Logo

Qeyri-neft sektorunda dövriyyənin nominal artım tempi 8,9% təşkil edib


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeyri-neft sektorunda dövriyyənin nominal artım tempi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9% təşkil edib ki, bu sektorda ÜDM-in nominal artım tempini üstələyib.

Vergilər Nazirliyindən verilən məlumata görə, regionlar üzrə bəyan edilmiş dövriyyələrin həcmi 11,9% artıb. Qeyri-neft sektorunda əlavə dəyər vergisinə cəlb olunan dövriyyələrin artım tempi 12,8%, o cümlədən regionlar üzrə 27,9% təşkil edib.

Qeyri-neft sektorunda dövriyyələrin ən yüksək artım tempi ticarətdə (24,2%), o cümlədən pərakəndə ticarətdə (36,2%) və topdansatış ticarətdə (15,8%), ictimai iaşədə (21,6%) və qeyri-neft istehsalı sahəsində (18,1%) müşahidə olunub.

Əlavə dəyər vergisinə cəlb olunan dövriyyələrin həcmi ticarətdə 33%, o cümlədən pərakəndə ticarətdə 41,5% və topdansatış ticarətdə 27,6%, xidmət sahəsində 14,1%, o cümlədən ictimai iaşədə 19%, kənd təsərrüfatında 15,8% artıb.

Qeyri-neft sektorunun ümumi dövriyyəsində elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 55,2%-dən 63,3%-ə yüksəlib, elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin həcmi isə 24,9% artıb.

Cəmi dövriyyədə elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi qeyri-neft sənayesində 69,7%-dən 84,4%-ə, ticarətdə 48,2%-dən 55,8%-ə (o cümlədən topdansatış ticarətdə 66,2%-dən 81,6%-ə), tikintidə (neft-qaz sektoruna xidmət edən vergi ödəyiciləri istisna olunmaqla) 83,9%-dən 88,9%-ə, kənd təsərrüfatında 50,7%-dən 91,8%-ə, digər fəaliyyət sahələrində isə 63,9%-dən 83,9%-ə yüksəlib.

Elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyələrdə ən yüksək artım kənd təsərrüfatında (1,9 dəfə), ticarətdə (43,8%), o cümlədən pərakəndə ticarətdə (48%) və topdansatış ticarətdə (42,7%), qeyri-neft istehsal sahəsində (31,1%), xidmətdə (neft-qaz sektoruna xidmət edən vergi ödəyiciləri nəzərə alınmadan – 20,1%), o cümlədən ictimai iaşədə (28,6%), rabitədə (21,1%) və digər fəaliyyət sahələrində (19,4%) qeydə alınıb.

“Bütün bunlar qeyri-neft sektorunda həyata keçirilən əqdlərin elektron sənədləşməsi səviyyəsinin yüksəldiyini və nəticə etibarilə dövriyyələrin vergidən yayındırılması hallarının miqyasının azaldığını göstərir. Bu proseslərin təsiri nəticəsində bank hesabları üzrə nağdlaşdırılan vəsaitlərin həcminin azaldığı, özəl sektor müəssisələrinin banklardakı cari hesablaşma hesablarının qalığında (milli valyutada) yüksək artım dinamikası müşahidə olunur ki, bu da bank sektorundan keçən dövriyyələrin həcminin artaraq şəffaflaşmasını təsdiq edir”, - deyə nazirlikdən bilidirlib.

Sənaye,
01.11.2019 22:45 22
Teqlər: İqtisadiyyat.Az, sənaye,