Logo

Elmir Vəlizadə: ""Bakcell" şirkətinə 099 prefiksi artıq ayrılıb"


Azərbaycanın mobil rabitə operatoru “Bakcell”ə yeni operator kodu - 099 prefiksi, artıq bir neçə aydır ki, ayrılıb.

Bunu "Report"a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

E.Vəlizadənin sözlərinə görə, həmin operator kodunun istifadəsi mobil operatorun özündən asılıdır: "Bu müəyyən dərəcədə kommersiya sirridir ancaq Nazirlik olaraq bildiririk ki, 099 prefiksi artıq ayrılıb və "Bakcell" müqavilə bağladıqdan sonra bunu istifadə edə bilər. Amma istifadənin təşkili şirkətin özünün fəaliyyətindən asılıdır".

Xatırladaq ki, bu ilin avqustunda NRYTN-nin "Bakcell" şirkətinə 099 prefiksini verməməsi ilə bağlı məlumat yayılmışdı.

NRYTN-dən “Azercell Telekom”, həmçinin “Bakcell” MMC-lərdən yeni kodların və nömrələrin ayrılması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciətlər daxil olduğu bildirilmişdi və yeni kodların və nömrələrin MMC-lərə ayrılması, rəsmiləşdirilməsi, həmçinin yerli və beynəlxalq operatorların şəbəkələrində tanıtdırılması istiqamətində işlər aparıldığı qeyd edilmişdi. "Bu işlər başa çatdıqdan sonra yeni kodların və nömrələrin operatorların istifadəsinə verilməsi təmin olunacaq", - Nazirliyin məlumatında deyilirdi.

Beləliklə, “Bakcell” iki operator koduna (055 və 099) malikdi.

Qeyd edək ki, ölkənin digər mobil rabitə operatoru olan "Azercell"in də 050 və 051 operator kodlarından başqa yeni - 010 prefiksi istifadəyə verəcəyi gözlənilir.

İKT,
07.11.2019 14:09 17
Teqlər: