Logo

Mənzil alanlar, aldanmayın: Bunlara diqqət edin, yoxsa...


Mənzil sahibi olmaq hər kəsin arzusudur. Amma hər kəs bu arzusunu gerçəkləşdirə bilmir. Etiraf edək ki, mənzil alarkən seçimi doğru etmək o qədər də asan deyil. Xüsusən də, söhbət yeni tikilən və ya tikilməkdə olan binalardan gedirsə.

Oxu.Az-ın redaksiyasına bəzi yeni tikililərdən mənzil alarkən aldanan vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olub.

Bəs ev alan vətəndaşlar aldanmamaq üçün nələrə diqqət etməlidir?

Ev almaq istəyən şəxslər ilk növbədə mənzilin sərfəli qiymətə, şəhərin mərkəzinə, xüsusilə də metro stansiyası və avtobus dayanacağına, məktəbə, uşaq bağçasına yaxın olmasını istəyir. Eləcə də, mənzilin mümkün qədər təmirli olması və magistral yollara yaxınlığı, yerləşdiyi ərazi və digər amillər də əsas götürülür.

Təəssüf ki, insanlar bəzi tikinti şirkətlərinin “aşağı qiymət” adı altında qurduğu tələyə düşür. Tikintisi tamamlanmamış binalarda evlərin qiymətlərini sərfəli qoyan bəzi tikinti şirkətləri vətəndaşları aldadır. Nəticədə isə ya binanın tikintisi yarıda qalır, ya da onlar başqa bir problemlə üzləşirlər. 

Oxu.Az-ın bu məsələlərlə bağlı suallarını daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov cavablandırıb.

Onun sözlərinə görə, vətəndaşların yol verdiyi səhvlərdən biri ev alarkən imzaladıqları müqaviləni tam şəkildə oxumamalarıdır:

“Birinci halda əgər vətəndaş Mənzil Tikinti Kooperativindən (MTK) mənzil alırsa, həmin kooperativə üzv olmalıdır. Üzv olduğu təqdirdə onun həmin tikili daxilində baş verən hadisələrə münasibət bildirərək, səs vermək hüququ olur. Bununla da şəxs öz haqlarını müdafiə edə bilir. Təəssüf ki, bəzən kooperativlərdə monopoliya olduğu diqqət çəkir.

İkinci halda isə vətəndaş hər hansı MMC-dən və ya fərdi sahibkardan ev alırsa, tərəflər arasında müqavilə bağlanır. Həmin müqavilədə hər iki tərəfin üzərinə düşən hüquq və vəzifələr göstərilir. Təəssüf ki, vətəndaşlar müqaviləni tam oxumadan imzalayırlar. Bu səbəbdən də bir çox problemlər ortaya çıxa bilir. Yaxşı olardı ki, müqaviləni hüquqşünasın iştirakı ilə araşdırandan sonra ev almaq barədə qərar versinlər. Çünki müqavilənin tərtib olunma forması vacibdir. Sənəddə binanın tikintisində istifadə olunan avadanlıqlar, onların keyfiyyət dərəcələri, mənzil sahibinə təqdim ediləcək xidmətlər və s. öz əksini tapmalıdır. Vətəndaş mənzili MTK-dan aldığı üçün bu normativlər gözlənilərsə, problem də yaranmaz”.

Bir çox hallarda tikintisi tamamlanmamış binalardan ev alan vətəndaşlar problemlə üzləşirlər. Bunu nəzərə alaraq, ekspertdən bu məqama da aydınlıq gətirməsini xahiş etdik.

O qeyd edib ki, tikintisi tamamlanmamış binalardan ev almaq məsləhət deyil:

“Yarımçıq binalarda bəzən mənzillərin qiymətləri nisbətən aşağı qoyulur. Bu da ev almaq üçün axtarışda olan insanların aldanaraq, tikinti şirkətlərinin “tələsinə” düşməsinə şərait yaradır. Biz tikintisi tamamlanmamış binalardan ev alınmasını birmənalı olaraq məsləhət görmürük”.

Əmlak,
21.02.2020 16:05 480
Teqlər: İqtisadiyyat.Az, əmlak,