Logo

Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti uzadılmalıdır" - Ekspert rəyi


“Bu gün əmanətlərin tam sığortalanması müddəti başa çatır. Əgər 2016-cı ildə qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddəti uzadılmasa, bu halda digər normativ aktın - “Əmanətlərin sığortalanması haqqında” Qanunun şərtləri qüvvəyə minəcək. Yəni kompensasiya məbləği 30 min manatla limitləşəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib. O koronavirusun yayıldığı bu ərəfədə əmanətlərin daha 1 il tam sığorta edilməsinin vacib olduğunu bildirib:
“Əmanətlərin tam sığortalanmasının nəzərdə tutan qanunun müddəti ötən il fevralın 19-da daha 1 il müddətinə uzadılmağına rəğmən bu il hökumətdən konkret mövqe görünmür. 2020-ci il gələndən bütün dünyaya yayılmış koronavirus səbəbindən Çində iqtisadi aktivliyin kəskin azalması dünya bazarlarına, o cümlədən Azərbaycanın neft bazarına mənfi təsir göstərib. Belə ki, Brent markalı neftin qiyməti 68 dollardan 51 dollara qədər ucuzlaşıb. Əgər virus problemi həllini tapmasa və proses uzansa, ucuzlaşma davam edəcək. Əmanətlərin tam sığortalanması qərarı isə 2015-ci ildə baş vermiş devalvasiya qərarının bank sektoruna vurduğu zərbənin təsirini bir qədər azaltmaq, əhalinin bank sektoruna inamını bərpa etməyə yönəldilmiş bir addım idi. Qərar çox düzgün idi. Amma bu gün  hökumətin müddətin uzadılması ilə bağlı yekun qərarı yoxdur. Ancaq fikrimcə, müddətin daha 1 il uzadılmasına qərar verilməlidir. Bu, əmanətçilər üçün psixoloji gərginliyi xeyli azaldar, banklar üçün də əmanət qaçışı qorxusunu aradan qaldırar”.
Ekspert bildirir ki, hazırda banklarda 8,6 milyard manat əmanət var. Onların 75,6 faizi qısamüddətlidir. Bu əhalinin hələ də bankların dayanıqlılığına və valyutanın sabitliyinə tam əmin olmamasını göstərir:
“Bu əmanətlərin 34 faizi cari hesablardır. Bu o deməkdir ki, 2,9 milyard manatlıq əmanət hər an banklardan geri çəkilə bilər ki, bu da bankları çökdürər. Təəssüf ki, Əmanətlərin Sığortalanması Fondu qapalı şəkildə işləyir, saytında ümumiyyətlə heç bir statistik məlumat yerləşdirmir. Biz bilmirik ki, məsələn, əmanətlərin hansı hissəsi 30 min, 50 min, 100 min manata qədərdir. Ən azı kompensasiya məbləği 100 min manata qədər artırılmalıdır”.

Sığorta,
04.03.2020 14:20 109
Teqlər: İqtisadiyyat.Az, sığorta,