Logo

Sürücülərlə bağlı yeniliyin üstünlükləri


Sürücülük vəsiqələrinin verilməsində edilən yenilik Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsində aparılır. Texnologiyaların inkişafı ümumilikdə işin keyfiyyətinin artırılmasına xidmət edir və bu da müsbət nəticələr ortaya qoyur.

İqtisadiyyat.Az verir ki, bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsində sürücülük vəsiqələrinin verilməsində edilən dəyişiklikləri şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, yeniliyin tətbiqi onu göstərir ki, yol polisi özü də yeniliklərə, innovativ dəyişikliklərə hazırdır:

“Ancaq bunun hansı formada tətbiq ediləcəyi və digər qeydiyyat imtahan şöbələrinə şamil edilib-edilməyəcəyi məsələsi hələ ki açıq qalır. Artıq Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsində bu proses həyata keçirilir. Bunların heç bir mənfi xüsusiyyəti yoxdur. Sürücülər öz bilik və bacarıqlarını burada normal şəkildə inkişaf etdirəcəklər. Əvvəllər narazılıq edib deyirdilər ki, müəllim qəsdən imtahandan kəsdi və yaxud təzyiq göstərdi. Amma bu gün imtahan prosesində tam şəffaflıq təmin olunur. Yəni avtomobildə kamera quraşdırılır, imtahan verən sürücüyə 5 ildən köhnə olmayan nəqliyyat vasitələri təqdim olunur. Hətta sürücüyə seçim də verilir ki, avtomat və yaxud mexaniki ötürücü qutusu olan nəqliyyat vasitələrində imtahan versin”.

Ekspertin sözlərinə görə, imtahanın qiymətləndirilməsini müəllimlərin yox, xüsusi texniki vasitələrin həyata keçirməsi innovativ yeniliklərdən biridir:

“Bu yenilikləri alqışlayıram. Ümid edirəm ki, digər qeydiyyat-imtahan şöbələrinə də şamil olunacaq. Bu prosesin daha da təkminləşdirilməsi üçün digər addımların atılmasının tərəfdarıyam. Bunlar nədən ibarətdir? Sürücülərin əksəriyyəti istəyir ki, imtahanı verib çıxandan sonra səhv və düz suallar vərəqdə ona təqdim edilsin. Növbəti imtahana hazırlaşarkən öz səhvlərini görsünlər. Bu kimi halların aradan qaldırılması mümkün olsaydı, vətəndaşlar üçün daha geniş imkanlar yaranardı. Ümid edirəm ki, bunu aradan qaldırmaq mümkün olacaq”.

E.Muradlı qeyd edib ki, sürücülərin psixoloji hazırlığının həyata keçirilməsinə də zərurət var:

“Çünki bu gün psixoloji cəhətdən gərgin olan sürücülər var. Onlar yollarda bir-birlərini öldürməyə belə hazırdırlar. Bir-birinin avtomobilini vurub əzirlər, aqressiya nümayiş etdirirlər. Yəni sürücülük vəsiqələri həm verilərkən, həm də dəyişdirilərkən psixoloji müayinə həyata keçirilməlidir. Bundan başqa, sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı sağlamlıq haqqında arayış məsələsini bərpa etmək lazımdır. Bu prosesin bərpa edilməsi yollarda yalnız sağlam sürücülərin olması deməkdir. Nəzərə alın ki, 10 il ərzində insanın başına müxtəlif hadisələr gələ bilər, müxtəlif əməliyyatlar keçirə, görmə qabiliyyətini itirə, əlillik dərəcəsi ala bilər. Amma bu adamlar sonradan gedib ASAN Xidmət mərkəzinə yaxınlaşaraq, 25 manat rüsum ödəyərək vəsiqəni alırlar. Bəzən mən sükan arxasında bir ayağı olmayan, görmə qabiliyyəti zəif insanlar görürəm. Bunlar çox təhlükəlidir. Yollarda belə hallara qarşı ciddi mübarizə aparmaq lazımdır”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulunda yeniliklər olduğunu açıqlayıb. Onun sözlərinə görə, əyani imtahan verən şəxslərin bilik və bacarıqlarını bundan sonra imtahan götürən müəllimlər deyil, xüsusi texniki vasitələr qiymətləndirəcək.

Avto,
14.02.2020 14:12 38
Teqlər: İqtisadiyyat.Az, avto,