Logo

Hansı şirkətlər sərfəli şərtlərlə kasko sığortası təklif edir?


Avtomobillərin çoxluğu tez-tez qəza hadisələrinin yaranmasına səbəb olur. Bəs bu hadisələrin qurbanına çevrilməmək üçün nə etməliyik? Bütün bu hadisələrin zərərlərinin qarşısını almaq üçün sığortalanmaq ideal variantdır. Bunun üçün ilkin olaraq sığorta şirkətinin təklif etdiyi xidmətin şərtləri ilə tanış olmaq lazımdır. Avtomobil sığortası könüllü və məcburi olaraq iki yerə bölünür. İcbari sığorta hadisə baş verən zaman yalnız qarşı tərəfə dəyən ziyanı ödəmək üçündür. Lakin kasko sığorta qarşı tərəfi deyil, sığortalının özünü, avtomobilini sığortalayır. 

Bu sığortanın məbləği avtomobilin istehsal ilindən, bazar dəyərindən, modelindən, mühərrikin həcmindən və s.-dən birbaşa asılıdır. Bəs ən sərfəli şərtlərlə kasko sığortanı hansı şirkətlər təklif edir? Bu şirkətlər sığorta qiymətləri ilə yanaşı əlavə xidmətləri ilə də seçilir. 

A-Qroup sığorta

Avtomobilin marka, model, buraxılış ili və dəyərindən asılı olaraq minimal sığorta haqqı, yuxarıda qeyd oluna 300 AZN götürülə bilər.Sığorta haqqı tərəflərin razılaşmasından asılı olaraq birdəfəlik, yəni sığorta müqaviləsi imzalandığı ana və ya hissəli olaraq ödənilə bilər. Hər bir halda sığorta haqqı və ya onun ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Avtomobillərin icbari sığorta qaydalarında azadolma tədbiq edilmir. Azadolma  məbləği sığorta obyektinin dəyərinə görə,  təyinat və istifadəsinə görə və sığortalının yaşı və sürücülük təcrübəsinə görə fərqli qaydada tədbiq oluna bilər.Azadolma məbləği 0 dan başlayaraq 1000 AZN dək fərqlənə bilər. Şirkətin təklif etdiyi sığorta məhsulu rəsmi servis xidməti, hadisə baş verdiyi zaman, müvafiq sənədlərin yığılması Sığortaçı tərəfindən aparılması, Mobil Aplikasiya vasitəsi ilə, düyməni basaraq qəza komisarının hadisə yerinə çağırılması kimi üstünlükləri var.

Amrah Sığorta. Sığorta ödənişi maşının bazar dəyərindən asılı olaraq dəyişir. Şirkətin təklif etdiyi Ekonom kasko məhsuluna görə avtomobilin bazar dəyəri 15 min olduqda sığorta ödənişi 95 manat, 20 min olduqda ödəniş 135 manat, 30 min olduqda ödəniş 195 manat olur. Bu ödənişlər isə yalnız bir dəfə ödənilir və müqavilə 1 il qüvvədədir. İl ərzində yalnız bir hadisə üçün təminat verilir və bu təminat 2000-5000 AZN arasında dəyişir. Azadolma məbləği isə 100 manatdır.

AtaSığorta. Sığorta məbləğindən, azadolma məbləğindən və təmir emalatxanası seçimindən asılı olaraq sığorta tarifi 2.40%-dan 4.00%-a kimi dəyişir. Sığorta üçün müəyyən olunan məbləğ 4 aya bərabər hissələrlə ödənilməlidir. Avtomobilin dəyərindən asılı olaraq azadolma məbləği isə 100 AZN-dən 3000 AZN-ə kimi dəyişə bilər. Avtomobilin sığortalanması üçün tələb olunan minimum istehsal tarixi 2000-ci ildir.

Yol-nəqliyyat hadisəsi 2(iki) avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə (2-dən çox olmamaq şərtilə), təqsirin üçüncü şəxsdə (qarşı tərəfdə) olduqda, hadisə baş verən zaman təqsirli olan qarşı tərəfin mülki məsuliyyəti qüvvədə olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsinə əsasən sığortalanmış olduqda və dəymiş zərər məbləği 5 000.00 (beş min) manatdan az olduqda müqavilə üzrə təyin olunan azadolma məbləği tətbiq edilmir.

Atəşgah Sığorta. Şirkətin regionlardakı müştəriləri üçün yaratdığı “Bölgəm” adlı Kasko məhsulunun 3 paketi mövcuddur: 99 azn ( təminat 2500 azn), 139 azn ( təminat 5000 azn), 179 azn ( təminat 10000 azn). Ödəniş məbləği müştərinin istəyi ilə bərabər bölünüb 3 ay ərzində ardıcıl olaraq ödənilə bilər. Azadolma məbləği hər hadisə üzrə 100 azn təşkil edir. Avtomobilin sığortalanması üçün tələb olunan minimum istehsal tarixi markasından asılı olaraq dəyişilir (Mercedes markalı avtomobillər 1998-ci ildən, Rusiya istehsalı olan avtomobillər 2005-ci ildən, digər xarici istehsallı avtomobillər 2000-ci ildən yeni olmaq şərti ilə). Əsas özəllik, minimal məbləğ ödəməklə bölgələrdə idarə olunan avtomobillərin uyğun təminatla sığortalanmasıdır.

Bakı Sığorta. Sığorta haqqı minimum 150 manatdan başlayır. Ödənişlər kaskonun növüdən asılı olaraq 10 ay ərzində hissəli şəkildə ödənilə bilər. 2004-ci ildən etibarən istehsal olunan avtomobillər sığortalanır. Digərlərindən üstünlüyü isə şirkətin təqdim etdiyi full kasko sığortanı 70% endirimlə əldə etmək mümkündür. Qaydalar isə çox sadədir, kasko1.az saytında həmçinin  whatsapp üzərindən sorğudakı suallar cavablandırılır və sürücülər avtomobilin kasko sığortasını 70% dək endirimlə əldə etmək şansını qazanırlar. 

Günay Sığorta.  Minimum sığorta haqqı və azadolma məbləği 100 AZN-dən başlayır. Ödəniş 4 aya ödənilir. Sığorta üçün avtomobil minimum 2002-ci il istehsalı olmalıdır.

Şirkətin təklif etdiyi “50/50 Kasko” məhsulu avtomobili yarı qiymətə sığortalamaq imkanı verir. Avtomobili sığortalayarkən müştəri sığorta haqqının birinci yarısını sığorta müqaviləsi bağlanan zaman ödəyir, ikinci yarısı isə sığorta hadisəsi  baş versə sığorta ödənişindən çıxılır. Lakin sığorta müddəti ərzində hadisə baş vermədiyi halda sığorta haqqının ikinci yarısı (50%-i) müştəridən tələb olunmur. Hadisə zamanı taksi xidməti, sığorta hadisəsi baş verdikdə pulsuz evakuasiya xidməti əlavə təminatlara daxildir.

Kasko Butik. İstehsal ilindən və mühərrikin həcmindən asılı olmayaraq aylıq 22 AZN başlayan qiymətlə avtomobili sığortalamaq mümkündür. Azadolma məbləği 99 AZN-dən başlayır. Sığortanın məbləği hadisə yerindən pulsuz evakuasiya və taksi xidmətindən, avtomobilin rəsmi servisdə təmirindən asılı olaraq dəyişir. Şirkət 5 fərqli kasko təqdim edir: S - aylıq 22 AZN (təminat 2222 AZN), M - aylıq 33AZN (təminat 3333 AZN), L- aylıq 44 AZN (təminat 4444 AZN), XL - aylıq 55 (təminat 5555 AZN), XXL - aylıq 99 (təminat 9999 AZN)

PAŞA Sığorta. Kasko sığortasının haqqı sığortalanan avtomobilin bazar dəyərinə və sürücünün təcrübəsinə uyğun hesablanır. Sığorta haqqından asılı olaraq ödəniş birdəfəlik və ya hissəli şəkildə faizsiz 4, 6 və 8 ay ərzində həyata keçirilə bilər. Azadolma məbləği  müştərinin istəyindən asılı olaraq bu məbləğ dəyişə bilər. Müştərinin sürücülük təcrübəsi və yaş həddi də bu məbləğin tənzimlənməsində rol oynayır. KASKO Sığortası üçün hər bir avtomobilin markasından asılı olaraq tələb olunan minimal istehsal tarixi dəyişə bilər. Hər bir müştəri təklif olunan əlavə xidmətlərə əsasən Premium, Standart, Klassik və PASHA Ladies paketindən istədiyi birini seçərək müvafiq paketə daxil olan əlavə xidmət və güzəştlərdən də yararlana bilər. Bu güzəştlərə «Pulsuz Taksi» xidməti (sığorta hadisəsi zamanı avtomobilin təmir müddətində), avtomobilin sığorta hadisəsi sayılmayan nasaz olması halında belə pulsuz evakuasiya xidməti və sairə əlavə xidmət və güzəştlər daxildir.

Qala Sığorta, AzSığorta, Meqa Sığorta, Azərbaycan Sənaye Sığorta, Rəvan Sığorta, Xalq Sığorta, Standard İnsurance, İpək Yolu Sığorta şirkətləri tərəfindən məlumat təqdim edilmədi.

( Banco )

Sığorta,
02.03.2020 16:50 77
Teqlər: İqtisadiyyat.Az, sığorta,