WeFast bioxakerləri təsdiqləyirlər: məhz ketoz vəziyyətində orqanizmdə autofagiya ( hüceyrənin öz-özünü yeməsi) prosesi baş verir – hüceyrə “çirkablardan” təmizlənir. Ömrün uzanması uğrunda mübarizə aparanların çoxu belə hesab edirlər ki, autofagiya yaşla gələn əksər xəstəliklərin qarşısını alır. WeFast təsisçisinin sözlərinə görə, ketoz zamanı həm də “qocalmış” hüceyrələr məhv olur. Həmin hüceyrələr (ölü-senescent) adətən öz həyati funksiyalarını və bölünmək qabiliyyətlərini itirmiş olsalar da öz-özünə məhv olmurlar və xroniki iltihaba, həmçinin, bədənin qocalmasına səbəb olmaqla orqanizmdə “dolaşırlar”.

İntervallı oruc tutanlar təsdiqləyirlər ki, aclıq təkcə sağlamlıq üçün faydalı deyil, o həm də məhsuldarlıq qabiliyyətini artırır – hərçənd, bu inandırıcı səslənmir. Onlar deyirlər ki, təkamül nöqteyi-nəzərdən insan məcburi aclığa öyrəşib – sadəcə qida çatışmazlığı ucbatından. Orqanizmimiz aclıq hiss edəndə “ovçu rejimi”ni işə salmaq və tezliklə doyumlu qida əldə etmək üçün bütün gücünü səfərbər edir. “Ovçu rejimi”nin nə olduğunu unutmuşuq. Çünki müasir zamanımızda qida bizim üçün hər vaxt əlçatandır. Ona görə də  sahibkar-bioxakerlər könüllü olaraq qida qəbuluna məhdudiyyət qoymaqla onu işə salmağı təklif edirlər. Hətta bioloji aktiv əlavələr ( BAƏ)  ilə belə 36 saat ac qala bilməyənlər üçün WeFast təsisçiləri daha sadə bir rejimlər təklif edirlər – məsələn, elm sahəsində daha məhşur olan 16:8 intervallı aclıq nümunəsi. İdeyası sadədir – gün ərzində 8 saat qida qəbul etmək, qalan vaxtı isə ancaq şəkərsiz çay, kofe və su içmək. Bütövlükdə bu aclıq protokolunu hamıya yaxşı məlum olan “axşam saat altıdan sonra yemək yeməmək” fikrinin təkrarlanması kimi də hesab etmək olar.

Bəs uzunmüddətli aclığa necə tab gətirmək olar? Bunun üçün “WeFast”çılar bəzi tövsiyələr verirlər: çoxlu su içmək – enerjini qoruyub saxlamaq üçün həmçinin, çoxlu kofe və ya çay, yaxud da kofeinli nootropiklər ( preparat) qəbul etmək. Sonuncu xüsusilə maraqlıdır: axı ketoz öz-özlüyündə beyni daha məhsuldar etməlidir – o zaman təsiri naməlum olan əlavə stimulvericilər nəyə lazımdır?

Ac qalanlar üçün bioloji qida ələvələri (BAƏ)

Sadəcə biznes: WeFast hərəkatının özü koqnitiv fuksiyaların inkişaf etdirilməsi üçün müxtəlif əlavələr təklif edən HVMN startapının daxilində yaranıb. Belə ki, bütün HVMN  əməkdaşları çərşənbə axşamı günləri ac qalırdılar, çərşənbə günləri isə yerli kafedə toplaşırdılar – orada ənənə üzrə aclığa son qoyub bir yerdə səhər yeməyi yeyir və olanlardan keçənlərdən söhbət edirdilər. Aclıq korporativ mədəniyyətin tərkib hissəsinə, məhsuldarlığın artırılması vasitəsinə çevrilmişdi. HVMN təsisçisi və rəhbəri Ceoff Vu bu ideologiya ətrafında tam bir hərəkat yaratmaq qərarına gəlir – beləcə, WeFast meydana gəlir, onun iştirakçıları isə HVMN-nin hədəf auditoriyasının nüvəsini təşkil edirdilər. Axı ac qalanların əsas məqsədlərindən biri işdə daha da məhsuldar olmaq idi. Vu-nun şirkətinin istehsal etdiyi nootroplar da nəzəri olaraq deyə bilərik ki, bunda yardımçıdırlar. Artıq wefa.st rəsmi səhifəsində uğurlu aclıq üçün enerji və fikrin cəmlənməsi baxımıdan tövsiyyə kimi Sprint adlı qida əlavəsi təklif olunur. O da təbii ki, HVMN məhsuludur.

Bu əlavə 22,46 dollara satılır – paketlər bir aylıqdır. Demək olmaz ki, əlavələr faydasızdır. Tərkibində kofein olan bu preparat həqiqətən də fikri cəmləməyə və cəld reaksiya göstərməyə kömək edir. Ac qalan zaman enerji tükənəndə bunlar çox vacibdir. Amma kofein heç bir əlavə  enerji vermir – əksinə, orqanizmi tükədir: beyində, yorulduğunuzu və enerjnizin tükəndiyini bildirməli olan adenozin neyromediatoru reseptorlarını blok edir. Bu da müvəqqəti enerji artımına səbəb olur, amma o, aldadıcıdır: çünki əslində qida vasitsilə əldə edilməli olan sağlam enerji olmayanda orqanizm beynin fəaliyyəti üçün ATP molekullarından istifadə etməyə başlayır. Onlarsa orqanizmin əsas bioloji funksiyaları üçün lazım olan daxili enerji ehtiyatı hüceyrələridir.

Ümumilikdə demək olar ki, Sprint məhsuldarlığı müvəqqəti artırır və orqanizmi tükədərək “enerji aclığı” yaşadır.

İntervallı aclıq ömrü uzadır. Bu doğrudurmu?

İntervallı aclıq trendi ümumiyyətlə hardan gəlir? WeFast qrupu 2015-ci ildə yaradılıb, 2016-cı ildə isə yaponiyalı bioloq Yoşinori Osumi autofagiya mexanizmini kəşf etdiyinə görə tibb üzrə Nobel mükafatı qazanır. Onun araşdırması göstərib ki, autofagiya effektiv olduğu halda orqanizm gec qocalır, yox əgər autofagiya prosesində problemlər olarsa, o zaman hüceyrələr yenilənmir və  bu da xəstəliklərə səbəb ola bilir.

Bioxakerlər və elm adamları Osuminin araşdırma işini dərhal aclıqla əlaqələndirirlər və qidadan müvəqqəti imtinanı autofagiyaya təkan verən vasitə kimi müdafiə etməyə başlayırlar. İş o yerə çatır ki, bu ilin yanvar ayının əvvəlində Yoşinorini Moskvada çıxış etməyə çağırırlar və onun məruzəsini “ Autofagiya və orucun ömür uzadan xüsusiyyətləri” adlandırırlar. Özünü isə “intervallı aclıq metodikasının müəllifi” kimi təqdim edirlər. Bu, tədbirdə iştirak edən elm adamlarını qəzəbləndirir və onlar təşkilatçıların hərəkətinə görə araşdırmaçıdan üzr istəməli olurlar. Osumi özü də belə bildirib:”Mən heç vaxt aclığın pəhriz anlamında autofagiya prosesinə təkan verdiyni iddia etməmişəm. Ola bilər nəsə düzgün olmayıb”.

İstənilən halda  intervallı aclığa marağın qarşısını almaq mümkün deyil. Amma hələ ki, onun faydasını təsdiqləyən dəqiq məlumatlar çox azdır.

Harvard tibb məktəbi intervallı aclığa həsr olunan broşura buraxıb. Onlara görə,  aclğın yeganə faydası çəki azlığına səbəb olmasıdır. Bundan başqa, intervallı aclığn insulinə qarşı həssaslığı yüksəltdiyi də məlumdur və buna müvafiq olaraq ikinci növ şəkərli diabetin də qarşısını alır – amma araşdırmaların nəticələri bir-birinə zidd gəlir. Aclığın ömrü uzatması ilə bağlı məlumatların böyük əksəriyyəti heyvanlar və ya az insan qrupları üzərində aparılan eksperimentlərə əsaslanır – demək ki, bu da dəqiq sübut olunmayıb.

Harvard alimləri belə hesab edirlər ki, intervallı aclıqla özünə əziyyət vermək vacib deyil – Aralıq dənizi pəhrizi saxlamaq kifayətdir: çoxlu təzə tərəvəzlər, balıq və dəniz məhsulları, zeytun yağı var. Və təbii ki, çox yemək də olmaz. Kalorini də normanızla müqayisədə bir qədər məhdudlaşdırmaq olar – bu halda əldə edilən təsir eynilə intervallı aclıqdan qazanılan təsirə təxminən bərabər olur.

Deyvis Kaliforniya Universitetinin alimi Valter Lonqo da  bununla razıdır. Alim Aralıq dənizi pəhrizini elə  uyğunlaşdırıb ki, o, aclığı əvəz edir və həmin pəhrizi saxlayan şəxs ac qalmasına rəğmən aclıqdan əziyyət çəkmir. “12 saatdan çox ac qalmaq çox uzun zamandır. Elə adamlar var ki, məsələn, səhər yeməyi yemirlər və sonra da 16-17 saat ac qalırlar – onlarda köklüyə və diabetə meyllilik artır. İndividual fizioloji normadan aşağı şəkildə daim kaloridən tam imtina etmək də düzgün deyil. Tamamilə ac qalmaq isə heç çıxış yolu deyil: kifayət qədər qidalandırıcı maddələr qəbul etmədiyinizdən əziyyət çəkməyə başlayacaq və aclıq hiss edəcəksiniz” – Lonqo bildirir.

Bunun yerinə o, müddətli “aldadıcı aclığı” təklif edir: 5 gün ərzində hər gün tərəvəz, qoz-fındıq, kompleks karbohidratlar və faydalı yağlardan 750-1100 kalori yığmaq. Tam sağlam insanlara Lonqo ildə üç-dərd dəfə bunu etməyi məsləhət görür. Onun eksperimentləri göstərib ki, “aldadıcı aclığı” biokimyəvi  göstəriciləri  yaxşılaşdırır: qanda şəkərin səviyyəsi, xolesterin və başqaları eynilə intervallı aclıqda olan nəticələri göstərirlər.

Marketinq,
05.03.2020 10:41 100
Teqlər: İqtisadiyyat.Az, marketinq,