Logo

İşıq yox, qaz yox... - Qurumlarımız qışa “TAM HAZIRDIR"


Bir az külək əsdi, yağış yağdısa, paytaxtətrafı qəsəbələrdə yaşayan sakinlərin qanı yaman qaralır. Çünki normal təbiət hadisəsi bu ərzilərdəki yaşayış şəraitini anormal vəziyyətə gətirir. Ya işıq gedir, ya da ki qaz...

Evində xəstə, uşaq, qoca olmağının heç bir önəmi yoxdur. Buna görə güzəşt olunacağını da gözləməyin. İşıq söndüsə, qaz sobasını yandırıb evinizi isidin, qaz keçdiksə, elektriklə çalışan qızdırıcılardan istifadə edin. Vay o hala ki, hər ikisi kəsilə. O zaman kustar üsulla odun yandırmadan isinə bilməyəcəksiniz.

Bəs qurumlar qışa “TAM HAZIR” idi?

Qurumlar qışa tam hazır olduqlarını bildirsələr də, ötən gün yağan yağış gerçəkləri ortaya çıxardı. Qış gəlmədən paytaxtətrafı qəsəbələr - Mehdiabad, Güzdək, Pirşağı və ətraf ərazilər saatlarla işıqsız qaldı. Saatlarla işığın olmaması saysız-hesabsız problemləri özüylə gətirdi. Bəlkə də həmin gün hansısa azyaşlı soyuqdan xəstələndi. Hansısa yaşlı insan həmin gün bir stəkan isti çay içə bilmədi...

Məsələni maraqlı edən, hazırda da problemin davam etməsidir. Yenə paytaxtətrafı bəzi qəsəbələrdə işığın verilməsində fasilələr yaranır...

Qaz təchizatındakı problemlərlə bağlı Redaktor.az-a açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib ki, problemlərin aradan qaldırılması üçün ciddi tapşırıqlar verilib:

“Havanın temperaturu və istehlakçıların tələbatına uyğun olaraq qaz təchizatı şəbəkələrində quraşdırılmış qurğuların giriş və çıxış təzyiqləriylə bağlı məlumat mütamadi olaraq təhlil edilir. Qaz təchizatı şəbəkələrində texnoloji rejimlərin optimallaşdırılması bu yolla həyata keçirilir. Qazın təzyiqi aşağı olarsa, dərhal məlumat verilir, bunun aradan qaldırılması üçün tənzimlənmələr aparılır.

Bu işləri tənzimləyən vaxt havalar soyudu. Ona görə bəzi yerlərdə problemlər ortaya çıxdı. Hamısının aradan qaldırılması üçün ciddi tapşırıqlar verilib. “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi bunu ciddi nəzarətdə saxlayır. Soyuq günlərdə hansısa problemin ortaya çıxamaması üçün əməkdaşlarımız tam səfərbər olunub. Bizə ən çox şikayət  Sabunçu və Maştağadan gəlir. Onların aradan qaldırılması üçün səy göstərilir. Bir qismi artıq həll olunub. İnanıram ki, yaxın günlərdə hər hansı problemlə üzləşməcəyik”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə yaratmağa çalışsaq da, qurum rəhbəri telefon zənglərimizə nədənsə cavab vermək istəmədi. Məsələ diqqətimizdədir və qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Sənaye,
04.11.2019 16:05 20
Teqlər: İqtisadiyyat.Az, sənaye,