Logo

Yol qəzaları ilə bağlı qorxunc statistika açıqlandı - HƏYƏCAN TƏBİLİ


11 ay ərzində baş verən yol qəzaları nəticəsində təkcə Bakıda 167 nəfər həyatını itirib. 

Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib. 

Onun sözlərinə görə, bu ilin 11 ayı ərzində təkcə Bakıda 167 nəfər yol-nəqliyyat hadisələrinin qurbanı olub:

“Bu istiqamətdə çoxsaylı maarifləndirmə tədbirləri aparsaq da, təəssüf ki, yol qəzalarında həyatını itirən insanların sayı yenə də çoxdur. Təəssüf doğuran məqamlardan biri isə yol qəzalarında daha çox piyadaların ölməsidir. Qəzaların 50 faizi isə yolun piyadalar üçün təyin olunmayan hissəsindən keçən şəxslərə görə baş verib. 

2019-cu ilin yanvar-noyabr ayları ərzində Bakı şəhəri ərazisində 488 yol yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalarda 167 nəfər ölüb, 438 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Daha dəqiq desək, piyada vurulması ilə nəticələnən yol qəzalarının sayı 294 olub. Həmin qəzalarda isə 107 nəfər ölüb, 187 nəfər isə müxtəlif xəsarət alıb” .

V.Əsədov onu da əlavə edib ki, bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb:

“Ötən ilin eyni dövrü ilə müqayisə etdikdə, piyadaların avtomobillərlə vurulması ümumi yol qəzalarının 64 faizini təşkil edir. Bu, artıq həyəcan təbilinin çalınması deməkdir. Yol qəzalarının böyük əksəriyyəti axşam saatlarında və işıqlandırma ilə bağlı problem olan yollarda, eləcə də, piyadalar üçün nəzərdə tutulmuş yerüstü və yeraltı keçidlərin yaxınlığında qeydə alınıb.

Biz dəfələrlə piyadalara müraciət edərək bildiririk ki, əvvəlcə öz təhlükəsizliyinizə görə, daha sonra isə yol hərəkəti qaydalarına və ətrafdakı digər insanların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə qaydalara əməl etsinlər. Yolu keçərkən qulaqcıqlardan istifadə etmək olmaz”. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun sözlərinə görə, aparılan təbliğat işləri, yol hərəkəti iştirakçılarının maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə baxmayaraq, bəzi piyadalar yol hərəkəti qaydalarına əməl etmirlər.

Elə buna görə də, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi nöbəti dəfə piyadalara müraciət edib. Bununla yanaşı, piyadalara tövsiyə olnur ki, yolda hərəkət zamanı qulaqcıqlardan istifadə etməsinlər, geyimlərinin üzərində işıqqaytarıcı elementlərin olmasına diqqət etsinlər. 

Sosium,
12.12.2019 14:54 170
Teqlər: İqtisadiyyat.Az, sosium,